Məhkəmə qərarları › İş №2(005)-1826/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1826/2025

02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1826/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə qeydə alınmış, onunla Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.1989-cu il tarixdə formal olaraq nikaha daxil olmuşdur. Lakin faktiki nikah münasibəti olmayıb. Cavabdehlə nikahı pozulmadan xx.xx.1992-ci il tarixdə hazırkı həyat yoldaşı Hacıyeva (Əhmədova) Samirə Əjdər qızı ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikah Nərimanov rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 738 nömrə ilə qeydə alınmışdır. Bu nikahdan xx.xx.1993-cü il tarixdə X6 və xx.xx.1995-ci il tarixdə X7 dünyaya gəlmişdir. Rima Canəliyeva ilə nikaha daxil olarkən ailə qurmaq məqsədi olmamış, nikah formal əsaslarla bağlanmışdır. Bu nikaha əhəmiyyət vermədiyindən sonradan onun pozulması ilə bağlı müraciət etməmişdir və Samirə Hacıyeva ilə nikaha daxil olarkən də bu barədə ona heç bir irad bildirilmədiyindən həmin nikahın qüvvədə olmadığını zənn etmişdir. Hazıradək bununla bağlı hər hansı maneə ilə qarşılaşmamışdı. Lakin son dövrdə my.gov.az elektron hökumət portalına baxarkən orada onun adında 2 nikah olduğunu müəyyən edib. Məsələnin həlli məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etsə də, nikahın yalnız məhkəmə qaydasında etibarsız hesab edilə biləcəyini bildirdilər. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlib. Həmin nikah onun qanuni hüquqlarını və maraqlarını pozur. Cavabdehin qeydiyyat ünvanı barədə məlumat əldə etmək üçün MAPS sorğusu verməsinə baxmayaraq, hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Bildiyi qədəri ilə cavabdeh nikah qeydə alındıqdan bir neçə gün sonra Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxt sovet dövrünə təsadüf etdiyindən güman edir ki, Rima Canəliyeva Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməmişdir. Cavabdehi ilk və son dəfə Cəbrayıl qeydiyyat şöbəsində görmüşdür. Bu səbəbdən nikahın etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə sənədləri geri qaytarılmışdır. Sonradan 54 saylı Mənzil Kommunal İstismar sahəsindən əldə etdikləri arayışdan görünür ki, Cavabdeh sonuncu dəfə Nərimanov rayonu ərazisində yaşamışdır. Eyni zamanda Dövlət Sərhəd Xidməti və Miqrasiya Xidmətinə müvafiq sorğular göndərsələr də, müsbət nəticə əldə etmələri mümkün olmamışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd olunan nöqsanlardan biri tərəfindən aradan qaldırılmışdır. Belə ki, məsələnin mediasiya vasitəsilə həlli məqsədi ilə müraciət etməsinə baxmayaraq, cavabdeh iştirak etmədiyindən ilkin mediasiya sessiyası baş tutmamış və bu barədə ona xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi cavabdehi yalnız bir dəfə gördüyündən onun şəxsi məlumatları onda yoxdur. Şəxsiyyəti barədə məlumatların dəqiqləşdirilməsi məqsədi ilə DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinə, Dövlət Sərhəd Xidməti və Miqrasiya Xidmətinə müvafiq sorğular verməsinə baxmayaraq müsbət nəticə əldə etməsi mümkün olmamışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə hazırkı qaydada müraciət etməli olmuşdur. Cavabdehin eyniləşdirmə məlumatlarını əldə etmək onun imkanları xaricindədir. Eyni zamanda cavabdehlə bağlanmış formal nikah onun hüquqlarını pozduğundan məsələnin məhkəmə qaydasında həll edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 1989-cu ildə qeydiyyat üçün formal olaraq nikaha daxil olmuşlar. Həmin gündən sonra cavabdehi görməmişdir. Ümumiyyətlə cavabdehi, onun ailəsini tanımır. 1992-ci ildə hazırki həyat yoldaşı ilə ailə qurmuşdur. İki yetkinlik yaşına çatmış uşaqları vardır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X3 nikahları xx.xx.1992-ci il tarixdə bağlanmışdır; - doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.1993-cü il təvəllüdlü X6 doğulmuşdur. Atası İddiaçı, anası X4r; - doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.1995-ci il təvəllüdlü X8 doğulmuşdur. Atası İddiaçı, anası X4r; - X1 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, “"MyGov" elektron hökumət portalında 2 müxtəlif şəxslə bağlanmış nikah haqqında akt qeydinə dair məlumatın aşkar edilməsi barədə müraciətə baxılmışdır. Araşdırma nəticəsində xx.xx.1989-cu ildə Cəbrayıl rayon qeydiyyat şöbəsində Cavabdeh ilə, daha sonra isə həmin nikah pozulmadan xx.xx.1992-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində Hacıyeva (Əhmədova) Samirə Əjdər qızı ilə nikahın qeydə alınması haqqında akt qeydinin tərtib edildiyi müəyyən edilmişdir. Məsələ ilə bağlı əlaqə saxlanılarkən Rima Canəliyevanı (Əhmədova) tanımadığınızı, bağlanmış nikahdan xəbərsiz olduğunuzu bildirmisiniz. Qeyd edirik ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsinin informasiya sisteminə ötürülür. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilir”; - 54 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Nərimanov rayonu, Ə.Əbdülrəhimov (keç. M.Əlizadə) küçəsi, ev 132, mənzil 42-də xx.xx.1992-ci ilə qədər qeydiyyatda olmuşdur; - X2 və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır; - X1 Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə göndərilmiş nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.1989-cu il tarixdə qeydə alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah qeydi xx.xx.1989-cu ildə aparılmışdır. İddiaçı eyni zamanda xx.xx.1992-ci il tarixdə digər şəxslə rəsmi nikaha daxil olmuşdur və onların birgə nikahlarından 2 övladları olmuşdur. Hazırda iddiaçı cavabdehlə nikahın formal olmasına əsaslanaraq, onun etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı, nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Saxta nikah ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək məqsədilə deyil, əmlak, şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi, başqa şəxslərin təkidilə ailə qurmaq məqsədi olmadan yalnız görünüş üçün və s. məqsədlərlə bağlanır (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Həmçinin Ailə Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Hazırki iş üzrə tərəfin izahatı və digər sübutlar əsasında müəyyən olunmuşdur ki, nikah bağlanarkən tərəflərin faktiki ailə qurmaq niyyətləri olmamış və hazırda da belə niyyətləri mövcud deyildir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, tərəflər ailə qurmaq niyyəti olmadan nikaha daxil olmuşdurlar. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı ilə İddiaçı ilə X3 nikahları xx.xx.1992-ci il tarixdə bağlanmış və həmin nikahdan onların iki övladları olmuşdur. Eyni zamanda cavabdehin yaşayış yeri, olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı məlumatlar belə bir qeydiyyat aparılmadığından əldə edilə bilməmişdir. 54 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli arayışında isə qeyd edilmişdir ki, Cavabdeh Nərimanov rayonu, Ə.Əbdülrəhimov (keç. M.Əlizadə) küçəsi, ev 132, mənzil 42-də xx.xx.1992-ci ilə qədər qeydiyyatda olmuşdur. İddiaçının bildirdiyinə görə nikahdan sonra cavabdehi görməmiş, sovet pasportu ilə ölkədən getmişdir. Hazırda cavabdehin harada yaşaması, ölkədə olub-olmaması barədə məlumat əldə etmək mümkün olmamışdır. Qeyd edilənlər daimi Azərbaycan Respublikasında yaşamış, rəsmi nikaha daxil olaraq ailə qurmuş və iki övladı olan iddiaçı ilə cavabdehin aralarındakı nikahın formal olmasını təsdiq edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və onun tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə qeydə alınmış nikah etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəmə vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar