Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1658/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən əsassız ödənilmiş 11390 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzil onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxanşda qeyd olunan mənzilin ümumi sahəsi 70 kv.m olması müəyyən edilmişdir. Lakin onunla "xxxx" KB ASC-nin Nərimanov filialı arasında bağlanmış xx.xx.2006-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesinin Şərq hissəsində yerləşən blok 2, mərtəbə 5, sahəsi 83.4 kv.m olan 3 otaqlı 21 saylı mənzilə dair müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə öhdəliyi tam olaraq yerinə yetirmiş və xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Mənzilə dair xx.xx.2007-ci il tarixdə "xxxx" ASC tərəfindən sertifikat verilmiş və həmin sertifikatda da, mənzilin ümumi sahəsi 83.40 kv.m, yaşayış sahəsi 48.75 kv.m və qeyri-yaşayış sahəsi 34.65 kv.m olması qeyd edilmişdir. O, 2007-ci ildən 2019-cu ilədək ümumi sahəsi 83.40 kv.m olan mənzilə dair hər kv.m 850 manat olmaqla, ümumilikdə 70890 manat ödənişi tam olaraq yerinə yetirmişdir. Lakin çıxarış aldığı zaman, mənzilin ümumi sahəsinin 70 kv.m olması müəyyən edilmiş və müqavilədə qeyd olunan 13.40 kv.m hissəyə dair ödənişi həyata keçirsə də, cavabdeh həmin məbləği əsassız olaraq hesablamış və 11390 manat ödənişi əsassız olaraq ödənilməsinə səbəb olmuşdur. Cavabdeh "xxxx" ASC ilə bağlanmış müqaviləyə əlavə edilmiş xx.xx.2009-cu il tarixli akt əsasında ümumi sahəsi 83.40 kv.m olan mənzilin təhvil verilməsi qeyd edilmiş və həmin vaxt mənzilin ümumi sahəsini ölçməyə texniki imkanı olmadığından, mənzilin sahəsinin 70 kv.m olması barədə məlumatsız olmuşdur. Onunla "xxxx" ASC arasında müqavilə xx.xx.2006-cı il tarixdə bağlanmış və cavabdeh, yəni icraçı ümumi sahəsi 83.40 kv.m olan mənzili təhvil verməli olduğu halda, müqavilədə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirməmiş, təhvil verdiyi mənzilin ümumi sahəsi 83.40 kv.m deyil 70 kv.m olması müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulmuş 13.40 kv.metr hissənin dəyərini tam olaraq ödəsə də, mənzilin ümumi sahəsi artıq hesablandığından, hesablanmış 11390 manat məbləğin geri qaytarılmalıdır. Tələb etməyinə baxmayaraq, cavabdeh əsassız aldığı məbləği geri qaytarmaqdan imtina etdiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlamiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən xx.xx.2006-cı il tarixli, 516 saylı alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin Şərq hissəsində yerləşən blok 2, mərtəbə 5, sahəsi 83,4 kv metr olan 3 otaqlı 21 saylı mənzili almışdır. Mənzillərin sahəsinin ölçülməsi, hesablanması qaydaları müxtəlif dövrlərdə fərqli olmuşdur. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları hazırda dəyişdiyinə görə alqı satqı müqavilərində göstərilən mənzillərin sahələrinin ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmir. Hazırda mənzillərin sahəsi bu gün qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar(verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçının mənzil aldığı bina layihə əsasında inşa edilmiş, Bakı şəhəri İcra hakimiyyəti tərəfindən 2013-cü ildə təsdiq olunmuşdur. Mənzilin sahəsi o dövrdəki ölçmə qaydaları əsasında hesablanaraq 83,40 kv.m müəyyən edilmişdir. Bina layıhəyə uyğun tikilmiş, müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzil xx.xx.2009-cu il tarixdə iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını imzası ilə də təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2007-ci il tarixli, 380AKN/07 nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, “borcverən” "xxxx" KB ASC 25499,03 manat məbləğində krediti 172 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək “borcalan” İddiaçı verir və sonuncu müəyyən olunmuş müddətdə krediti faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təyinatı “X2” MMC tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin şərq hissəsi ünvanında inşa etdiyi yaşayış binasının 5-ci mərtəbəsində, 2-ci blokunda yerləşən və ümumi sahəsi 83.40 kv.m təşkil edən 3 otaqlı mənzilin alınması qeyd edilmişdir; Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış AMS seriyalı, 001854 nömrəli Mənzil Sertifikatının surətindən görünür ki, “X2” MMC tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin şərq hissəsi ünvanında inşa etdiyi yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 83.40 kv.m təşkil edir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 70 kv.m təşkil edir. Daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; “Akkord” Şirkətlər Qrupunun xx.xx.2009-cu il tarixli aktının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi 7-ci km, 2-ci blok, 5-ci mərtəbə, sahəsi 83.40 kv.m olan mənzil alıcı İddiaçı təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən ASC Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərçiyi” yaşayış kompleksi, ev 1, 71 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 83.40 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri alıcı tərəfindən ASC-yə tam ödənilmişdir. Qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 70 kvadrat metr olması qeyd edilmişdir. Hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir; 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər; 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Tərəflər arasındakı mövcud hüquq münasibətlərinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, bu münasibətlər onlar arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən satıcı "xxxx" ASC ümumi yaşayış sahəsi 83.40 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı satdığı mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya verməyi öhdəsinə götürmüşdür. Tərəflər mənzilin müqavilə ilə nəzərdə tutulmuş müddətdə təhvil verilməsini mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmasına baxmayaraq, bu müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı qismində çıxış edən MMC layihə sənədlərinə uyğun olaraq tikinti işlərini keyfiyyətlə yerinə yetirməyi və mənzili tikərək alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də, hazırkı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtləri baxımından, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Yuxarıda qeyd edilən tələblər baxımından qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini təsdiq edən kifayət qədər sübutlar təqdim etmişdir. Bununla yanaşı, müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 14 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra on il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi tələb hüququnun qüvvəsini itirməsi ilə nəticələnir (MM 551.1). Bu zaman məhkəmə iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair Çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, həmin mənzili təmir etməklə orada yaşayır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını yoxlaya bilərdi. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Yuxarıda göstərilənlərdən bu qənaətə gəlmək olur ki, iddiaçı 2009-cu illərdə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş ziyanı tələb etmək hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən, eyni zamanda iddianın təmin edilməsi üçün möhtəbər sübutlar təqdim olunmadığından, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(005)-1658/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1658/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver