Məhkəmə qərarları › İş №2(005)-1812/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1812/2025

22.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1812/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki iş yerinə - İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ali təhsilli müəllimədir. Fəaliyyətinə 1979-cu ildə İmişli şəhər 4 saylı orta məktəbdə müəllim kimi başlamış, burada 10 il işləmişdir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, xx.xx.1989-cu ildə İmişli şəhər 2 saylı uşaq bağçasına müdir təyin edilmişdir. İşlədiyi müddətdə əmək və icra intizamına ciddi riayət etmişdir. Əmək fəaliyyəti dövründə ona “Qızıl Qələm” media mükafatı laureatı, “Xan qızı Natəvan” mükafatı fəxri diplomu, “Abdulla Şaiq” mükafatı fəxri diplomu, “Zirvə” fəxri diplomu verilib.”Qarabağ Azərbaycandır” layihəsinə görə “Xarı Bülbül” medalına layiq görülmüş, dəfələrlə “İlin ən yaxşı bağça müdiri” fəxri diplomunu almışdır. 15-dən artıq fəxri diplom, fəxri fərman və sertifikatları var. 3 kitab müəllifidir. Dəfələrlə mətbuatda elmi-publisistik yazıları dərc edilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin imzaladığı xx.xx.2023-cü il tarixli 3-29/3-1-626 K/2023 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsnin “e” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, onun işdən azad edilməsi barədə əmr yuxarıda sadalananlara əsasən tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, hər zaman işində məsuliyyətli olmuş, işini sevmişdir. İşlədiyi dövrdə işində problem olmamışdır. Hazırda da işləməyə həvəslidir. Qanunla müqavilənin müddətinin uzadılmasına yol verildiyi halda, cavabdeh bunu etməmişdir. 65 yaşına 1 ay qalmış qanunsuz olaraq ona töhmət verilmişdir. Göstərdiklərinə əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu bildirdi. İzahatında göstərdi ki, iddiaçının 65 yaşı tamam olmuşdur. Əmək qanunvericiliyində isə 65 yaşı tamam olmuş şəxsin hər bir halda müqavilə müddətinin artırılmasını nəzərdə tutmur. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan vəzifədən azad edilmə barədə 3-29/3-1-62b/c/2023 saylı xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri İddiaçı xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən) əmr edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1989-cü il tarixdə İmişli rayon 2 saylı uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mil-Muğan regional şöbəsinin xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyinə göndərilmiş sorğuya verilmiş cavab məktubuna və əlavə edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Siz xx.xx.2000-ci tarixli müddətsiz əmək müqaviləsi əsasında Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli şəhər 2 saylı uşaq bağçasına müdir vəzifəsinə qəbul olunmusunuz. Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2023- cü il tarixli 3-29/3-1-626K/2023 saylı əmri ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindəu maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xitam verilmişdir. Müraciətinizə aydınlıq gətirilməsi üçün ünvanınıza tərəfimizdən xx.xx.2023-cü il tarixli 3-17-5/2-Ş-28546/2023 saylı dəvət məktubu göndərilməsinə baxmayaraq X3 Xidmətinin Mil-Muğan regional şöbəsinə gəlməmisiniz. Sizinlə telefon əlaqəsi zamanı əsas tələbinizin əvvəllər işlədiyiniz Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli şəhər 2 saylı uşaq bağçasına müdir vəzifəsi üzrə yenidən əmək müqaviləsinin bağlanması və işinizə barpa olunması ilə bağlı olduğunu bildirmisiniz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir və həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçrilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlandığı cavab məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, Mil-Muğan regional Təhsil idarəsi tərəfindən xx.xx.2023-cü il tarixində İmişli şəhər 2 saylı Uşaq bağçasında monitorinq aparılmışdır. Monitorinqin nəticəsi olaraq əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinizə görə Sizə İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsindən Mil-Muğan regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-41/3-1-161K/2023 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Çalışmanızın yaş həddinə çatması nəzərə alınaraq xx.xx.2023-cü il tarixdən Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən tutduğunuz vəzifədən azad edilmisiniz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda qeyd olunaları nəzərə alaraq məhkəmə iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 1989-cu ilin oktyabrın 1-i tarixindən 2023-cü ilin 22 may tarixinədək İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. İddiaçınını yaş həddi 65-ə çatdığı üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən və 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş qaydad, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əsası ilə əmək müqaviləsinin müddətinin qurtarmasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinın xx.xx.2023-cü il tarixli 3-29/3-1-62b/c/2023 nömrəli əmri ilə xx.xx.2023-cü ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd olunanlarla razılaşmayaraq, tərəflər arasında bağlanmış əmək müqaviləsinin hər il, bir il olmaqla uzadılmalı olması qənaətinə gəlir və onun əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu hesab edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli əmrinin 4-cü bəndinə görə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alınması nəzərdə tutulmuşdur. Bunlar: - son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları: Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır: - Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; Dövlət mükafatı laureatı olması. Göründüyü kimi təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı yuxarıda qeyd olunan halların işçidə öz əksini tapması zəruridir. Belə ki, iddiaçı bu xüsusiyyətlətin hər birini özündə birləşdirdiyi və həmin işçiyə ehtiyac olacağı təqdirdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı, AR Elm və Təhsil Nazirinin həmin qərarın icrası ilə bağlı əmri və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla onunla bir il müddətinə əmək müqaviləsi bağlana bilərdi. Həmçinin iddiaçının fəxri diplomlarının və sertifikatlarının olması kimi halların mövcudluğu yuxarıda sadalanan tələblərin pozulması üçün əsas meyar deyil. Bununla belə iddiaçının uzun illər müdir işlədiyi dövrdə heç bir əmək və icra intizamını pozmaması, işlədiyi müddətdə uşaq bağçasında və təhsil sahəsində keçirilmiş tədbirlərdə yaxından iştirak etməsi, Təhsil Nazirliyi tərəfindən keçirilmiş ixtisasartırma kurslarında və təlimlərdə iştirak edərək müvafiq Sertifikatlar alması, işlədiyi kollektivdə hörmət və nüfuza malik olması onunla yeni əmək müqaviləsi bağlanması, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 3-29/3-1- 62b/c/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlar isə iddia tələbinin əsassız olmasına dəlalət edir. Bundan başqa, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, əmək qanunvericiliyində çalışmanın yaş həddinə çatmış işçisinin müqaviləsinin müddətinin uzadılması işəgötürən üçün imperativ norma olaraq nəzərdə tutulmamışdır. Bununla yanaşı, əmrin özü və ya əmrdən çıxarış iş materiallarına əlavə edilməsə də, lakin işdə olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, sonuncuya əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Mil-Muğan regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-41/3-1- 161K/2023 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən tələblərə cavab verən işçi olmamaqla yanaşı, onun haqqında son 1 ildə intizam tənbehi tədbiri tətbiq edilmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa” və ondan törəmə olan “məcburi işburaxma dövrü üçün əmək haqqı” tələbinə dair iddiaları əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar