Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-166/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə onun arvadı Cavabdeh2 12.000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki 4 otaqlı evindən xx.xx.2014-cü il təvəllüdlü övladı X12 ilə birgə istifadə hüquqlarına xitam verilməsi, onlara başqa yaşayış sahəsi təqdim etmədən həmin yaşayış sahəsinin boşaldılması və onların azyaşlı uşaqları ilə birgə həmin yaşayış sahəsindən əşyaları ilə birgə çıxarılaraq köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdehlərə təklif olunan kompensasiya məbləğinin 12 min manatdan 18 min manata dəyişdirərək, onların xx.xx.2022-ci ildə doğulmuş övladları X5 da istifadə hüququna xitam verilməklə iddia tələbindəki son məzmunda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam payla iddiaçıya məxsusdur. Bunu Az. Res. ƏMDK-nin DƏDRX-nin ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* №-li çıxarış da təsdiq edir və bu əmlakı reyestr №-si **********92-10301, qeydiyyat №-si ********** olmaqla Daşınmaz əmlakın dövlət reyestrində 463 №-li reyestr kitabının 43409 №-li vərəqində qeydiyyata alınmışdır. Bu evdə iddiaçı valideyinləri ilə birgə 1989-cu ildən başlayaraq yaşamışdır. Hal-hazırda isə bu evdə iddiaçı, həyat yoldaşı X13, oğlu Cəfərov Elbrus, qızları Cəfərova Sevil və Cəfərova Zəhra ilə birgə yaşayırlar. Digər qardaşı X6, onun həyat yoldaşı Cəfərova Mətanət və onların övladları: xx.xx.2000-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 özlərinə məxsus başqa bir ünvanda yaşayır. Eləcə də digər qardaşı Cavabdeh1 və onun 2-ci həyat yoldaşı Cavabdeh2 ilə bu ünvandakı evdə yaşayırlar. Onu da qeyd edir ki, xx.xx.2017-ci ildə anası X7 vəfat etdikdən sonra xx.xx.2017-ci ildə 5 saylı Bakı “Asan Xidmət" mərkəzində istər Arzuman və istərsə də Cavabdeh1 özlərinə düşən miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər və həmin vaxtda bildirmişdilər ki, özlərinin ayrıca ev-eşikləri olduğu üçün xx.xx.2018-ci ildən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan bu evimin pasport qeydiyyatından özlərinin azyaşlı uşaqları da daxil olmaqla ailəvi çıxacaqlar və ayrı yaşadıqları evlərinə pasport qeydiyyatına düşəcəklər. Həmin vaxtdan indiyədək iddiaçı onlara evinin qeydiyyatından çıxmalarından ötrü dəfələrlə müraciət etmiş, lakin onlar verdikləri sözlərinə əməl etmir və süründürməçiliklə məşğul olurlar. Odur ki, onunla bir damın altında yaşamaq mümkün deyildir. Odur ki, iddiaçı onların pasport qeydiyyatından azyaşlı uşaqları ilə birgə çıxarılmalarından ötrü xx.xx.2021-ci il tarixli ərizəsilə Bakı şəhəri Nərimanov RPİ- nə müraciət etmişdir. Həmin idarədən poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə aldığı xx.xx.2022-ci il tarixli 078-338C-3222 saylı məktubla iddiaçıya imtina cavabı verildi və həmin məktubda qeyd olunur ki, vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri polis orqanının səlahiyyətində olmadığından bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməkləri məqsədəmüvafiqdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözü gedən ev tərəflərin anaları Dilarə Cəfərovadan miras qalmışdır və qardaşlar öz aralarında müəyyənləşdirmişlər ki, ev iddiaçının adına keçsin və bunun nəticəsində də qardaşlar həmin mənzildən iddiaçının xeyrinə imtina etmişlər. Lakin həmin ərizədə qeydiyyatdan çıxacaqlarını göstərməmişdirlər. Hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.1989-cu il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla yaşayır və bir gün də olsa yaşayış yerin tərk etməyib, iş materiallarından da görünür ki, bir ünvan olsa da, orada iki ayrı-ayrı çıxışı olan mənzillər mövcuddur və hər iki qardaşın özünün ayrıca kommunal xidmətləri və ayrıca giriş-çıxışları var. Mühəndis-texniki eskpertizası nəticəsində müəyyən olmuşdur ki, hüquqlarını müdafiə etdiyi şəxsin istifadəsində olan fərdi-yaşayış evi tam şəkildə iddiaçıya məxsus çıxarışda göstərilən yaşayış sahəsi əhatə olunmur və çıxarışda əlavə tikililər var. Qarşı tərəf bildirir ki, o hissələr sonralar tikilib və texniki pasporta uyğun deyil və belə olan təqdirdə iddiaçının çıxarışa əsas subyektiv hüququ mövcud deyil ki, onu oradan çıxarsın. Cavabdeh 1989-cu ildən həmin mənzildə yaşadığına görə bu məsələyə 2000-ci ildən əvvəl mövcud olmuş Mənzil Məcəlləsi tətbiq olunmalıdır, çünki xx.xx.2001-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında da qeyd olunmuşdur ki, əgər xx.xx.2000-ci ildən sonra yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi, həmin vaxta qədər yaranmış münasibətə isə Mənzil Məcəlləsinin 223-cü maddəsi şamil olunur. Hazırda ona görə qüvvədə olmayan Mənzil Məcəlləsinə istinad edir ki, orada göstərilir ki, icarədarın ailə üzvləri kimlər sayılır: ər, arvad, uşaqlar, valideyinlər, birdə icarədarın razılığı ilə oraya köçürülmüş şəxslər və onlarda oradan bərabər şəkildə istifadə hüququna malikdirlər. Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilir ki, əgər şəxs 6 ay müddətinə yaşayış yerini tərk etməyibsə istifadə hüququ saxlanılır və cavabdeh də bir gündə olsa belə yaşayış yerini tərk etməyib, hətta yeni doğulmuş övladı var. Göstərilən 12.000 manat kompensasiya məbləği ilə cavabdeh ailəsi ilə birgə harada yaşamalıdır, daha sonra mübahisələndirirlər ki, vərəsəlik qaydada mülkindən imtina edib, amma Mülki Məcəllənin 158.4-cü maddəsində qeyd olunub ki, mülkiyyətçinin dəyişməsi digər əmlak hüquqlarının xitamına səbəb olmur. Digər bir məsələ isə Cavabdeh2 yəni cavabdehin arvadının həmin mənzilə köçürülməsidir. Tərəflərin nikahları 2001-ci ildən sonra yəni 2019-cu ildə bağlandığına görə qüvvədə olan Mənzil Məcəlləsi 30.4-cu maddəsi şamil olunur. Həmin şəxs mülkiyyətçinin razılığı ilə mənzilə köçürülüb və hazırda da ailə münasibətlərinə xitam verilməyib. Həmçinin qiymətləndirmə tərəfin xəbəri olmadan keçirilib və hətta onun mənzilinə baxış keçirilməyib. Əvvəlki ekspertizada göstərilirdi ki, iddiaçıya məxsus ümumi yaşayış sahəsi 205 kv.m ibarətdir, lakin sonuncu rəydə çıxarışda qeyd olunan sahəyə uyğun qiymətləndirmə aparıblar. Likvid dəyəri və icarə haqqıda olduqca aşağı qiymətləndirilib. Cavabdeh hazırda orada arvadı və yeni doğulmuş övladı ilə birgə yaşayır. İddiaçı tərəfindən təklif olunan 18.000 manatla bir ailənin özünə yaşayış qura bilməsi qeyri-mümkündür və hesab edir ki, bu məbləğ təxminən 80.000 manat civarında olmalıdır ki, şəxs özünə bir yaşayış yeri ala bilsin, hazırda cavabdehlər 80.000 manat tələb edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının və cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən notariat qaydada verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum anası X1 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından İddiaçı xeyrinə imtina edir və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İş materiallarında olan X6 tərəfindən notariat qaydada verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum anası X1 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından İddiaçı xeyrinə imtina edir və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resystri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən İddiaçı tam payla xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyəti daxilində olmadığından pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılmasının onlar tərəfədinən mümkün olmadığı, odur ki məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında 14 iyun 2005-ci il tarixdən qeydiyyatdadır. Ünvanda qeydiyyatda olan digər şəxslər X6, X14, X8, X13, X9, X15, X16, X17, Cavabdeh1, X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ƏEM/İ 28- 435/22 saylı 14 iyun 2022-ci il tarixli daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə arayışdan görünür ki, ünvan 3 ünvanı və yaxın ətraf ərazidə yerləşən orta təmirli, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 14 iyun 2022-ci il tarixinə 200 – 250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 18 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 027370 saylı Arayışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında pasport qeydiyyatındadır. xx.xx.1989-cu il tarixdən bu ünvanda qeydiyyatdadır və hal-hazırda bu ünvanda yaşayır. Yoldaşı Cavabdeh2 Fəxrədd qızı qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 377276 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X3 arasında 03 dekabr 2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 803841 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/7323 saylı 01 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 yaşadığı yaşayış evinin daxilində yerləşən bir otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m təşkil etdiyi müəyyən edilir. Qeyd olunur ki, Cavabdeh1 yaşadığı yaşayış evinin əlavə inşa olunmuş tikililəri ilə birlikdə 51,3 kv.m təşkil edir. ünvan 3 ünvanında yerləşən İddiaçı yaşadığı yaşayış sahəsinin texniki pasportda öz əksini tapan tikililərin ümumi sahəsi 63,6 kv.m, texniki pasportda öz əksini tapmayan (əlavə inşa olunmuş) tikililərin ümumi sahəsi 205,1 kv.m təşkil etdiyi müəyyən edilir. ünvan 3 ünvanında yerləşən Cavabdeh1 yaşadığı yaşayış sahəsi olan 2 otaq və 1 mətbəxdən ibarət yaşayış sahəsi AR ƏMDK DƏDRX tərəfindən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş daşınmaz əmlakın ümumi sahəsi olan 109,0 kv.m evin 45,4 kv.m (otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m) təşkil etdiyi müəyyən edilir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi texniki pasportun məlumatlarına uyğun gəlmədiyi və texniki pasportda qeyd edilməyən tikililərin mövcud olduğu müəyyən edilir. İş materiallarında olan “B+Ş Audit” Konsaltiq MMC-nin A-02/48 saylı 08 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evinin bir hissəsinin (45.0 kv.m - 2 otaq) mövcud aylıq icarə haqqı 29 aprel 2023-cü il tarixə 500 manat məbləğində təşkil edə bilər. Fərdi yaşayış evinin 3 illik dövr (2023 aprel – 2026 aprel) ərzində ümumi icarə haqqının dəyəri 18000 manat təşkil edə bilər. İş materiallarında olan “B+Ş Audit” Konsaltiq MMC-nin A-02/49 saylı 08 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evinin 06 may 2023-cü il tarixə bazar dəyəri 140000 manat məbləğində müəyyən edilmişdir, likvid dəyəri isə 130000 manat məbləğində təşkil edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olumuşdur ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzil hazırda iddiaçının mülkiyyətindədir və iddiaçının qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır, iddiaçı xüsusi mülkiyyətində olan həmin mənzildən qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüquqlarına kompensasiya ödənilməklə çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tələb üzrə müvafiq hüquqi qiymətləndirilmənin aparılması zamanı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması araşdırılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzil iddiaçının və Cavabdeh1 anası mərhum X4 məxsus olmuşdur, Cavabdeh1 doğulduğu vaxtdan həmin ünvanda yaşamış, xx.xx.1989-cu il tarixdə mənzilə daimi qeydiyyata düşmüşdür. Həmçinin digər Cavabdeh2 Cavabdeh1 ilə 03 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür və hazırda faktiki olaraq həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşayır. İşin hallarından göründüyü kimi cavabdehlərin mülkiyyətçinin ailə üzvü olaraq mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Hazırda tərəflər arasında yaranmış mübahisənin həll edilməsi üçün məhkəmə araşdırması Mülki Məcəllənin 228-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq müəyyənləşdirilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi cavabdehlərin yaranmış istifadə hüquqlarının xitamı şərtli olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən təyin olunmuş kompensasiya məbləğinin cavabdehlər tərəfindən qəbul edilməsi halında onların istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi göstərilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; - evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); - istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; - kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq,məhkəmə araşdırması zamanı mənzilin bazar qiymətini müəyyən etmişdir. İş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, mənzilin bazar dəyəri 140000 manatdır. Bu səbəbdən də məhkəmə tərəfindən mənzilin müəyyən edilmiş dəyərinə mütənasib olaraq cavabdehlərə ödənilməli kompensasiya məbləğini cəmi 80.000 manat müəyyən etmişdir. Qeyd olunan kompensasiya məbləği müqabilində cavabdehlər mənzildən çıxmağa razı olmalarına baxmayaraq iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini yüksək olması səbəbindən ödəməkdən imtina etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında yaranmış tənzimləyən maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbini əsassız hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/7323 saylı 01 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzilə əlavə tikililər inşa olunduğu, həmin tikililərin ünvan üzrə texniki pasportda öz əksini tapmaması, yəni özbaşına tikili olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının yalnız ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan hissəyə mülkiyyət hüququ tanınmışdır və özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, iddiaçı əşyanın mülkiyyətçisi kimi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Göründüyü kimi iddiaçının yalnız ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan hissəyə mülkiyyət hüququ vardır ki, bu da onun yalnız 109 kv.m sahəyə daxil olan əmlaka (cavabdehlərin faktiki yaşadığı 45.4 kv.m sahəyə dair) mülkiyyət hüquqlarını mümkün edir. Yəni, iddiaçının mülkiyyət hüququ ünvan 6 ünvanında yerləşən 109 kv.m sahə ilə məhdudlaşır və həmin mənzilə tikilmiş əlavə - özbaşına tikililəri əhatə etmir. Beləliklə iddiaçı özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməməklə, cavabdehlərin həmin sahədən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciəti əssasızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 ilə onun arvadı Cavabdeh2 18.000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki 4 otaqlı evindən xx.xx.2014-cü il təvəllüdlü övladları X12 və xx.xx.2022-ci il təvəllüdlü X10 ilə birgə istifadə hüquqlarına xitam verilməsi, onların azyaşlı uşaqları ilə birgə həmin yaşayış sahəsindən əşyaları ilə birgə çıxarılaraq köçürülmələri” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-166/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-166/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver