Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1759/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Sərkər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində AZ-İİ N-359948 seriyalı Şəhadətnamə ilə aralarında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə- xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində nigaha daxil olmuşdur. İddia ərizəsində göstərilən səbəblərə görə cavabdehlə birgə ailə həyatı baş tutmayıb və tuta da bilməz. Cavabdeh ilə bağlanmış nikah görünüş üçün bağlanmış nikah olmaqla formal xarakter daşıyır. Cavabdeh ilə bağlanmış nikah ailə qurmaq niyyəti daşımır və bu nikah saxta nikah olmaqla etibarsız sayılır. Cavabdeh Cavabdeh ilə faktiki olaraq ər-arvad kimi yaşamır və göstərilən ünvan 1 ünvanda qeydiyyatdadır və hal-hazırda həmin ünvanda valideynləri ilə birlikdə yaşayır və xx xxxxxx 2021-ci il tarixə qədər və həmin tarixdən hal-hazıra kimi onunla cavabdeh arasında faktiki olaraq ər-arvad münasibətləri olmayıb. Cavabdeh ilə bağlanmış nikah uydurma və yalan əqddən ibarətdir və heç bir vaxt birgə təsərrüfat aparmamışlar. Qeyd edilən səbəblərə görə hesab edirəm ki, bundan sonra onların birgə yaşamaqları və ailənin saxlanılması qeyri-mümkündür və hesab edir ki, məhkəmə tərəfindən əlavə vaxt verilmədən nigahın etibarsız sayılması haqqında Qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Sərkər oğlu iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbini müdafiə edtiyini bildiridi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat təqdim etməmişdir. Eyni zamanda Cavabdeh məhkəmə dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, iddia tələbini tam şəkildə qəbul etdiyini və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Bu səbəbdən məhkəmə işə iddiaçının və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 359948 nömrəli xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X1 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2021cu il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Ərə Abbaslı, arvada Abbaslı soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Göründüyü kimi, həmin maddəyə əsasən nikah hüququ yalnız Azərbaycan Respublikası vətəndaşlarına deyil, hər kəsə məxsus olan konstitusion hüquq kimi müəyyən olunmuşdur. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranması və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailə işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 11.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında olan nikah münasibətləri formal xarakter daşımış, ailə həyatı qurmaq niyyəti olmadan və ailə həyatı görünüşü yaratmaq üçün nikah bağlanmışdır. Tərəflər faktiki olaraq ər-arvad kimi yaşamırlar. Tərəflər arasında bağlanmış nikah uydurma və yalan əqddir və heç bir vaxt birgə təsərüfat aparmamışlar. Məhkəmə qeyd edir ki, araşdırma zamanı İddiaçı ilə Abbaslı Cavabdeh arasında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 2021-ci il tarixdə bağlanmış nikahın tərəflərin ailə qurmaq niyyəti ilə bağlanmadığı müəyyən edildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində 09 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində 09 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1759/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1759/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver