Məhkəmə qərarları › İş №2(005)-1697/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1697/2020

29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1697/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Əliyeva (Məmmədova) Validə İsa qızının “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əliyeva (Məmmədova) Validə İsa qızı doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Əliyeva (Məmmədova) Validə İsa qızının xx xxxxxxx 1977-ci il tarixdə Ermənistan SSR, Noyemberyan rayonunda doğulması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa edilməsi və vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Əliyeva (Məmmədova) Validə İsa qızı xx xxxxxxx 1977-ci il tarixdə Ermənistan SSR, Noyemberyan rayonu, Yuxarı Körpülü kəndində doğulmuşdur, ona Ermənistan SSR, Noyemberyan rayonu, Axtanak kənd sovetindən doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi 1988-ei ildə məlum hadisələrdən sonra Ermənistandan Azərbaycana köçmüşdür, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. O, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 46 saylı evdə pasport qeydiyyatındadır. Ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Hazırda ərizəçi Rusiya Federasiyasında daimi yaşamaq icazəsinin alınması üçün doğum haqqında şəhadətnaməsinin tədqim edilməsi zəruridir. Ərizəçinin doğum haqqında şəhadətnamədə soyadı Məmmədova göstərilmişdir. xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşdur, nikah bağlandıqdan sonra '‘Əliyeva’' soyadını qəbul etmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsində ala qrafasmda X16, ana qrafasında X4 qeyd edilmişdir. Ərizəçinin anası X4 ölmüşdür, lakin ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Eyni zamanda atası X16 barəsində heç bir məlumat yoxdur. Qeyd etmək zəruridir ki. ərizəçinin doğma bacı-qardaşı yoxdur. Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunaraq təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə öncə AR Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. AR Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat şöbəsi haqlı olaraq təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir, belə ki, xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunur ki, doğum akt qeydi Ermənistanda edildiyi üçün onun bərpa edilməsi məhkəmə qaydasında mümkündür. Ərizəçi Əliyeva (Məmmədova) Validə İsa qızı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X7 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısı qızıdır. Bacısı xx xxxx 1985-ci il tarixində rəhmətə gedib. Yoldaşı ilə boşanmışdı və həmin nikahdan bir uşağı Məmmədova Validə dünyaya gəlmişdi. Bacısının yoldaşının harda olmasından xəbəri yoxdur. Bacısının adı X2r. Soyadını daha sonra evlənən zaman dəyişdi və Məmmədova soyadına keçdi. Şahid X5 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısı qızıdır. Bacısı qızı doğum haqqında şəhadətnaməsini xeyli müddətdir ki, itirib. Bacısının bir övladı var və özü rəhmətə gedib. Atası ilə ərizəçinin əlaqələri yoxdur. Təqribi bilir ki, ərizəçinin atası İmişli rayonunda yaşayır. Ərizəçinin valideynləri təqribi 3-5 il ailəli olub. Ərizəçi xaricdə yaşayır və doğum haqqında şəhadətnaməsi onun üçün lazımdır. Onun ifadəsi şahid S.Məmnmədova ilə eyni məzmunlu olmuşdur. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixdə verilmiş, İİ-CЛ № 228878 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1977-ci il tarixdə Noyemberyan rayonu, Körpülü kəndində doğulmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1977-ci il tarixində 41 nömrə ilə qeyd aparılmışdır. Atası X16, anası X6. İş materiallarına əlavə olunmuş xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB tərəfindən verilmiş Sovet Sosialist Respublikaları X1 surətindən görünür ki, X14 xx xxxxxxx 1977-ci ildə Noyemberyan rayonu, Körpülü kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 220743 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və Ərizəçi ilə olan nikah xx.xx.2015-ci ildə 313 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Boşandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 02758892 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1955-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 08031010 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1960-cı il tarixdə Ermənistan, Noyemberyan rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 236 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının 16-cı bəndinə uyğun olaraq məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sizin 1 saylı Bakı “ASAN xidmət” mərkəzindən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli 2(005)-1697/2020 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.1977-ci il təvəllüdlü Əliyeva (Məmmədova) Validə İsa qızına xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən ünvan 1 ünvanı üzrə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə həmin xidmət tərəfindən Ərizəçi verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin çipində dəyişiklik edilərək o ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi Əliyeva (Məmmədova) Validə İsa qızı xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Noyemberyan rayonu, Körpülü kəndində doğulmuşdur. Atası X16, anası isə X3r. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Əliyeva (Məmmədova) Validə İsa qızının xx xxxxxxx 1977-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Doğum haqqında akt qeydi bərpa edilməli, "ata" qrafasında X16, "ana" qrafasında isə X6 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.1977-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X16, "ana" qrafasında isə X6 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar