Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1555/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki iş yerinə - Ağdam rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayon Təhsil Şöbəsində məsləhətçi ştatının vakant olduğu nəzərə alınaraq 18 dekabr 2012-ci tarixdən onunla 03 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. 18 dekabr 2012-ci il tarixdən 19 mart 2020-ci il tarixə kimi o fasiləsiz olaraq məsləhətçi vəzifəsində işləmişdir. 19 mart 2020-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət etmiş və onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi qərara alınmışdır. İddiaçı öz işinə bərpa olunduqdan sonra 6 ay müddətində orada işləmiş, 17.01.2022-ci ildə onun yenidən işdən çıxarılması ilə bağlı əmr verilmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bununla razılaşmır. Belə ki, o 18 dekabr 2012-ci ildən 19 mart 2020-ci ilə kimi fasiləsiz olaraq işləmiş, qanunvericiliyin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırkı vəziyyətdə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılması qanunsuzdur. Çünki onun müqaviləsi müddətli yox müddətsiz əmək müqaviləsidir. Həmçinin hazırkı vəziyyətdə yəni pandemiya ilə əlaqədar olaraq onun işdən çıxarılması əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı 13.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli, 2(103)- 2822/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3361/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir; Azerbaycan Respublikasının Təhsil naziri X2 ilə İddiaçı arasında 22.07.2021-ci il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, İddiaçı “22” iyul 2021-ci il tarixindən etibarən işə başlamaqla Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.01.2022-ci il tarixli, K-41 saylı əmrinin surətinə əsasən Ağdam rayon Təhsil Şöbəsinin məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24.01.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir; Tərəflər arasında bağlanmış əmək müqaviləsinin "Əmək müqaviləsinə xitam verilməsi” adlanan 9.5.6-cı bəndindən görünür ki, işçi dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdm etmədikdə əmək müqaviləsinə xitam edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı “22” iyul 2021-ci il tarixindən etibarən işə başlamaqla Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə işə götürülmüş və onunla müqaviləsi imzalanmış və həmin tarixdən etibarən İddiaçı işə başlamışdır. Lakin hazırda iddiaçı dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 (altı) ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilməsi şərti ilə əmək müqaviləsi bağlanmasının qanunsuz olduğunu bildirir. İddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ hissəsinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağla məcbur edilə bilməz. 43-cü maddəsinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45-ci madddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46.5-ci madddəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. 47-ci madddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, iddiaçı və cavabdeh arasında müqavilə azadlığı prinsipinə riayət edilməklə əmək müqaviləsi bağlanmış, müqavilə bağlanarkən iddiaçı müqavilənin şərtləri ilə razı olmuş və müqavilənin hər hansı bir bəndinə və ya hissəsinə etirazını bildirməmişdir. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsi məcbur etmənin təsiri altında bağlanmış əqd kimi də qiymətləndirilə bilməz. Göründüyü kimi, əmək müqaviləsi forma və məzmun baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Odur ki, iddiaçının əmək müqaviləsini bağlamağa məcbur olması bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı 22.07.2021-ci il tarixdə Əmək müqaviləsi – «sertifikatı 6 ay müddətinə işəgötürənə təqdm etmədikdə əmək müqaviləsinə xitam edilə bilər» - şərti ilə bağlanmış, İddiaçı həmin sertifikatı təqdim etməmiş, bu səbəbdən onun əmək münasibətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.01.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Buna görə əmək qanunvericiliyinin tələbi pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda göstərilən tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1555/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1555/2022
26.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver