Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1626/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin müvafiq əmrlə rəsmiləşdirilməsi və bu barədə müvafiq məlumatın cavabdehə məxsus gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə (e-gov) daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq işəgötürən X2 xx.xx.2013-cü il tarixli, 46-K nömrəli əmri ilə “kompüterdə iş üzrə mütəxəssis” vəzifəsinə təyin olunmuşdur. Bir müddət həmin vəzifə üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, əmək funksiyalarını yerinə yetirmişdir. Təxminən 2018-ci il tarixdə tərəfindən cavabdehə öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək niyyətində olduğu bildirilmiş, ondan əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin hazırlanması və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi tələb edilmişdir. Lakin cavabdeh həmin vaxtdan bura əmək müqaviləsinə xitam verilməsini özünün müvafiq əmri ilə rəsmiləşdirməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı elektron informasiya sisteminə daxil etməkdən imtina etmişdir. Cavabdeh öz imtinasını bununla əsaslandırmışdır ki, hazırda həm şirkət öz fəaliyyətini dayandırmışdır, həmçinin özü Türkiyə Respublikası ərazisindədir və xaricdə olduğu müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin hazırlanması və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkün deyildir. Məsələ ilə əlaqədar tərəfindən ƏƏSMN yanında X3 müraciət edilmiş, ƏƏSMN yanında X5 Xidmətinin 07 dekabr 2022-ci il tarixli, **********2 saylı cavab məktubu ilə bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 səlahiyyətləri xaricindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-də kompüter mütəxəssisi vəzifəsinə təyin edilmişdir; Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" ASC-də xx.xx.2012-ci il tarixindən kompüterdə iş üzrə mütəxəssis vəzifəsində çalışır. Aylıq əmək haqqı 105 manat təşkil edir; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir və məhkəməyə müraciət etmək tövsiyyə olunur; Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASCnin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş mediasiya prosesində iştirak etməmişdir; Kommersiya qurumlarının dövlət reyestr məlumatlarının çıxarışından görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1 təmsilçisi X4r; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Neft-Qaz Tikinti Quraşdırma-1" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və rəhbərinin X6 olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2019-cu il tarixdən hazırki dövrədək dayandırılması barədə qeyd aparılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdən "xxxx" ASC-yə aylıq əmək haqqı 105 manat olmaqla kompüterdə iş üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş və əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlansa da, sonradan onlar arasında mövcud olmuş işçi-işəgötürən münasibətləri kəsilmiş, əmək müqaviləsi formal olaraq qüvvədə saxlanılmışdır. Bir müddət sonra iddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək niyyətində olduğunu bildirmiş, lakin işəgötürən əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin hazırlanması və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi tələbini yerinə yetirməmişdir. Cavabdehin fəaliyyəti xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır. Hazırda iddiaçı əmək müqaviləsinə rəsmi qaydada xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin müvafiq sistemə daxil edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Bu Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən bir neçə iclas keçirilməsinə və cavabdehlərin lazımi qaydada məlumatlandırması üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün tədbirlərin həyata keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi əsası ilə) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə uyğun olaraq isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1626/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1626/2023
12.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver