Məhkəmə qərarları › İş №2(005)-1611/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1611/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1611/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 5 saylı "Bakı ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-1 ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 ünvan 1 ünvanındakı mənzili almışdır. xx.xx.2020-ci il tarixdə həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (Qeydiyyat nömrəsi **********) alınmışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixədək mənzili tərk etməli və qeydiyyatdan çıxmalı idi. Mənzili aldıqdan sonra iddiaçı mebel və ev əşyalarını həmin yaşayış sahəsinə köçürüb orada yaşamağa başlamışdır. Cavabdehlər ünvanı dərhal tərk etdilər. Cavabdehlərin söhbətindən məlum olmuşdur ki, mənzilin satışından sonra onlar respublikadan kənara gedəcəklər. Beləliklə, artıq 9 aydır ki, onlar alınan mənzildə yaşamırlar və hal-hazırda harada olmaları barədə məlumatım yoxdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri, İcra Hakimiyyəti Aparatı Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 154 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 44 nömrəli arayışından görünür ki, 1976-cı il təvəllüdlü Həsənli X1, 83a saylı evin 38 nömrəli mənzilində üç nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatdadırlar. Nərimanov rayonu Mənzil Kommunal Təsərüffatı Birliyinin 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 18/296 nömrəli 009651 nömrəli arayışından görünür ki, Heydər Əliyev prospekti 76 nömrəli evin 15 nömrəli mənzilində çıxarış qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixdən mənzil yuxarıda göstərilən şəxsin adındadır amma qeydiyyatı yoxdur. Mənzil satılıb. Köhnə sakinlər qeydiyyatda olmaqlarına baxmayaraq bu ünvanda yaşamadıqları qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı, X3, X4, X2, X8, X7, Cavabdeh2, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli AN-İ№0851466 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında müqavilə imzalanmışdır. Alıcı İddiaçı satıcı Cavabdeh1-dan satdığı tam hissəni (70 kv/m) ondan 144.000 manat 00 qəpik (bir yüz qırx dörd min manat sıfır qəpik) qiymətinə aldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 76, 15 nömrəli mənzili İddiaçı 144.000 manata satmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqısatqı müqaviləsindən də göründüyü kimi mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürsələr də, Cavabdeh1 və Cavabdeh2 hal-hazırda mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Bu kontekstdə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 76, 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməli və onlar, müvafiq mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Aleksandrovanın və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 76, 15 saylı mənzilə olan yaşayış sahəsində istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 76, 15 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar