Məhkəmə qərarları › İş №2(005)-1716/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1716/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1716/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh X1 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 417,30 manat borcun (abonent kodu: **********020) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq “Azərsu" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərsu" ASC tərəfindən Cavabdeh (abonent kodu **********020) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 27 fevral 2023-cü il tarixinə 417,30 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 2 nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadı olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. “Azərsu" ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 21 fevral 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 olduğu qeyd olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından və iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, məhkəmə tərəfindən hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi isgəndərov Vidadi Hüseynqulu oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddianın təmin edilməməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılmasına dair qeyd edilən ünvan üzrə qüvvədə olan müqavilə mövcud deyildir və o, başqa mənzildə yaşayır və ayrı abonent kodu ilə istifadə etdiyi suyun haqqını mütəmadi olaraq vaxtında ödəyir. Cavabdeh 2015-ci ildə yazılı ərizə ilə "xxxx" ASC-yə müraciət edərək mənzildə yaşayış olmadığından aralarındakı müqaviləyə xitam verilməsini xahiş etmişdir. Son hesablaşma edildikdən sonra “Azərsu" ASC-dən ona müqaviləyə xitam verildiyi, lakin mənzil birinci mərtəbədə yerləşdiyindən onu su xəttindən ayırmağın mümkün olmadığı, belə olan halda yuxarı mərtəbədə yerləşən mənzillərin su təchizatında problem yaşanacağı, artıq aralarındakı müqaviləyə xitam verildiyindən Cavabdeh onlar qarşısında bundan sonra heç bir öhdəliyinin qalmadığını bildirilmişdir. Məhz bu səbəbdən də keçən uzun müddət ərzində sudan istifadəyə dair ödənişin edilməsi ilə bağlı iddiaçıdan heç bir tələb, bildiriş daxil olmamışdır. İddiaçının ərizəsində göstərdiyi "hər ay bildiriş verilsə də, cavabdehin ödəniş etməməsi" iddiası tamamilə əsassız olub, heç bir faktla sübut edilmir. Belə ki, 10 il ərzində mütəmadi olaraq bildiriş verildiyi iddia edilsə də, heç bir bildirişin surətinin ona təqdim edilməsi və alınması barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Əgər tərəflər arasında qüvvədə olan müqavilə mövcud idisə və Cavabdeh bu qədər müddətdir ödəniş etmirdisə, iddiaçının məsələni məhkəmə qaydasında mübahisələndirmək üçün 10 il gözləməsi heç bir məntiqə sığmır. Cavabdeh bildirir ki, o, 2010-cu ildən həmin mənzildə yaşamır və bu fakt qonşuların iştirakı ilə tərtib edilən xx.xx.2023-cü il tarixli akt və ərazi üzrə 30 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 30/0298 nömrəli arayışı ilə təsdiqlənir. Cavabdeh xx.xx.2010-cu ildən ünvan 1 ünvanında yaşayır və bu fakt 151 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 67 nömrəli arayışına əsasən bir daha təsdiqlənir. Həmçinin, bu ünvanda 13346079 nömrəli müqavilə üzrə **********550 abonent kodu ilə heç bir gecikmə olmadan istifadə etdiyi suyun haqqını mütəmadi olaraq ödədiyini bildirmişdir. Cavabdehlə "xxxx" ASC arasında hazırda bir müqavilə - ünvan 2 ünvanı üzrə 13346079 nömrəli müqavilə mövcuddur. Eyni zamanda qeyd edilən Əliyar Əliyev 19A, m.2 ünvanında yerləşən mənzil onun mülkiyyətində olsa da, həmin mənzil yaşayış üçün yararsız haldadır və orada heç bir halda sudan istifadədən söhbət gedə bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - 30 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Əliyar Əliyev 19A, m.2 ünvanında qeydiyyatdadır, lakin burada yaşamır. - 151 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küç., ev 20, 55 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh xx.xx.2010-cu ildən qeyd olunan ünvanda yaşayır. - xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə qeydiyyat ünvanı üzrə 2 nəfər üçün xx.xx.2023-cü il tarixə yaranmış borcu 2 nəfər üçün 417,30 manat təşkil edir. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunun surətindən görünür ki, 7 iş günü müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda göstərilən xidmət dayandırılmaqla yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı bildirilmişdir. - İddiaçı ASC tərəfindən verilmiş hesab fakturadan müəyyən olunur ki, Cavabdeh və "xxxx" ASC arasında hazırda bir müqavilə - ünvan 2 ünvanı üzrə 13346079 nömrəli müqavilə mövcuddur və Cavabdeh **********550 nömrəli abonent kodu verilmişdir. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında şifahi formada bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. Belə ki, Cavabdehnun qeydiyyatda olmaqla yaşadığı ev İddiaçı ASC tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidməti ilə təmin edildiyindən o, abonent kimi qeydiyyata alınmışdır. Hazırda İddiaçı ASC Cavabdeh 752,36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin "xxxx" ASC-nin xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 və 433.1-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "X4” 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. "Su təchizatı və tullantı suları haqqında" Qanunun: 1-ci maddəsinə əsasən istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir; tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; 58-ci maddəsinə əsasən ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir: a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə; b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə. Məhkəmə qeyd edir ki,istinad edilən normaların məzmunundan aydın olur ki, su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə ödəniş tələb etmək hüququ istehlakçının müəssisəsinin xidmətlərindən istifadə etməsi halı ilə şərtləndirilmişdir. Halbuki cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayışlardan onun Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 ünvanında yaşamadığı xx.xx.2010-cu il tarixdən ünvan 3 ünvanında yaşadığı məlum olur. Həmçinin cavabdeh məhkəmə iclasında 2015-ci il tarixdə Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 ünvanına dair su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə dair bağlanmış müqaviləyə xitam verilməsi üçün İddiaçı ASC-yə müraciət etdiyini və aralarında olan müqaviləyə xitam verildiyini bildirmiş, lakin iddiaçının nümayəndəsi onlarda bu faktı təsdiq edən müvafiq sənədlərin 5 il müddət ötürdüyü üçün məhv edilməsi səbəbindən araşdırılmasının mümkün olmadığını bildirdi. Məhkəmə cavabdehin ünvan 4 ünvan üzrə su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadə etməməsi, onun yaşadığı digər ünvan üzrə su təchizatı və tullantı suların axıdılması xidmətlərinin aparılmasına görə İddiaçı ASC ilə bağlanmış müqaviləsinin olması və ödənişlərin həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasları mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar