Məhkəmə qərarları › İş №2(005)-1797/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1797/2023

12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1797/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1958-ci ildə Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydində 1958-ci ilin yanvar ayının 22-də doğulmasının qeyd edilməsi, doğum akt qeydinin ata qrafasında X12, ana qrafasında isə X5 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuşdur. X2, anası isə X6 olmuşdur. Ailədə 3 qardaşı - xx.xx.1969-cu il təvəllüdlü X9, xx.xx.1967-ci il təvəllüdlü X14, xx.xx.1963-cü il təvəllüdlü X13 və bir bacısı xx.xx.1959-cu il təvəllüdlü X7 olmuşdur. O ailə qurmamışdur. 1989-cu ildə Ermənistan SSR-dən valideynləri və qardaşları ilə birlikdə qaçqın kimi Bakı şəhərinə gəlmiş və həmin tarixdən Bakıda yaşayır. Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 31 saylı binanın 6 saylı mənzilində qeydiyyatdadır. Doğulduğu Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndindən Sovet pasportu ilə çıxmış və Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 31 saylı binanın 6 saylı mənzilinə Sovet pasportu ilə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamışdır. Doğum şəhadətnaməsi olsa da bir tərəfi yararsız hala düşdüyünə görə şəxsiyyət vəsiqəsi vermirlər. Artıq 65 yaşı tamam olmuş və qocalığa görə sosial müavinət və pensiya almalıdır. Lakin şəxsiyyət vəsiqəsi olmadığına görə Azərbaycan Respublikasının Kosntitusiyasında təsbit edilmiş sosial təminat hüququndan yararlana bilmir. Azərbaycan Rspublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, verilən xx.xx.2022-ci il tarixli Qərara əsasən onun Azərbaycan Rspublikası vətəndaşlığına mənsubiyyətinin tanınması müəyyən edilmişdir. Həmçinin doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi imtina məktubu verərək, ərizəsinin təmin edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi bildirmişdir. Daha sonra Ərizəçi vəkili Vəkil tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, ,Ərizəçi xx.xx.1958-ci ildə Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində doğumumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək, doğum haqqında şəhadətnamənin, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ərizəçiyə müavinət və pensiya ilə əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğundan, ərizənin təmin edilməsini xahiş etmişdilər. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və vəkilinin izahatlarını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun xalası qızıdır. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş və həmin kənddə yaşamışdır. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun ərinin xalası qızıdır. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş və həmin kənddə qonşu olmuşdular. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: SSSR vətəndaşının pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur; İ-ЗЖ seriyalı, 038780 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur. X2, anası X4r; AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı qərarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, doğum faktını təsdiq edən sənəd olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir; İ-ЗЖ seriyalı, ******* nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur. X2, anası X4r; İ-ЗЖ seriyalı, ******* nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1969-cu il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur. X2, anası X4r; İ-ЗЖ seriyalı, 233421 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1959-cu il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur. X2, anası X4r. Beləliklə, məhkəmə iclasında ərizəçinin izatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadəsinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından, Ermənistan SSR tərəfindən verilmiş doğum haqqında şəhadətnamə yararsız halda olduğundan və onun həqiqiliyini müəyyən etmək mümkün olmadığından, bu səbəbdən də qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkünsüzlüyünü nəzərə alaraq, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1958-ci il tarixdə, Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abduyeva”, adı “Hava”, ata adı “Abdu”, doğum tarixi “xx.xx.1958-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndi”, ata qrafasında “X12, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abduyeva”, adı “Hava”, ata adı “Abdu”, doğum tarixi “xx.xx.1958-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndi”, ata qrafasında “X12, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar