Məhkəmə qərarları › İş №2(005)-1756/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1756/2022

06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1756/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Masis rayonu, Sərvanlar kəndində doğulmuşdur. 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçmüş, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ermənistan SSR tərk edən zaman doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orda qalmış və itirilmişdir. Hazırda mülkiyyətində daşınmaz əmlak var və həmin əmlakı oğluna bağışlamaq niyyətindədir. Bağışlama müqaviləsinin rəsmiləşdirilməsi üçün ondan doğum haqqında şəhadətnamə tələb edilir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsinin 12.03.2022-ci il tarixli cavab məktubundan məlum olur ki, onun barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də, yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Onun atası X2, anası isə X3r. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Nərimanov rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məktubla müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixində Ermənistan, Masis rayonu, Sarvanlar kəndində doğulmuşdur. 11.11.2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 22.07.2017-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X1 29.01.2012-ci il tarixdə ölmüşdür. Nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X7 15.02.1985-ci il tarixdə nikah bağlamışlar və nikahları Ermənistan SSR, Masis rayonu, Sarvanlar kəndində qeydə alınmışdır. Hərbi biletin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixində Ermənistan, Masis rayonu, Sarvanlar kəndində doğulmuşdur. AR Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 12.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müracət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1959-cu il tarixində Ermənistan, Masis rayonu, Sarvanlar kəndində doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ermənistan Respublikasının Masis rayonu, Sarvanlar kəndində xx.xx.1959-cu ildə doğulması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında X1 və ana qrafasında X4 qeyd edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar