Məhkəmə qərarları › İş №2(005)-1797/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1797/2020

13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1797/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi həqiqətən də Maraqlı şəxs 7 nömrəli, xx.xx.1970-ci il tarixli doğum akt qeydində göstərilən Ərizəçi ilə eyni şəxs olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1969-cu il tarixində Nərimanov rayonunda doğulmuşdur. Bu barədə Maraqlı şəxs doğum haqqında akt qeydləri kitabında 7 nömrəli, xx.xx.1970-ci il tarixli akt qeydi aparılmışdır. Ərizəçi 1994-cii ildə ailə qurmaq məqsədilə yaşadığı evi tərk etmişdir, həmin tarixdən sonra doğum haqqında şəhadətnaməsi və SSRİ vətəndaşlığı barədə pasportu daxil olmaqla ona məxsus olan bütün sənədləri naməlum şəraitdə itirilmişdir. Nərimanov rayon məhkəməsinin 2- 610/2002-ci il tarixli qətnaməsi ilə Ərizəçi Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 13 saylı evin 19 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir və O, məhkəmənin qətnaməsi əsasında həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. Lakin, 2 aydır ki faktiki olaraq ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildə yaşayır. Hal-hazırda Ərizəçi bütün sənədlərini bərpa etmək niyyətindədir. O, şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməni təqdim etməlidir, lakin qeyd edildiyi kimi doğum haqqında şəhadətnaməsi də itirilmişdir. Ona görə Ərizəçi təkrar doğum haqqında şəhadətnaməni əldə etmək məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Bu zaman isə ondan şəxsiyyətini təsdiq edən sənəd tələb edilir. Belə ki, Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir, məktubda qeyd olunur ki Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlər olmadığından doğumu haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Ona görə də Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, yəni Ərizəçi Maraqlı şəxs 7 nömrəli, xx.xx.1970-ci il tarixli doğum akt qeydindəki Ərizəçi ilə eyni şəxs olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçinin şəxsiyyətini müəyyən etmək üçün şəkilli sənədi olmadığına görə, onun Ərizəçi olmasını təsdiq edən şahidlər ifadə verə bilərlər. Məhkəmə iclasında ərizəçi olaraq özünü Ərizəçi kimi təqdim edən şəxs ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Belə ki, işin materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli, 61 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təstıq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-cı bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətim təstiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətinin təsdiq edən sənəd Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsidir. xx.xx.1969-cu il təvəllüdlü bacısı Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlər olmadığından doğumu haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəməyə şikayət hüququna maliksiniz və məhkəmə bacınızın doğumu haqqında təkrar şəhadətnamənin verilməsi barədə müsbət qərar çıxaracağı halda müraciətinizə baxılacaq. İşdə olan 2-610/2002 saylı, xx xxxxxx 2002-ci il tarixli qətnamədən görünür ki, iddia təmin edilərək, X2 və Ərizəçi Bakı şəhəri Ə.Rəcəbli küçəsi 13 saylı evin 19 saylı mənzilindən istifadə hüququnu itirmiş hesab edilmişdir. Göründüyü kimi, ərizəçi Maraqlı şəxs 7 nömrəli, xx.xx.1970-ci il tarixli doğum akt qeydindəki Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş edir. Lakin məhkəmə iclasında iştirak edən və özünü Ərizəçi təqdim edən şəxsin xx.xx.1970-ci il tarixli doğum akt qeydində göstərilən Ərizəçi ilə eyni şəxs olmasını göstərən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil. Eyni zamanda, Ərizəçi 1994-ci ildə ailə qurmaq məqsədilə evi tərk etdiyini həmin tarixdən sonra doğum haqqında şəhadətnaməsi və SSRİ vətəndaşlığı barədə pasportu daxil olmaqla ona məxsus olan bütün sənədləri naməlum şəraitdə itirildiyini bildirsə də, o sənədlərini bərpa etmək üçün bugünədək hər hansı bir dövlət orqanına müraciət etməməsi və hazırkı vaxta qədər ona şəxsiyyətini müəyyən edən sənədlərin lazım olmaması inandırıcı deyil. Ərizəçi xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonunda doğulmasını göstərsə də, bu barədə hər hansı ilkin sübutları və ya onların doğum tarixlərini göstərən sənədlər də məhkəməyə təqdim edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında xx xxxxxxx 2003-cü il tarixli, 145 № li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndlərinə görə isə, “vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir”. 16-cı bəndə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bu kontekstdə məhkəmə qeyd edir ki, bu kimi hallar aidiyyəti orqan tərəfindən verilmiş (rəsmiləşdirilmiş) sənədlərlə təsdiq olunur. Lakin iş materiallarında olan sənədlərlə ərizəçinin qeyd etdikləri təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən “qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz” və bu baxımdan məhkəmə hesab edir ki, ərizəçi qeyd edilən faktın müəyyən edilməsi üçün kifayət qədər sübut təqdim etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki mühakimə icraatı fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsi vəzifəsi yaranmış mübahisəni iddia icraatı qaydasında bilavasitə həll etməklə yerinə yetirir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin həyata keçirilməsi ya qeyri-müəyyən və ya həyata keçirilməsi mümkün olmur. Belə halda mülki mühakimə icraatı qaydasında hüquqi faktların müəyyən edilməsinə, fiziki şəxsin və əmlakın hüquqi vəziyyətinin müəyyən edilməsinə zərurət yaranır ki, belə işlərə xüsusi icraat qaydasında baxılır. Belə kateroriya işlərdən biri də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlər üzrə icraatın məqsədi vətəndaşlıq vəziyyəti aktlarında olan səhvləri, qeyri-dəqiqliyi, natamamlığı aradan qaldırmaq, həmin aktlardakı məlumatların həqiqətə uyğun olmasına nail olmaqdır. Aktda qeydlərin düzgün olmaması vətəndaşların subyektiv hüquqlarının həyata keçirilməsinə maneələr yarada bilər. Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəyə həmin hüquqmüəyyənedici sənədi verən orqanın aktı bərpa etmək iqtidarında olmaması haqqında sübut əlavə etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Göründüyü kimi ərizəçinin təsdiq edilməsini istədiyi faktla bağlı müvafiq dövlət orqanında arxiv materialları mövcuddur və bu materialların ərizəçiyə təqdim olunmasından imtina edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinin təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmamışdır; müvafiq arxiv materiallarındakı məlumatların ərizəçini qane etməməsi isə həmin məlumatların faktın təsdiqi institutu vasitəsilə təkzib edilməsinə yol aça bilməz. Məhkəmədə hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda, əgər həmin faktları təsdiq edən sənədlərin digər qaydada qəbul edilməsi və ya itirilmiş sənədlərin bərpa edilməsi digər vasitə ilə qeyri-mümkündürsə, yalnız bu halda müəyyən edir. Buna görə də, ərizəçi özünün məhz Ərizəçi olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etmədiyindən “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar