Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1839/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən və xüsusi mülkiyyətində olan mənzilinə daxil olmağa cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması və mənzilə köçürülməsi barədə, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, MH № ******* saylı hüquqların X3 daşınmaz əmlakın X2 əsasən, ünvan 2 ünvanında yerləşən 50 saylı mənzil onun şəxsi mülkiyyətindədir (sözügedən mənzilinin çıxarışının və 7 saylı Asan xidmətin xx.xx.2025-ci il tarixli ******* №-li arayışının surətləri ərizəyə əlavə edilir). Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə şərtləndirmişdir. O, mülkiyyəti üzərində öz iradəsinə uyğun şəkildə istifadə və sərəncam vermək hüququna sahibdir. İş üzrə cavabdehlər tərəfindən onun AR Konsititusiyasının 13-cü, 29-cu maddələri və mənzil qanunvericiliyində qorunan xüsusi mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehlərin onun mülkiyyətindəki hüquqları 2008-ci ildən məhkəmə tərəfindən tanınmışdır, hazırda yaşadığı ünvandakı mənzilinin yerləşdiyi bina qəzalı olduğundan sökülməsinə qərar verilmişdir. Ona görə də özəl mülkiyyətinə sahibli kimi, öz mənzilinə təcili qayıtmaq zərurəti yaranmışdır. Cavabdehlərin harada yaşamaqları ona dəqiq məlum deyil. Deyirlər Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində özlərinə yeni mənzil alıblar və artıq bir ilə yaxındır ki, ona məxsus mənzili tərk ediblər. Onun şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 50 saylı mənzilinin giriş qapısının qıfılının cavabdehlər tərəfindən dəyişdirildiyini xx.xx.2025-ci il tarixində aşkar edib. Bu səbəbdən istədiyi kimi istifadə etmək və üzərində sərəncam vermək hüququna sahib olduğu həmin özəl mülkiyyətindəki mənzilinə daxil ola bilmir. Əvvəllər ona məlum olan mobil nömrələrinə zəng etsə də “səhv düşmüsünüz” deyirlər. Səhhətində problem olsa da, şəxsi özəl mülkiyyətindəki mənzilinə girişi cavabdehlər tərəfindən qərəzli şəkildə məhdudlaşdırılıb. O, xüsusi çilingər tərəfindən həmin qıfılın açılıb dəyişdirilməsini mümkün hesab edir. Lakin, cavabdehlər tərəfindən şərlənməsindən ehtiyat edir. Heç bir mülkiyyət və subyektiv hüquqları olmayan iş üzrə cavabdehlər ona aşkar maneə yaradıblar. Bu isə şəxsi mülkiyyətindəki mənzilindən istifadənin məhdudlaşdırılması və qanunvericilikdə təsbit olunan mülkiyyət hüquqlarının kobudcasına pozuntusudur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, hər hansı bir üzrlü səbəbi təsdiq edən sübut təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2707/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X1, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilərək Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 18 saylı evin 50 saylı mənzilinin sahələri 16,3 və 9,8 kv. metr olan iki otağının onların, sahəsi 9.9 kv. metr olan bir otağın isə cavabdehin istifadəsinə verilməsi tələbinə dair iddiaları rədd edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2942/09 saylı, xx.xx.2009-cu il tarixli qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 14 may 2009-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır; - MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada 56.4 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 879 nömrəli reyestr kitabının 81735 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı övladları olan cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilindən istifadəsinə maneçilik yaratmalarına istinad edərək, həmin manelərin aradan qaldırılması və mənzilə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hssəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni həmin norma ilə insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan olunur. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayandığından, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni hesab oluna bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” işində qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini, mülkiyyətindən məhrumetmənin yolverilməzliyini və mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamasına maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdehlər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə iddia tələbinin mənzildən istifadə edilməsinə maneələr yaradılmasının qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınmışdır və onun, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ vardır. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən mənzilə mülkiyyət hüququ İddiaçı məxsus olsa da, onun mənzilə köçürülməsinə və istifadəsinə maneələr yaradılır. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu A.M.Cümə küçəsi, ev 18 ünvanında yerləşən 50 saylı mənzilə köçürülməli və həmin mənzildən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, eləcə də iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu A.M.Cümə küçəsi, ev 18 ünvanında yerləşən 50 saylı mənzilə köçürülsün və onun həmin mənzildən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1839/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1839/2025
02.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver