Məhkəmə qərarları › İş №2(005)-1633/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1633/2022

10.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1633/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “sosial sığorta ödənişlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə ona aid sosial sığorta ödənişlərinin hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına cavabdeh fiziki şəxs Cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuş və 1974-cü ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2011-ci il tarixdə fiziki şəxs Cavabdeh tərəfindən "Vinni Kulinariya”ya xadimə kimi 012 saylı əmrlə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə uyğun olaraq 019 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki xx.xx.2017-ci il tarixdə o işdə olarkən infarkt keçirmiş və həmin gün X9 yerləşdirilmişdir, 13 gün müalicədə olmuş və 18 gün isə Ak.C.Abdullayev adına X4 İnstitutunda müalicədə olmuş, işdən azad edilməklə bağlı ərizə verməmişdir. İddiaçı xəstəxanaya yerləşdirildiyi gün işdən azad edilmişdir. Göründüyü kimi onun hüquqları və əmək qanunvericiliyi kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, ona əmək pensiyası təyin edilməsi ilə bağlı müvafiq sənədləri toplayaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmiş, lakin ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Verilmiş cavabdan məlum olmuşdur ki, işəgötürən tərəfindən sosial sığorta ödənişləri qətiyyən həyata keçirilməmişdir və bu da iddiaçının əmək pensiyası alması üçün sığorta stajı olaraq hesablanmamışdır və o əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. İşəgötürən tərəfindən onun işə qəbul edilməsi və işdən çıxarılması sənədləşdirilsə də, sosial ödənişlərin həyata keçirilməməsi ilə bağlı ciddi qanun pozuntusuna yol verilmişdir. Göründüyü kimi cavabdehin sosial sığorta haqqını ödəməməsi səbəbindən iddiaçı yaşa görə əmək pensiyası almaq hüququndan məhrum edilmişdir. Sosial sığorta ödənişləri cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməlidir və bu iddiaçının yaşa görə əmək pensiyası almağım üçün vacibdir. O, mediasiyaya müraciət etmiş, 15 fevral 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir və mediasiya ilə bağlı 50 manat ödəniş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasını, iddia tələbinin dəqiqləşdirməsi barədə yazılı ərizə yazmağa etiraz etdiyini bildirmişdir. Məhkəmənin iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etmədiyini, rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək, yazılı etiraz təqdim edərək, bildirmişdir ki, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin iş materiallarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən təqdim edilmiş 24 may 2022-ci il tarixli **********7 nömrəli sorğuya cavab məktubunda Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər hansı sığortadan tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmadığı qeyd edilmişdir. Həmçinin İddiaçı tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə 012 nömrəli əmr ilə “Vinni Kulinariya”da xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə 019 nömrəli əmr ilə Fiziki şəxs VÖEN (**********) Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun məzmununda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 1 saylı “ASAN" Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ıl iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1988-ci il tarixində tərtib edilmiş İT-İ № ******* saylı əmək kitabçanızın surətinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajınız 15 il 9 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır” göstərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun məzmununda “Fiziki şəxs Cavabdeh tərəfindən əmək hüquqlarınızın pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bildirir ki, Fiziki şəxs Cavabdeh tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş cavab məktubu və əlavə olunmuş sənədlərdən müəssisəyə məxsus bütün sənədlərin itirildiyi və bu səbəbdən qəzetdə olan verildiyi məlum olmuşdur. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ni maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə biləcəyini nəzərə alaraq və əmək müqavilənizə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi ilə bağlı inzibatı xətanın törədildiyi gün 30.11 2011-ci il tarixə təsadüf etdiyindən fiziki şəxs Cavabdeh inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz Sosial sığorta ödənişlərinin Sizə ödənilməməsi ilə əlaqədar aranızda yaranmış mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etmək hüququnuz vardır” göstərilmişdir; “Elektron Məhkəmə Sistemi” vasitəsilə əldə olunmuş məlumatın surətinə əsasən Fiziki şəxs Cavabdeh VÖEN (**********) xx.xx.2018-ci il tarixdən verilib, aktivdir və ünvan 2 ünvanıdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən imzalanmış xidməti məktubun surətində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialından daxil olmuş sığortaolunan, İddiaçı (SSN: **********382) ilə bağlı müraciətə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Məlumat üçün bildiririk ki, Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika" bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Vinni Kulinariya” firmasının rekvizitləri (SUN və ya VÖEN) qeyd edilmədiyindən müraciətin araşdırılması tərəfimizdən mümkün olmamışdır. Qeyd etmək istəyirik ki, tərəfimizdən işçi qaydada məktubu icra edən Təranə Hətəmova ilə əlaqə saxlanılmış və o, danışıq zamanı “Vinni Kulinariya” firmasının rekvizitləri haqqında məlumatın olmadığını bildirmişdir” göstərilmişdir; Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehi əsil cavabdehlə əvəz etməsi təklif olunmuş, lakin iddiaçı buna razı olmamış, ərizəsini verilmiş tələb və tərəflərlə baxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, fiziki şəxs olaraq Cavabdeh vergi ödəyşcisi kimi qeydiyyatdan xx.xx.2018-ci il tarixdən etibarən keçmiş, İddiaçı qeyd olunan şəxslə əmək müqaviləsi bağlaması aşkar olunmamışdır. Dtgər tərəfdə əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən aşkar olunmuşdur ki, İddiaçı "Vinni Kulinariya”ya xadimə kimi işə qəbul edilmişdir. Əmək kitabçasında İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək işləməsinə dair qeyd olsa belə, üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi buna dair əmək müqaviləsi bildirişinin elektron sistemdə aşkar olunmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, iddiaçı işə götürüldüyünü iddia etdiyi "Vinni Kulinariya”ya qarşı tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. Hazırki mülki iş üzrə iddiaçının tələbinin qaraşdırmağını zəruri hesab etmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “sosial sığorta ödənişlərinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “sosial sığorta ödənişlərinin ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar