Məhkəmə qərarları › İş №2(005)-1785/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1785/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1785/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı X8 ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Bakı şəhərində, 2015-ci il tarixində evlənmişlər. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət münasibətlərimiz normal olmuşdur. Lakin sonradan münasibətləri pisləşdiyindən boşanmaq qərarına gəlmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Qeyd edir ki, o, Zəngilan rayonundan məcburi köçkündür və ailə qurduğu vaxtdan Nərimanov rayonu Hidayətzadə küçəsi mənzil 20-də yerləşən binada cavabdehin valideyinləri ilə birgə yaşamış, bu mənzil onlara məcburi köçkün kimi məskunlaşmağı üçün dövlət tərəfindən verilmişdir. Hazırda həmin mənzildə 6 nəfər şəxs müvəqqəti məskunlaşmışdır. Bu ünvanda hal-hazırda keçmiş qayınanası, qayınatası və oğlanları Sənanla birlikdə yaşayırlar. Cavabdehlə birgə nikah dövründə birlikdə yaşadığı bu mənzildə azyaşlı uşağı ilə yaşamağına icazə vermir, bununla da onun hüquqları pozur. Valideynlərimin evi olduqca şəraitsiz bir evdir. Onun yaşamaq üçün başqa yerdə evi olmadığı üçün azyaşlı uşağı ilə valideynlərinə yük olmuşdur. Məhz bu səbəbdən birgə nikah dövründə yaşadığı Nərimanov rayonu, Hidayətzadə 20 ünvanında yerləşən mənzilə azyaşlı uşağı ilə birlikdə köçürülməyi və həmin evə yaşayış hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, o, həmin dövrdə mübahisəli evin icarədarı olmuş şəxsin öz razılığı ilə onun evinə gəlin köçmüş, həmin vaxt iddiaçının həmin evə köçməyi, orada yaşamağında bağlı hər hansı bir şərt qarşıma qoyulmamış, ona məxsus olan bütün cehiz əşyaları həmin evdə yerləşdirilmiş, göstərdiyi əşyaların gəlin köçdüyü evə gətirməyi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməyini təsdiq edən amillərdən biridir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinə dair etiraz təqdim edərək, bildirmişdir ki, keçmiş arvadı İddiaçı “Evə köçürülmə tələbi’nə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək azyaşlı övladı X9 ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 20 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə aşağıda qeyd edəcəyi əsaslara və xüsusatlara görə qəti etiraz edir. Sözügedən mənzil mülkiyyətçiyə və onun ailə üzvlərinə, yəni arvadına və övladlarına məcburi köçkün olduqlarına görə dövlət tərəfindən verilmişdir. Qeyd edilən mənzil mülkiyyətçiyə, yəni ailə başçısı kimi atası X4 və onun ailə üzvlərinə verilərkən keçmiş gəlini, yəni keçmiş arvadı İddiaçı ilə mülkiyyətçinin övladı, yəni arasında nikah və faktiki ailə münasibəti olmamış, bununla əlaqədar sözügedən mənzil dövlət tərəfindən mülkiyyətçiyə və onun ailə üzvlərinə verilərkən keçmiş gəlin, yəni keçmiş arvadı İddiaçı ailə üzvü kimi nəzərə alınmamış və keçmiş gəlinə, yəni keçmiş arvadı İddiaçı görə hər hansı üstünlük və ya yaşayış sahəsi verilməmişdir. Eləcə də, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nərimanov rayonu sektorundan əldə etdiyi xx xxxx 2020-ci il tarixli, 1169 nömrəli arayışa əsasən, İddiaçı ailə üzvü kimi qeyd edilməmiş və sözügedən mənzildə məskunlaşan şəxslərin arasında keçmiş arvadı İddiaçı adı qeyd edilməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, Bakı şəhəri, Nərimanov rayonu, i.Hidayətzadə 20 ünvanında yerləşən mənzil 2 otaqdan və 1 yardımçı sahədən ibarətdir və həmin mənzildə mülkiyyətçi, yəni atası X10, anası X6 və cavabdeh yaşayır. Keçmiş arvadı İddiaçı ilə atası X2, anası X1 və onun münasibətləri pozulmuş və münaqişəli vəziyyətdədirlər. Bundan əlavə Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə keçmiş arvadı İddiaçı arasında bağlanmış nikah pozulmuş və qeyd edilən nikah pozulmamışdan xeyli əvvəl və hazırda İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, i.Hidayətzadə 20 ünvanında yerləşən mənzildə deyil, məcburi köçkün kimi öz valideynlərinə ayrılmış, yəni ünvan 4 mənzil 98 ünvanında yerləşən mənzildə yaşayır. Bütün bunlara baxmayaraq keçmiş arvadı İddiaçı ona məxsus olan əşyaların bir qismini sözügedən mənzilin hər iki otağına yığıb saxlamaqla dövlət tərəfindən bizə verilmiş mənzildən sərbəst şəkildə istifadə etməyə maneəçilik törədir və hər dəfə hər hansı əşyanı götürmək adı ilə onların yaşadığı mənzilə gələrək münaqişə törədir, bununla da normal şəkildə öz mənzilində yaşamağa əngəl törədir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri MKTD-nin 151 MKİS-in xx.xx.2020-ci il tarixli, 41 saylı arayışına əsasən İddiaçı həqiqətən Zəngilan rayonundan məcburi köçkündür və ünvan 5 ünvanında məskunlaşmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 1786 saylı qeydi ilə bağlanmış nikah ləğv edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 1169 saylı arayışına əsasən Mirzəyev X7 rayonundan məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 20 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: arvadı: X6, oğlu: Cavabdeh, Mirzəyev Kənan, nəvəsi: X5, Mİrzəzadə Dəniz Kənan qızı. Mülki iş materiallarından görünür ki, iddiaçı övladı ilə birlikdə nikahı pozulanadək cavabdehin də yaşadığı Bakı şəhəri, Nərimanov rayon, Hidayətzadə 20 ünvanında (Bağça) yaşamışlar, iddiaçının və azyaşlı uşağının yaşamaq üçün başqa yeri yoxdur. İddiaçının öz atasına məxsus evdə yaşamasını təsdiq edən sübutlar mövcud deyil. Tərəflərin məcburi köçkün olması işin mübahisəsiz halıdır, mübahisəli mənzilin isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mübahisəli yaşayış yeri dövlət tərəfindən müvəqqəti məskunlaşmaq üçün cavabdehin atası və ailəsinə təqdim edilmişdir.(işin mübahisəsiz halıdır) Göründüyü kimi, hazırki mübahisəli yaşayış yeri tərəflərdən hər hansı birinin qazancı, gəlirləri ilə tikilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mübahisəli tikili iddiaçı ilə cavabdehin yaşayış yeridir. Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə qənaətini onunla formalaşdırır ki, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı azyaşlı övladı X8 ilə birlikdə ünvan 8 ünvanına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar