Məhkəmə qərarları › İş №2(005)-1775/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1775/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1775/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27200 ABŞ dolları (24700 ABŞ dolları + 2500 ABŞ dolları) məbləğində pul vəsaiti, 2500 ABŞ dollarına münasibətdə 292 ABŞ dollar faiz, 24700 ABŞ dollarına münasibətdə 2676 ABŞ dolları faiz, cəmi 30168 ABŞ dollar, 1000 manat vəkilə ödənilən hüquqi yardım xərci, 23 manat nəqliyyat vasitələrinə sərəncam verilə bilən etibarnamə üçün ödənilən vəsait və 247 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun iş yoldaşı olmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertiza Mərkəzi MMC-də birgə işləyirdilər. Aralarındakı münasibətlər ilk başlardan yaxşı olmuş və etibar münasibətləri mövcud olmuşdur. Bu səbəbdən avtomobil alğı-satqısı üçün tərəfindən ona ilk olaraq xx.xx.2019-cu il tarixdə ümumi olaraq 6500 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh həmin puldan yalnız 4000 ABŞ dolları məbləğində pulu geri qaytarmışdır. Qalan 2500 ABŞ dolları məbləğində pulu yaxın zamanda qaytaracağına söz vermişdir. Etibar münasibətlərinə güvənərək təkrar olaraq ona məxsus olan “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışının 24700 ABŞ dollarına təşkil edilməsini tapşırmışdır. Bunun üçün cavabdehə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində 7E-3481 reyestr nömrəli bir il müddətində qüvvədə olan “Nəqliyyat vasitələrinə sərəncam verilə bilən” etibarnamə vermişdir. Bundan sonra cavabdeh həmin avtomobili üçüncü şəxsə 24700 ABŞ dollarına sataraq pulu mənimsəmişdir. Bununla bağlı tərəfindən aidiyyəti üzrə polis orqanına müraciət edilmişdir. Cavabdeh oxşar əməlləri başqa şəxslərə qarşı da törətdiyindən onun barəsində Xəzər rayon Polis İdarəsində Cinayət işi başlanmış, cinayət işi daha sonra Xəzər rayon məhkəməsinə göndərilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)- 435/2021 saylı Hökmü ilə Cavabdeh 3 il müddətində azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-292/2022 saylı Qərarı ilə hökm dəyişdirilərək Cavabdeh 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işində təqsirləndirilən şəxs, hazırkı iddia üzrə Cavabdeh verdiyi izahatında yuxarıda qeyd edilən faktları etiraf etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2020-ci il tarixli ərizəsi mövcuddur. Həmin ərizədə cavabdeh yuxarıda qeyd edilən faktları bir daha təsdiq edir. Cavabdeh ümumilikdə 27200 ABŞ dolları məbləğində zərər vurmuşdur. Bundan başqa cavabdehin cinayət işi üzrə həm Xəzər rayon Polis İdarəsində, həm də Xəzər rayon məhkəməsində vəkillə təmsil olunmağına görə ümumilikdə 1000 manat xərc çəkmişdir. Bu çəkilən xərc cavabdehin qanunsuz əməllərinə görə məcburiyyətdən yaranan xərc olmuşdur. Göründüyü kimi cavabdeh pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Xəzər Rayon Məhkəməsinin 1(003)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə qeyd edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən 53 saylı notariat ofisində İddiaçı sonuncuya məxsus buraxılış ili 2014-cü il olan “Toyota" markalı, "Camri" modelli avtomobili 41990 Azərbaycan manatına ekvivalentdə olan 24700 ABŞ dollarına satıb pulun ona çatdıracağını yalan vəd etməklə aldadaraq bu məqsədlə həmin avtomobilə dair aldığı etibarnamədən sui-istifadə etməklə göstərilən tarixdə avtomobili həmin qiymətə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə sataraq eldə etdiyi pulu özünün şəxsi məsrəflərinə xərcləməklə ələ keçirmişdir. Cavabdeh ərizəsindən qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə Fikrət ona 6500 ABŞ dolları pul vermiş, həmin pul vəsaitinə ölkəyə avtomobil gətirərək satmış, lakin pulu Fikrətə verə bilməmişdir. xx.xx.2020-ci il tarixdə Fikrət istifadəsində olan “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili 24700 ABŞ dolları məbləğinə satmaq və pulu ona qaytarmaq üçün ona vermiş, bu işlərin görülməsi üçün etibarnamə tərtib edilmişdir. Həmin avtomobili satmış, lakin pulu Fikrətə verməmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, sonuncunun avtomobilini satmış, lakin satışdan əldə etdiyi pulu avtomobilin sahibinə verməmiş, bundan başqa cavabdeh iddiaçıdan avtomobil satışı üçün 6500 ABŞ dolları almış, lakin daha sonra həmin məbləğdən 4000 ABŞ dolları qaytarmamışdır. Bu faktla bağlı cinayət işi başlanmış və Xəzər Rayon Məhkəməsinin 1(003)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək cəza təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddianın vurulmuş 24700 ABŞ dolları və 2500 ABŞ dolları real zərər hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia həmin hissədə tam sübut olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iddianın əldən çıxmış fayda olaraq 292 ABŞ dolları və 2676 ABŞ dolları cavabdehdən tutulması ilə bağlı nəticəyə gəlimişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu və faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır. Bundan başqa məhkəmə iddianın 1000 manat vəkilə ödənilmiş hüquqi yardım xərci hissəsinə dair qeyd edir ki, iddia ərizəsində iddiaçı həmin xərci Xəzər rayon Polis İdarəsində və Xəzər Rayon Məhkəməsində vəkillə təmsil edilməsi üçün vermiş, yəni hazırki iş üzrə vəkil xidmətindən istifadə etməmişdir. Həmçinin qeyd olunan ödənişə dair sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddianın 23 manat nəqliyyat vasitələrinə sərəncam verilə bilən etibarnamə üçün ödənilən vəsaitin əvəzin ödənilməsi dair hissəsində qeyd edir ki, qeyd olunan ödənişə dair sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı Cavabdeh tərəfindən tələb etdiyi məbləğin 24700 ABŞ dolları və 2500 ABŞ dolları məbləğində pul məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 218,5 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24700 ABŞ dollar və 2500 ABŞ dollar olmaqla, cəmi 27200 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 218,50 manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar