Məhkəmə qərarları › İş №2(005)-1819/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1819/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1819/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxı" ASC-nin xeyrinə 46.57 avro məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********19 saylı “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən onun adına Plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqaviləyə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.3.6-cı bəndini pozmuşdur. Cavabdehə ödənişlə bağlı xəbərdarlıq olunsa da. o Banka olan borcunu tam ödəməmişdir. xx xxxxxx 2021-ci il tarixinə borclunun “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında" müqaviləyə əsasən yaranmış overdraft üzrə 46.57 avro məbləğində borc yaranmışdır. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM **********19 saylı kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən, Bank Bank tərəfindən Müştərinin adın Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılmasından, Ödəniş kartının dövriyyəyə buraxılmasından və Ödəniş kartından istifadə etməklə Kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı Tərəflər arasında münasibətlərin təmzimləməsindən ibarətdir Müştəri Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, eləcə də Ödəniş kartından istifadəyə görə xidmət haqlarım Banka ödəməyi öhdəsinə götürür. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə 46.57 avro əsas borc, 0.40 manat bank tərəfindən ödənilmiş komissiya haqqı borcu yaranmışdır. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi xahiş edilmiş və ödənilməyəcəyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməy müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM **********19 saylı kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin 1.1.5-ci bəndinə əsasən, müştəriyə overdraftın təqdim edilməsi barədə Tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması Texniki Overdraft hesab olunur. 3.3.6-cı bəndinə əsasən, müştəri texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın tariflərində və /və ya müvafiq idarəetmə orqanının qərarına nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəməlidir. Məhkəmə maliyyə arayışı, hesabdan çıxarış məlumatlarını o cümlədən tərəflər arasında bağlanmış müqavilə şərtlərini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslıdır, Cavabdeh istifadə etdiyi kredit vəsaitinə görə iddiaçı “xxxx” ASC-yə xx.xx.2018-ci il tarixli, BPM **********19 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixə yaranmış overdraft üzrə 46.57 Avro məbləğində pul vəsaitini ödəməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 46.57 avro məbləğində borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 20 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar