Məhkəmə qərarları › İş №2(005)-1677/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1677/2021

27.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1677/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona töhmət verilməsi barədə 07 yanvar 2021-ci il tarixli əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdehndə elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki vəzifəsində çalışır. İddiaçıya 07 yanvar 2021-ci il tarixində əsassız olaraq intizam tənbehi kimi töhmət verilmişdir. Bu töhmətin qanunsuz olduğunu və bu səbəbdən etibarsız hesab olunmalı olduğunu bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ona töhmət verilməsi barədə 07 yanvar 2021-ci il tarixli əmri qanunsuzdur. Belə ki, 08 yanvar 2021-ci il tarixində DNŞ-nin Cavabdehndən zəng etmiş və ona həmin əmrin surətini göndərmişlər, həmin sms telefonunda mövcuddur. Hesab edir ki, ona töhmət verilərkən böhtan xarakterli həqiqətə uyğun olmayan məlumatlar əksini tapdığından etibarsız sayılmalıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia müddətinin tətbiq olunması barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı Abbas oğlunun Cavabdeh tərəfindən verilmiş 07 yanvar 2021-ci il tarixli əmrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-151-ci maddələrinin tələblərinə uyğun olaraq icraata qəbul edilmişdir. Hazırki vəziyyətdə iddia müddəti ötürülmüşdür. İddia müddətinin ötürülməsi barəsində ərizə ilə məhkəməyə müraciət etmələrinin qətiyən hər hansısa bir şəkildə iddianı qəbul etməmələri anlamına gəlmədiyini bildirmişdir. Belə ki, qarşı tərəfin iddiasının əsassız olmasını sübut etməklə bərabər hazırki ərizə ilə də müraciət etmək hüquqlarının olduğundan bu hüquqdan da istifadə etməyi vacib hesab edirlər. İddiaçı Abbas oğlu tərəfindən Cavabdehnə qarşı 07 yanvar 2021-ci il tarixli intizam əmrinin etibarsız hesab olunması tələbinə dair olan iddianın müddətinin iddiaçı tərəfindən ötürüldüyündən rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh 13 noyabr 2020-ci il tarixli “işçilərin qrup halında ödənişli məzuniyyətə göndərilmələri haqqında” əmr-qərara dəyişiklik edilməsi haqqında əmrinin surətinə əsasən böyük mexanik vəzifəsində çalışan işçilərin siyahısı üzrə 232-ci sırada olan İddiaçı boşdayanmaya göndərilmişdir. Cavabdeh 07 yanvar 2021-ci il tarixli “intizam tənbehinin verilməsi barədə” əmrinin surətində “ Cavabdeh Logistika bölümünün rəis müavini Z.Alisultanov SOCAR**********30340381X00041 nömrəli, 30.12.2020-ci il tarixli xidməti yazı ilə Trest rəhbərliyinə müraciət edərək bildirmişdir ki, həmin bölümün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı 25.11.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar təqdim etdiyi xəstəlik vərəqəsinə qeyri-qanuni olaraq sahə rəisinin yerinə imza edərək, X9 şöbəsinə təqdim etmişdir. İddiaçı qeyri-qanuni hərəkəti aşkar edildikdən sonra ona izahat verilməsi təklif edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Gələcəkdə belə halların baş verməməsi və müəssisədaxili intizam qaydalarının pozulmasının qarşısını almaq məqsədilə Trestin Logistika bölümünün rəis müavini Z.Alisultanov İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. “KQİ” trestinin Logistika bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilsin” mətni qeyd olunmuşdur; Bakı Baş Səhiyyə İdarəsinin 3 nömrəli şəhər poliklinika şöbəsi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli əmək qabiliyyəti olmaması vərəqəsinin surətinə əsasən İddiaçı görmə sinirinin atrofiyası xəstəsi olduğundan 25.11.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək işdən azad edilmişdir; 28 dekabr 2020-ci il tarixli aktın surətində “Biz aşağıda imza edənlər: “KQİ” trestinin Logistika bölümünün baş energetiki Niftalıyev Rauf, TGX-nin rəis müavini Əliyev Rəşad, EAXS-in rəisi Əliyev Fikrət, ƏM və TT üzrə böyük mühəndis Yusupov Rəşad və böyük mühəndis Sadıqov Artar bu aktı tərtib edirik ondan ötrü ki, EAXS-in böyük mexaniki İddiaçı 25.11.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək olan xəstəlik vərəqəsində qeyri-qanuni olaraq sahə rəisinin yerinə saxta imza edərək “KQİ" trestinin insan Resursları şöbəsinə təqdim etmişdir. Bu hərəkətinə görə izahatının alınması üçün tərəfimizdən Logistika bölümünə çağırılmış, lakin saymamazlıq edib gəlməmişdir” qeyd olunmuşdur; 08 yanvar 2021-ci il tarixli aktın surətində “Biz aşağıda imza edənlər: "KQİ" trestinin Logistika bölümünün rəis müavini X3, EAXS-nin rəisi X7, ƏM və TT üzrə böyük mühəndis X5 bu aktı tərtib edirik ondan ötrü ki, SOCAR **********00040020A00002 saylı 07 yanvar 2021-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmrlə verilmiş töhmətlə tanış olmaq üçün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı tərəfimizdən bölümə çağırılmış, lakin o gəlməkdən imtina etmişdir” qeyd olunmuşdur; 11 yanvar 2021-ci il tarixli aktın surətində “Biz aşağıda imza edənlər: "KQİ" trestinin Logistika bölümünün rəis müavini X3, EAXS-in rəisi X7, ƏM və TT üzrə böyük mühəndis X5 bu aktı tərtib edirik ondan ötrü ki, SOCAR **********00040020A00002 saylı 07 yanvar 2021-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmrlə tanış olmaq üçün bir daha təkrar olaraq Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki İddiaçı tərəfimizdən bölümə dəvət olundu, lakin o yenə də gəlməkdən imtina etdi” qeyd olunmuşdur; İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdehndə böyük mexanik vəzifəsində çalışır, iddiaçı 25.11.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək əmək qabiliyyəti olmaması vərəqəsini işəgötürənə 21.01.2021-i il tarixində təqdim etmiş, 07 yanvar 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Töhmətin verilməsi səbəbi kimi 25.11.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar təqdim etdiyi xəstəlik vərəqəsinə qeyri-qanuni olaraq sahə rəisinin yerinə imza edərək, X9 şöbəsinə təqdim edilməsi göstərilmişdir. Bununla bağlı İddiaçı izahat verilməsi təklif edilmiş bundan imtina etmişdir. Bu barədə, işəgötürən tərəfindən müvafiq akt tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən biri kimi töhmət verə bilər. Həmin maddənin 187, 1 və 2-ci hissəsinə görə isə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin maddənin 189-cu maddəsinin 1 və 2-ci hissəsinə görə isə, Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə intizam tənbehi verilməsi (288-ci maddənin “f» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işçi işəgötürənə qarşı intizam tənbehi verilməsi ilə əlaqədar əmrin ona məlum olduğu vaxtdan, yəni 08.01.2021-ci il tarixdən 1 ay müddətində məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, iddiaçının da məhkəmə iclasıeda verdiyi izahatdan görünür ki, ona mübahisələndirilən əmrin surəti 08.01.2021-ci il tarixdə göndərilmiş, bu hal ona məlum olmuşdur. Digər tərəfdən 08 yanvar 2021-ci il tarixli aktla İddiaçı işə çağırılması və onun gəlməkdən imtina etməsi qeyd edilmişdir. Mövcud iddia ərizəsi ilə məhkəməyə 12.02.2021-ci il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh tərəf isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar