Məhkəmə qərarları › İş №2(005)-1637/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1637/2023

19.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1637/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzildən pasport qeydiyyatından çıxarılmalarının Nərimanov rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nun ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nun ona məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzilə sahib olmuş, həmin ünvan adına DƏDRX tərəfindən **********51-05101-093145 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Köhnə ev sahibi Cavabdeh1 (xx.xx.1965), onun övladları Cavabdeh2 (xx.xx.1991) və Cavabdeh3 (xx.xx.1990) ünvanın alqı-satqısında razılıq verməsinə baxmayaraq ünvandan yaşayış yeri üzrə qeydiyyatından çıxmırlar. Həmin şəxslərlə ancaq alqı-satqı prosesində rastlaşmış, heç birini tanımır və onlarla hər hansı qohumluq əlaqələri yoxdur. Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, X1 pasport qeydiyyatında qalması onun və ailə üzvlərinin hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətində olan mənzillə bağlı sərəncam vermək hüququ məhdudlaşır. Həmin şəxslərə görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Həmçinin, bu qədər şəxsə ünvanlanan poçt göndərişlərinin o və ailə üzvləri tərəfindən qəbul edilməsi şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qanunvericiliyin tələblərinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyətləri daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir; Azərbaycan Respublikası DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; “Satıcı” Cavabdeh1 ilə alıcı “alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2022 il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzili “alıcı”-ya 51500 manat dəyərində satmışdır; Cavabdeh2 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində yazdığı ərizənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, mənzil 113 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini qeyd edilmişdir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və passport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür; Cavabdeh3 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində yazdığı ərizənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, mənzil 113 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini qeyd edilmişdir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və passport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür; AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, mənzil 113 ünvanında qeydiyyatdadılar. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdehlər isə həmin mənzilin keçmiş sakinləri olmuş və mənzil iddiaçıya satılan zaman mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, mənzilin köhnə sahibi satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvüləri bu günə kimi qeydiyyatdan çıxmamışdır. Cavabdehlər hazırda başqa ünvanda yaşayır. Cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzilində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərin mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzilində qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 37, 113 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar