Məhkəmə qərarları › İş №2(005)-1770/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1770/2023

06.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1770/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qurbanova – X1rşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qurbanova – X1rşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qurbanova - X6 Aleksandrovnanın ünvan 1 ünvanında yerləşən mənzildən istifadə huququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, 207643 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən mənzil vərəsəlik qaydasında vəfat etmiş anası - X2 tam həcmdə onun mülkiyyətinə keçmişdir. Hazırda həmin mənzildə AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən özü də daxıl olmaqla, keçmiş arvadı Qurbanova - X6 Aleksandrovna və qızı - X4 qeydiyyatdadır. Uzun müddət öncə (xx.xx.2006-cı il tarixində) Qurbanova - X6 Aleksandrovna ilə aralarında olan nikaha xitam verilmişdir. Cavabdeh 2002-ci ildən bu günə qədər həmin mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Onun həmin mənzildə qeydiyyatda olması mülkiyyətçi kimi sərəncam vermək hüququnu həyata keçirməyə mane olur Bundan başqa həmin şəxsin mənzildə qeydiyyatda olması əlavə kommunal xərclərin yaranmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etlə. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov kuçəsı ev 39, 18 saylı mənzil xx.xx.2004-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Gonçalves Rocha (Qurbanova) Yuliya Aleksandrovna ünvan 1 ünvanında qeydiyyatdadır; 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı və Cavabdeh nikahları xx.xx.2006-cı il tarixdə pozulmuşdur; Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışından görünür ki, Gonçalves Rocha (Qurbanova) Yuliya Aleksandrovna ünvan 1 ünvanına 1996-cı il tarixdə qeydiyyata düşmüşdür; Qurbanova - X6 Aleksandrovna tərəfindən İddiaçı ünvanlanmış elektron məktubdan görünür ki, cavabdeh X6 Aleksandrovna mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov kuçəsı ev 39, 18 saylı mənzil 2004-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş arvadıdır. Cavabdeh mübahisəli məznilə 1996-cı il tarixdə qeydiyyata düşmüş, 2002-ci il tarixdən mənzildə yaşamır. İddiaçının cavabdeh ilə arasında bağlanmış nikah xx.xx.2006-cı il tarixdə pozulmuşdur. Hazırda iddiaçı cavabdehin ona məxsus məzildə yaşamamasını və qeydiyyatının formal xarakter daşımasını, bunun isə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasını əsas gətirərək ona məxsus mənzilindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş üzrə müəyyən edilmiş hallardan da göründüyü kimi, cavabdeh 1996-cı il tarixdən 2002-ci il tarixədək hazırda iddiaçının (həmin dövrdə iddiaçının anasının) mülkiyyətində olan evdə yaşamış, 2002-ci ildən isə həmin evdən çıxıb daimi əsaslarla başqa yerdə yaşamağa başlamışdır. Hazırda 20 ilə yaxındır ki, mübahisəli evdə yaşamır. Cavabdeh həmin evdə 1996-cı ildən etibarən yaşamağa başladığından, hazırki mübahisəyə 1982-ci ildən xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi- büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Sözügedən Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Yuxarıda istinad edilən hüquq normalarından göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün cavabdehin icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh evin mülkiyyətçisi olmuş qaynanasının evində ailə üzvü qismində - əri (iddiaçı) ilə birlikdə yaşamağa başlamışdır. Beləliklə, cavabdeh həmin evdən orada yaşayan digər şəxslərlə (hazırki mübahisə üzrə iddiaçı) bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Burada qeyd edilməlidir ki, evdən istifadə hüququ əvvəlki Mənzil Məcəlləsinə görə yaranmış olsa da, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Belə ki, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. Təsadüfi deyil ki, istinad edilən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır. Hazırkı işdə cavabdehin 2002-ci ildən başqa yerdə daimi əsaslarla yaşamağa başlamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, onun həmin evdən istifadə hüququ başqa yerdə yaşadığı andan aradan qalxmışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququnun 1982-2009-cu illər ərzində qüvvədə olan Mənzil Məcəlləsinə əsasən 1996-cı ildən yarandığı müəyyən edilmiş, cavabdeh 2002-ci ildən başqa yerdə yaşamağa başlamış, onun başqa ünvanda yaşaması səbəbindən həmin evdən istifadə hüququ 2002-ci ildən aradan qalxmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov kuçəsı ev 39, 18 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və mövcud vəziyyətdə onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Bu baxımdan cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, o, cavabdehlə nikaha daxil olduqdan sonra onun mülkiyyətində olan mübahisəli mənzilə köçmüş və həmin mənzildə onun ailə üzvü (arvadı) olaraq 2002-ci il tarixədək yaşamış və birgə təsərrüfat aparmışdır. Lakin 2002-ci il tarixdən həmin mənzili daimi əsaslarla tərk etmiş, bundan sonra tərəflər arasında bağlanmış nikah 2006-cı il tarixdə pozulmuş və bununla da onların ailə münasibətlərinə xitam verilmişdir. Ailə münasibətlərinə xitam verilərkən və bundan sonra cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılması ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmamışdır. Hazırda cavabdeh iddiaçının keçmiş ailə üzvüdür. Bu səbəbdən cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, cavabdeh xx.xx.1973-cü il təvəllüdlü Gonçalves Rocha (Qurbanova) Yuliya Aleksandrovnanın Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov kuçəsı ev 39, 18 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. cavabdeh xx.xx.1973-cü il təvəllüdlü Gonçalves Rocha (Qurbanova) Yuliya Aleksandrovnanın Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov kuçəsı ev 39, 18 saylı mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar