Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1814/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, təxminən bir ay əvvəl ona məlum olmuşdur ki, bu iş üzrə cavabdeh- Cavabdeh1 tərəfindən bu iş üzrə cavabdeh- Cavabdeh2 qarşı Bakı şəhəri, Nərimanov rayonu, S. Rəhman küçəsi, ev 44, 6 saylı mənzilə dair 51 Saylı DNK-da AN-1 seriyalı, ******* saylı, 23.01.2018- ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 12.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı- Cavabdeh1 cavabdeh- Cavabdeh2, qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması dair iddia tələbi təmin edilməmiş, cavabdehin Cavabdeh1 qarşı Nərimanov rayon, S. Rəhman küçəsi, ev 44, 6 saylı mənzildən çıxarılması hissəsində qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Eyni zamanda əldə etdiyi iddia ərizəsindən ona bəlli olmuşdur ki, ondan xəbərsiz olaraq, cavabdeh- Cavabdeh1 xəbəri olmadan onların birgə nikah dövründə əldə etdiyi S. Rəhman küç. ev 44, 6 saylı mənzil "sosial ev” kimi əldə edilməsi üçün "xxxx” ASC-də girovda olduğu ərəfədə, gizlin şəkildə cavabdeh- Cavabdeh2la, guya onun verdiyi vədin, eləcə də, aralarıda olan sövdəyə uyğun olaraq, yəni, Cavabdeh2 tərəfindən girov mənzilə görə banka olan kredit borcun birdəfəlik bağlanması üçün ödədiyi pulu hissə-hissə bağlamaq və “əlavə faizlərlə birlikdə tam məbləği bağlamaqla mənzilin Cavabdeh1 qaytarılması şərti ilə aralarında mənzilə dair 51 Salı DNK-da AN-1 seriyalı, ******* saylı, 23.01.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, mütəmadi ödənişlərə baxmayaraq, Cavabdeh2 tərəfindən Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi Nərimanov Rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli qətnaməsi ilə təmin edildiyindən Cavabdeh1 yuxarıda göstərilən tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aşağıdakı əsaslara görə, bu iş üzrə iddia tələbinin təmin edilməsini və onun hüquqlarının bərpa edilərək dəymiş ziyan qaytarılmalıdır. Belə ki, Bakı şəh., Nərimanov ray., S. Rəhman küç. ev 44, 6 saylı mənzil “sosial ev" kimi əldə edilməsi üçün "xxxx” ASC-dən girov qoyulmaqla götürülmüş kredit hesabına 24.04.2012-ci il tarixli, İKO18/2012 müqavilə əsasında X3 Cavabdeh1 adına alınmış, mülkiyyət hüquqları, DƏDRX-də MA seriyalı, 03X5326 №-li çıxarışa uyğun olaraq qeydiyyata alınmışdır. Həmin ərəfədə Cavabdeh1 onun, yəni, İddiaçıla birgə nigahda olmuş, qeyd olunan əmlak onların birgə nigah dövründə əldə etdiyi əmlak hesab olunur. Ona həmin mənzilin ipotekada olduğu və həmin ərəfədə çətinlik yarandığından, mütəmadi ödənişlə yanaşı məcburiyyət qarşısında kənar səxsdən bank kreditinin bağlanması “adı ilə’’ 17000 (on yeddi min) AZN pul almışdır. Cavabdeh1 verdiyi iddia ərizəsindən isə ona bəlli oldu ki, onun vaxtaşırı veridiyi pullarla yanaşı verdiyi 17000 (on yeddi min) AZN pul da Cavabdeh2 verilmişdir. Qeyd olunan xüsusatlar Cavabdeh1 təqdim etdiyi iddia ərizəsində tam şəkildə etiraf edilmişdir. Göstərilənlərə əsasən, ona vurulmuş zərərin alınaraq cavabdehlərdən tutularaq ona qaytarılmasına, və ya, natura ilə əvəz edilərək həmin dəyərdə mənzillə əvəz edilməsinə hüquqi əsas yaradır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 24.04.2012-ci il tarixli, İK018/2012 saylı Alqı Satqı və İpoteka müqaviləsindən görünür ki, İpoteka saxlayan “xxxx” ASC, satıcı X7 və alıcı Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 adına keçmiş və həmin əmlak ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AZ-İ 143580 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 15 may 2012-ci il tarixli, 197 saylı akt qeydi ilə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən * * * * * * * s a y l ı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 28.9 kv.m ümumi sahəsindən, 16.1 kv.m yaşayış sahəsindən, 12.8 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1645 nömrəli reyestr kitabının 150917 nömrəli vərəqində 24.05.2012-ci il tarixdə qeydiyyata alınmışdırİş materiallarında olan 11.01.2018-ci il tarixli, ilkin Alqı Satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh2 və satıcı Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 60 000 (altmış min) manata satılması barədə razılığa gələrək müqavilə bağlamışlar. İş materiallarında olan Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 23.01.2018-ci il tarixli, AN-İ №0670924 saylı Daşınmaz əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 nömrəli mənzilini alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan Cavabdeh2 iddia müddətinin ötürülməsi barədə 13.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o evi aldıqda Cavabdeh1 və İddiaçı artıq 6 il idi ki, boşanmışdılar. Azərbayan Respublikası Ailə Məcələsinin 36.9-cu maddəsinə görə nikah poulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələblərinə 3 illik iddia müddəti tətbiq olunur. Bundan başqa onlar bu evi boşanandan sonra alıblar, ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 29.06.2021-ci il tarixli, MXD-551/21 saylı məktubundan görünür ki, , “xxxx'’ ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2012-ci il tarixli, İK017/2012 saylı kredit müqaviləsinə əsasən, sonuncu 32 000 manat məbləğində ipoteka krediti götürmüşdür. İpoteka kreditləşməsi üzrə müqavilədən əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, «xxxx» ASC, satıcı X7 və alıcı Cavabdeh1 arasında bağlanmış və Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24.04.2012ci il tarixli, İK018/2012 saylı «Alqı Satqı və İpoteka müqaviləsi»nə əsasən, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 adına keçmiş vo ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 12.01.2018 - ci il tarixində İpoteka krediti üzrə öhdəliyini tam icra etmişdir və hazırda «xxxx» ASC qarşısında ipoteka krediti üzrə icra edilməmiş borc öhdəliyi mövcud deyildir. Əlavə olaraq bildiririk ki, Cavabdeh1 24.04.2012-ci il tarixində götürmüş olduğu ipoteka krediti üzrə 01.05.2012-ci il tarixindən, 12.01.2018-ci il tarixinədək aylıq ödənişlər edilmiş (ödənişlər bankomat vasitəsilə və ya onlayn edildiyi üçün, konkret olaraq kimin tərəfindən edildiyi müəyyən edilməmişdir), qeyd olunan tarix aralığında ödənişlərin ümumi məbləği 45 910.71 manat təşkil etmişdir. İş materiallarında olan Daşınma əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2021-ci il tarixli **********62 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 44, 6 saylı mənzil 24.04.2012-ci il tarixli, 4Ə-01- 187 reyestr nömrəli Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən 24.05.2012-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 51 saylı notariat kontoru tərəfində təsdiq edilmiş, 23.01.2018-ci il tarixli 4Ə-83 reyestr nömrəli daşınmaz əmlakın Alqı-Satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 nömrəli mənzili alqısatqı müqaviləsi ilə Cavabdeh2 satmış, İddiaçı qeyd olunan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması səbəbindən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.3-cü, 337.4-cü maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Bununla yanaşı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılarkən Mülki Məcəllənin 337-ci və ya 339-cu maddələrinin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh (səlahiyyətli nümayəndəsi vasitəsilə) iradə ifadəsini bildirməklə həmin müqaviləni imzalamışdır. Məhkəmə onu da qeyd edir ki, mübahisə predmeti olan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlakı olması iş materialları ilə təkzib olunur. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış və notariat qaydasında təsdiqlənmişdir. İddiaçı iddia ərizəsində mənzilin birgə nikah dövründə əldə etdiklərini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, tərəflər aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin birgə nikah dövründə əldə edilmiş əmlak olduğu üçün iddiaçının razılığının olmasının zəruriliyi iddia edilsə də, iddiaçı bu halı sübuta yetirə bilməmişdir. Hüquqi nəticə etibarı ilə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən mənzil iş üzrə Cavabdeh2 satılmışdır. Belə ki, mübahisəli mənzil ipoteka müqaviləsi əsasında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulmasından bir neçə gün əvvəl bağlanmış, mənzil nikah pozulduqdan sonra dövlət qeydiyyatına alınmışdır. Nəticə etibarilə Cavabdeh1 Cavabdeh2la alqı-satqı müqaviləsi bağlayarkən subay statusunda olmuş, bundan əlavə nikahın pozulduğu 6 il ərzində iddiaçı tərəfindən Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü barədə hər hansı iddia irəli sürülməmiş, eyni zamanda ötən illər ərzində iddiaçının mübahisəli əmlaka dair payı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən etməmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Bundan başqa məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. İddia tələbi rədd edildiyindən məhkəmə cavabdehin iddia müddətinin tətbiqi məsələsinə əlavə olaraq hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını və tədqiq edilmiş sübutları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Ona görə də iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1814/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1814/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver