Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1715/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 45 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 50 saylı mənzilinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, QSC tərəfindən sökülməsi, həmin mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək binada faktiki sahəsinə 20% sahə əlavə edilməklə 54 kv.m ölçüdə təmirli mənzilin Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək QSC tərəfindən Cavabdeh hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07- 635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı) binaların sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında ona 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. İcra Hakimiyyətinin həmin sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə onun istifadəsinə verilməsi haqqında İcra Hakimiyyəti ilə arasında 1572 saylı, xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklər sərəncama və qanunvericiliyə uyğun olaraq icra edilir. Hazırda Həsənoğlu küçəsində qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasıyla əlaqədar proses təxirə salınmadan davam edilməkdədir. Ərazidə aparılacaq tikinti işləri ilə bağlı Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 50 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq, cavabdeh onun qarşısında əsassız tələblər irəli sürdüyündən razılıq əldə olunmamışdır. Sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilmiş, köçmək üçün sakinlər yük avtomobili ilə təmin edilmiş və onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Cavabdehə sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 54 kv.m yaşayış sahəsi və yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 450 manat kirayə haqqı təklif olunur. Cavabdehin mənzilinin yerləşdiyi binaların 200-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Mənzillərin sökülməsi əvəzində müasir standartlara cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Vətəndaşların yaşadığı kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və mənzillənni ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq, qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 47 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 47 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 5 saylı binanın 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 55 kv.m ölçüdə təmirli 14 saylı mənzilin Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək QSC tərəfindən Cavabdeh hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 47 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş içdən-içə sahəsi 41,9 kv.m-dən (oxdan-oxa 52,81 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzilin əvəzinə yeni tikiləcək 6 saylı binada yerləşən içdən-içə sahəsi 80 kv.m (oxdan-oxa 90 kv.m) ölçüdə olan təmirsiz mənzil (verilmiş əlavə sahənin bir hissəsinin dəyəri 27000 manat ödənilməklə) Cavabdeh təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında cavabdeh ərizə təqdim edərək, iddiaçı ilə aralarında razılıq olduğunu, bu səbəbdən iddianı qəbul etdiyini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 55 nömrəli Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2020-ci il tarixli, 1572 nömrəli X3 görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MKT arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 55 №-li sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Həsənoğlu küçəsi, bina 12 seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli binaların yaşayış üçün yararsız vəziyyətdə olduğundan və ərazinin ümumi görünüşünə xələl gətirdiyindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə binaların sökülərək yerində yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 45 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 50 saylı mənzilinin cavabdeh tərəfindən təhvil verilməsi və bunun əvəzində cavabdehə yeni təmirli mənzilin verilməsini xahiş edir. Məhkəmə prosesi zamanı tərəflər arasında razılığa gəlinmiş və hazırda cavabdeh iddianı qəbul edərək, təmin edilməsini xahiş edir. Beləliklə, işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, iddianın etiraf edilməsi ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh ərizə təqdim edərək iddianı qəbul etdiyini etiraf etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 47 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməli, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş içdən-içə sahəsi 41,9 kv.m-dən (oxdan-oxa 52,81 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzilin əvəzinə yeni tikiləcək 6 saylı binada yerləşən içdən-içə sahəsi 80 kv.m (oxdan-oxa 90 kv.m) ölçüdə olan təmirsiz mənzil (verilmiş əlavə sahənin bir hissəsinin dəyəri 27000 manat ödənilməklə) Cavabdeh təhvil verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 47 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülsün, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş içdən-içə sahəsi 41,9 kv.m-dən (oxdan-oxa 52,81 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 50 saylı mənzilin əvəzinə yeni tikiləcək 6 saylı binada yerləşən içdən-içə sahəsi 80 kv.m (oxdan-oxa 90 kv.m) ölçüdə olan təmirsiz mənzil (verilmiş əlavə sahənin bir hissəsinin dəyəri 27000 manat ödənilməklə) Cavabdeh təhvil verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı QSC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1715/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1715/2024
29.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver