Məhkəmə qərarları › İş №2(005)-1740/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1740/2022

27.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1740/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.01.2022-ci il tarixli əmək müqaviləmin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, onun Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və işdən azad edildiyi gündən bərpa ediləcəyi günədək işburaxmaya görə əmək haqqımın hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.2014-cü il tarixdən Şuşa şəhər 9 nömrəli tam orta məktəbdə tarix fənn müəllimi olaraq dövlət müəssəsində əmək fəaliyyətinə başlamış, 17.07.2020-ci il tarixdən də Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Çalışdığı dövrdə əmək fəaliyyətində hər hansı pozuntuya yol verməmiş, vicdanla və layiqli şəkildə öz vəzifələrini icra etmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Əmək fəaliyyəti dövründə rəhbərlik etdiyi təhsil müəssisəsində şagird və müəllim kollektivi üçün tam şəffaf bir təhsil mühiti formalaşdırmışdır. Təəssiif ki. yaratmağa çalışdığı şəffaflıq bəzi şəxslərin maraqlarına toxunduğundan fəaliyyətinə kölgə salınmağa çalışılmış və nəticədə də əmək fəaliyyətinə qanunsuz olaraq son verilmşdir. Rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimlər arasında yaranan anlaşılmazlığın tərəfindən düzgün araşdırılmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair Azərbaycan Respublikası ləhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 07.12.2021-ci il tarixində F300 nömrəli intizam tənbehi barədə əmr verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əhəmiyyət verməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi fikrini dəyişdirərək Azərbaycan Respublikası Təhsil nazirinin 18.01.2022-ci il tarixli. K50 nömrəli əmrinin icrasını təqdim etmək məqsədilə 27.01.2022-ci il tarixində 75-89 saylı yoxlama nəticələrinə dair yeni əmr vermiş və həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki. yəni Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi 18.01.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Dəfələrlə müraciət etsə də, barəsində qəbul edilən əmrlərin surəti təqdim edilməmişdir. Bu əmr qanunsuz və qərəzli şəkildə qəbul edilmiş, ləğv edilməlidir və 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07.12.2021-ci il tarixli, F-300 nömrəli Əmrin surətindən görünür ki, əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri uzrə direktor müavini X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdadıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27.01.2022-ci il tarixli, 75-89 nömrəli Yoxlamanın nəticələrinə dair Əmrin surətindən görünür ki, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nomrəi tam orta məktəbin direktor İddiaçı və təlim-tərbyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri uzrə Təhsil İdarəsinin 07 12.2021-cı il tarixli F-300 nomrəli əmrin ləğv edilməsi nəzərə alınması, Bakı şəhəri 314 nomrəi. tam orta məktəbm direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə gorə Azərbaycan Respublikasının ümək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsəsən 18.01.2022-ci il tarixdən ləğv edilməsi nəzərə alınması, maliyyə və mühasibatlıq sektoru İddiaçı ilə son haqq hesabın aparılmasını təmin edilməsi əmr edilmişdir. 12.03.2022-ci il tarixli X4 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi əmək müqaviləsi münasibətləri barədə təsvir edildiyi kimi, mübahisə üzrə 12.03.2022-ci il tarixində, 15:00 – 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan X4 iştirak etməmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirinin “Yoxlamanın nəticələrinə dair” 18.01.2022-ci il tarixli, K-50 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun, “Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsi”nin, ”Müəllimlərin etik davranış qaydaları”nın və təhsilin idarə olunması üzrə digər tənzimləyici normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və təlim-tərbiyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.12.2021 -ci il tarixli, F-300 nömrəli əmri ləğv edilməsi, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18.01.2022- ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar