Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1773/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı X1 iddiaçının mülkiyyətində olan ünvan 1-ə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir, X6 isə nəvəsidir. Oğlu X7 ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Cavabdehlər ünvan 1 ünvanında qeydiyyatda olsalar da, artıq 3 ildir ki, Türkiyə Respublikasında yaşayırlar. Bildirir ki, cavabdehlərin mənzilində qeydiyyatda olmaları onun öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, onlar mənzilində yaşamasalar da, formal olaraq qeydiyyatda qalırlar, bu isə onun üçün bəzi maddi və hüquqi çətinliklər yaradır. Belə ki, o cavabdehlərə görə artıq kommunal xidmət xərcləri ödəməyə məcbur olur. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh və azyaşlı X1 iddiaçının mülkiyyətində olan ünvan 1-ə istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıiddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat ********** nömrəli xx.xx.2020 tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13, mənzil 13 tam mülkiyyət hüququ üzrə İddiaçı qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Sizin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13, 13 saylı mənzilə dair məlumatların və sənəd surətinin verilməsi barədə xx xxx 2020-ci il tarixli 2(005)-1773/2020 saylı sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13, 13 saylı mənzil xx.xx.1992-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 24 №-li 115 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh və X6 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13, 13 saylı mənzildə 2012-ci ildən qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AZ-İ 343802 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasındakı nikahın ləğv edilməsi xx.xx.2019-cu il tarixdə 226 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi xx xxx 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13, 13saylı mənzilin mülkiyyətçisinin (əvvəlki və hazırkı) keçmiş ailə üzvləri kateqoriyasına da aid edilə bilməz. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə araşdırması zamanı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13, 13 saylı mənzildə istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut mövcud olmamışdır. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13, 13 saylı mənzili ilkin olaraq xx.xx.1992-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh 2012-ci il tarixdən həmin evə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının oğlu ilə xx.xx.2011-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra mübahisələndirilən mənzilə qeydiyyata düşmüşdür. Onların nikahı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-4692/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ barədə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Lakin Cavabdeh istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının gəlini Cavabdeh qanunvericiliyin tələblərinə əsasən iddiaçının ailə üzvü olmamışdır və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, İddiaçı keçmiş gəlini Cavabdeh onun ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Eyni zamanda işdə olan arayışdan da görünür ki, yetkinlik yaşına çatmayan uşaq, X6 yaşayış yeri üzrə məhz mübahisəli mənzildə qeydiyyata alınmışdır. Cavabdeh “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-4692/2018 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan X6 anası Cavabdeh himayəsinə verilmişdir. Odur ki, hazırda Cavabdeh və yetkinlik yaşına çatmayan X6 qeyd olunan ünvanda yaşamamaqla, ölkə hüdudları xaricindədirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi yetkinlik yaşına çatmayan X4 münasibətdə də əsaslıdır, belə ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ olmadığından, Cavabdeh və azyaşlı övladı X1 İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Ə.Rəcəbli küçəsi, 13 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Mülki məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin tərəflərə və müvafıq dövlət orqanına izah edilməsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh və azyaşlı övladı X1 Bakı şəhəri, Nərimanov rayonu Ə.Rəcəbli küçəsi, 11 saylı evin 55 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilməli, çıxarılmış qətnamə X5 və azyaşlı övladı X1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13, 13 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh və azyaşlı övladı X1 İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Ə.Rəcəbli küçəsi, 13 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. Çıxarılmış qətnamə Cavabdeh və azyaşlı övladı X1 Bakı şəhəri, Nərimanov rayonu Ə.Rəcəbli küçəsi, 13 saylı evin 13 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1773/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1773/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver