Məhkəmə qərarları › İş №2(005)-1618/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1618/2022

16.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1618/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında olan 11.11.2019-cu il tarixli əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “X2' MMC arasında 11.11.2019-cu il tarixində əmək müqaviləsi bağlanılmış və həmin tarixdən etibarən o, adıçəkilən şirkətdə qeydiyyatçı menecer vəzifəsi üzrə işləməyə başlamışdır. Keçən il, cari pandemiya başlandıqdan sonra onlar bir müddət işə çıxmamış və elə bir müddət sonra da şirkət fəaliyyət göstərdiyi ofisi mülkiyyətçiyə təhvil vermişdir. Daha sonra isə şirkətin təsisçisi və direktoru Oman Sultanlığı vətəndaşı X5 Abdullah Hassan ilə heç bir əlaqə saxlamaq mümkün olmamışdır. Bildiyi qədərilə onun öz ölkəsində baş vermiş müəyyən iqtisadi cinayətlərlə bağlı ekstardisiya olunmasına dair Azərbaycan Respublikasında müvafiq hüquqi tədbirlər görülməkdədir. Hazırda şəxsin yeri qeyri-müəyyəndir. O, polis axtarışındadır. Müvafiq şirkətlə bağlanmış əmək müqaviləsinin elektron informasiya sistemində hələ də qüvvədə olması onun üçün yeni iş yeri ilə əmək müqaviləsi bağlamağına mane olduğundan o, artıq bir neçə aydır ki,faktiki işsizdir. Bununla bağlı X3 xidmətinə də yazılı müraciət etmiş ancaq onlar tərəfindən əmək müqaviləsinə xitam verilməsindən müvafiq halın araşdırılmasının mümkün olmaması səbəbilə imtina edilmişdir. Eyni zamanda tövsiyə olunmuşdur ki, müvafiq əmək müqaviləsinə xitam verilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunsun və X1 müvafiq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunması üçün lazımi prosedur addımlar atılsın. Nəzərə çatdırmaq istəyir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1məyə qədər mediasiya vasitəsilə mübahisəninin həllinə çalışmışdır. Lakin Cavabdeh MMC tərəfindən heç bir cavab alınmamış, nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu barədə mediator arayış vermişdir. Beləliklə, bir vətəndaş olaraq onun əmək hüquqları pozulmuşdur və pozulmağa davam edir. Heç bir yerdə əsas iş yeri üzrə rəsmi qaydada əmək müqaviləsi bağlaya bilmir. Çünki, cavabdehlə aktiv əmək müqaviləsi sistemdə görünür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05.03.2022-ci il tarixli, MŞB/3- 00217 saylı Mediasiya Şurasının arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 18.11.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubda qeyd olunur: Adınıza aktiv əmək müqaviləsinin olması barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs “X4” MMC-nin ünvanına (ünvan 2b göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciotdo gösterilən halın yerində araşdırılması mümkün olmamışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda məlum edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidnəti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı işəgötürən Cavabdeh MMC ilə aralarında əmək müqaviləsi bağlanılmışdır. Daha sonra isə İddiaçı həmin işdən çıxmışdır. Lakin İddiaçınun adı elektron informasiya sistemində hələ də Cavabdeh MMC-nin işçisi kimi qalmaqdadır. Cavabdeh şirkət isə hazırda fəaliyyətini dayandırdığından iddiaçının cavabdeh cəmiyyətə etdiyi müraciətləri cavabsız qalmışdır. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsini tapmaqda çətinlik yaranıb. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçınun “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi qismən əsaslıdır, qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, lakin əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi X3 Xidmətinə deyil, Cavabdeh MMC-yə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh MMC -yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar