Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1556/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh X2 ilə 22.07.2021-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində bağlanmış nikahın bağlandığı gündə etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə keçən ilin yayında təsadüfən tanış olmuş, qarşılıqlı olaraq mobil telefon nömrələrini bir-birlərinə vermişlər. Bundan sonra tərəflər tez-tez telefon əlaqəsi yaratmış, bir müddətdən sonra cavabdehin təşəbbüsü ilə bir neçə dəfə görüşmüşlər. Söhbət zamanı məlum olmuşdur ki, cavabdeh 27 yaşın içindədir, lakin hələ subaydır. İddiaçı səbəbini soruşanda isə cavabdeh ona bir dəfə nişanlandığını, lakin oğlanın evinin olmaması, həmçinin rayonda yaşadığı üçün nişanı qaytardığını bildirmişdir. İddiaçının harada yaşaması ilə maraqlanmış və özü haqqında ona məlumat vermişdir. Bundan sonra tərəflər müntəzəm olaraq cavabdehin təşəbbüsü ilə müxtəlif yerlərdə görüşməyə başlamış, münasibətləri get-gedə daha da yaxşılaşmağa başlamış, cavabdeh gözlənilmədən ona evlənmək təklifi etmişdir. İddiaçı pandemiya dövründə toy mərasiminin baş tutmayacağını bildirdikdə cavabdeh ona əsas məsələnin nikahı rəsmiləşdirmək olduğunu bildirmiş, sonradan hər şeyin qaydasına düşəcəyini demişdir. Cavabdeh həmçinin bildirmişdir ki, nikaha daxil olandan sonra tezliklə ipoteka götürüb ayrıca mənzil almaq zəruridir. İddiaçı heç nədən şübhələnmədən 22 iyul 2021-ci il tarixdə 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində nikahı rəsmiləşdirmiş, pandemiya ilə əlaqədar toyu sonraya saxlamışdırlar. Bir müddətdən sonra cavabdeh ona bir ailədə yaşamaq üçün mütləq kredit götürüb ayrıca ev almasını bildirmiş, lakin iddiaçının maddi imkanı buna imkan verməmişdir. Cavabdeh nə lazım olsa ona köməklik göstərəcəyini bildirmiş, lakin sonradan ev almaq mümkün olmamışdır. Cavabdeh ona ayrıca ev almasa bir ailədə yaşamağı arzulamadığını demişdir. Bütün bunlardan sonra İddiaçı cavabdehin niyyətinin onunla ailə qurmaq yox, ancaq nikahı rəsmiləşdirib mənzil almaq, sonra qeydiyyata düşüb mənzili ələ keçirmək olduğunu anlamışdır. İddiaçı Cavabdeh bir ailə kimi yaşamağı təklif etsə də, cavab olaraq isə ev alandan sonra bu məsələ barədə fikirləşə biləcəyini bildirmişdir. Cavabdeh əvvəllər də bu məqsədlə bir neçə şəxslə formal nişanlanmış, lakin məqsədinə nail ola bilməmiş, nişanları qaytarılmışdır. Cavabdeh hazırda tək yaşayır, onun məqsədi, niyyəti nikaha girdiyi şəxsdən mənzil əldə etməkdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin dəftərxana vasitəsilə 11.04.2022-ci il tarixində yazılı ərizə təqdim edərək, onlar əvvəllər təsadüfən tanış olmuş, sonradan belə razılığa gəlmişlər ki, iddiaçı ipoteka götürüb ayrıca mənzil alacaq, sonradan ailə quracaqlar. Buna baxmayaraq İddiaçı həmin şərti pozaraq toy etməmiş, nikahı 22.07.2021-ci ildə rəsmiləşdirməyə nail olmuş, sonradan yenə də onun şərtinə əməl etməmişdir. Ona görə də onların münasibətləri ailə qurmamışdan əvvəl kəsilmiş, onlar heç vaxt ər-arvad kimi bir ailədə yaşamamış, bir-birlərinə qarşı heç bir maddi və ya mənəvi iddiaları yoxdur, ayrıca yaşayırlar. Nikah formal xarakter daşıyır, cavabdeh özünə yeni ailə qurmaq istəyir. İddiaçı sonradan onun şərtinə əməl etməyib aldatdığı üçün iddianı qəbul edir. İşə onun iştirakı olmadan mahiyyəti üzrə baxıb nikahın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 28.02.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı, 043769 nömrəli nikah haqqında şəhadətnaməyə (təkrar) əsasən İddiaçı ilə X2 arasında 22.07.2021-ci il tarixdə bağlanmış nikah 1540 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir; Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1965 № ilə qeyd edilmiş Əliyeva (Bayramova) Gülnar Eldar qızının 07.04.2021-ci il tarixli ərizənin məzmununda “Sizin icraatınızda olan İddiaçı mənə qarşı nikahın etibarsız sayılması barədə mülki iş vardır. Bildirirəm ki, nikahın etibarsız sayılmasına etiraz etmirəm, razıyam və mənim iştirakım olmadan qarar qəbul etməyinizi xahiş edirəm“ qeyd edilmişdir . X2 və İddiaçı arasında mediasiya prosesində bağlanmış 23.12.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında 22.07.2021-ci il tarixli 1540 nömrə ilə qeyd olunmuş nikahın pozulması barədə razılığa gəlmişlər; 28.02.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə X2 arasında 22.07.2021-ci il tarixdə bağlanmış nikah 1540 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə istinad etməklə 22.07.2021-ci il tarixdə X2 ilə İddiaçı arasında bağlanmış nikahın etibarsız hesab edilməsini tələb edir, cavabdeh də bu halı qəbul edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25-ci maddəsinə görə isə, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Qnunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. İşin hallarından aydın olur ki, tərəflər könüllülük əsasında sərbəst iradə sərbəstliyini nümayiş etdirməklə rəsmi nikah bağlayaraq qeydə aldırmış və ailə qurmuş, iddiaçı isə nikahın qeydə alındığı vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra ailə qurmaq niyyətinin olmamasının aşkara çıxmasına əsaslanmaqla nikahın etibarsız sayılmasını istəmişdir. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmış, lakin sonradan tərəflərin xarakterlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Göstərilən hallar isə nikahın etibarsızlığının deyil, nikahın pozulmasının əsaslarını təşkil edir. Çünkü qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. İddiaçı tərəf nikaha daxil olarkən ailə qurmaq niyyətlərinin olmadığına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf mahiyyətindəki mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair əsassız olduğundan rədd olunmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia rədd olunsun. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1556/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1556/2022
05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver