Məhkəmə qərarları › İş №2(005)-1756/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1756/2023

10.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1756/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən nəzərdə tutulmuş Xırdalan şəhəri, Bakı-Quba avtomagistralın 14-cü kilometrliyinin qərb hissəsində, B blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında işin baxılması üçün aidiyyatı üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cqü il tarixli, 2(005)-1756/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(005)-1756/2023 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1756/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4703/2023 saylı qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1756/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı ləğv edilmiş və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmışdır. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd edir ki, iddia tələbinin mahiyyəti və məzmunu bəllidir və bu cür iddianın irəli sürülməsi iddiaçının seçimi olub. Bu tələbin yekun hissəsi mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması ilə bağlıdır. İddiaçının yekun olaraq cavabdehdən tələb etdiyi mənzilin Abşeron rayonu ərazisində yerləşməsi, cavabdehin hüquqi ünvanının isə Bakı şəhəri Nərimanov rayonu ərazisində olduğu işin mübahisəsiz halıdır. Buna görə də mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını özündə əks etdirən bir iddia tələbi üzrə mülki işə müstəsna aidiyyət qaydalarına uyğun daşınmaz əşyanın yerləşdiyi ərazidə baxılmalıdır. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etməyəcək və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzanacaq ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli və baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun verildiyi gündən 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar