Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1840/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməli olan 42 manatı toplum şəkildə alınıb verilməsinə və sonrakı illərdə hansı qaydada verilməli olmasını cavabdehin "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1973-cü ildən Bakıelektriktökmə zavodunda əmək fəaliyyəti ilə məşğul olmuş və istehsalatda əmək qabiliyyətini itirdiyinə görə verilmiş əlillik dərəcəsindən asılı olaraq cavabdeh təşkilat hər ay üçün ona ödənc ödəməyə borclu olmuşdur. 1973-cü ildən Xüsusi zərərli iş şəraitində çalışmışdır. Lakin 1990-cı ilin may ayında iş yerində metal əridən peçin partlaması nəticəsində ağır xəsarət yanıq diaqnozu ilə 13.09.1990-cı ildə 2-ci qrup, daha sonra isə 3-cü qrup əlillik ömürlük verilmişdir. 2011-ci ildən 55 manat Sosial tərəfindən 42 manat isə müəssisə tərəfindən, toplum 97 manat verilirdi. Altı ay ödəniləndən sonra müəssisə tərəfindən ödənilməli olan 42 manatı müxtəlif bəhanələrlə ödəmirlər. 11.11.2021-ci ildəd yaşa görə pensiyaya çıxdmış, pensiya ilə bərabər 55 manatı alır, lakin müəssisənin verməli olduğu 42 manatı verməkdən, müxtəlif bəhanələrlə yayınır. Cavabdehin onun hüquqlarını pozmasına görə, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Vətənə və Dövlətə xidməti dövründə 12 il döyüş təlimində olduğu üçün 8 ay pensiyaya gec çıxmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda 25.04.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ərizə ilə müraciət edilərək bildirilmişdir ki, Müəssisədən SSRİ dövründən və sonradan əlilik dərəcəsi alan 48 nəfər şəxs əlillik pensiyası alırlar. Həmin şəxslər uzun müddətdir ki, X1-sosial komisiyasından könüllü keçmək istəmirlər. Onların həqiqətən əlil olub-olmamlarını müəyyən etməkdən ötrü onlara verilən müavinətlərin komisiyaya müraciət edənə qədər dayandırılmasına dair göstəriş verərək, yenidən komisiyadan keçirilmələrini təmin edilməsi xahiş olunmuşdur. Eyni zamanda hazırki mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı mediyasiya sessiyasında iştirak etməsi üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 314750 saylı vəsiqədən müəyyən olunur ki, İddiaçı 13.09.1990-cı ildən ömürlük 3-cü qrup əlil hesab edilmişdir. Məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı aşağıdakı qanunvericilik müddəalarını əsas götürür: Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 1.2.1-ci bəndinə əsasən bu Qaydalar əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlərlə bağlı dövlət müəssisələrinin borclarının ödənilməsinə şamil edilir. Qaydaların 4.1-ci bəndinə əssən borclar Fondun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət (peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə - 33 manat; peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə - 44 manat; peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə - 55 manat; peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə - 66 manat; həlak olduqda - 77 manat) verilir (bənd 3.1). Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər (bənd 4.1). istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır (bənd 4.2). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (bənd 5.1). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (bənd 5.2). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir (bənd 5.3). Mülki işin materiallarından aydın olur ki, iddiaçı 1990-ci ildən İİİ qrup əmək əlilidir, bu əsasla sağlamlığına dəyən ziyana görə 97 manat ödənc almalıdır. Həmin ödəncin 48 manatını əvvəllər işlədiyi müəssisə olan “Bakı Elektriktökmə" ASC ödəməli, 2012-ci ildən etibarən isə 55 manat DSMF-nin Suraxanı rayon şöbəsindən ödənilməlidir. Lakin cavabdeh öz üzərinə düşən ödənişləri verməkdən boyun qaçırır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabehin vəkili öz ərizəsində göstərir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ərizə ilə müraciət edilərək müəssisədən SSRİ dövründən və sonradan əlilik dərəcəsi alan 48 nəfər şəxs əlillik pensiyası aldığını, lakin onların uzun müddətdir ki, həqiqətən əlil olub-olmamalarını müəyyən etmək üçün könüllü komisiyyadan keçmədiklərini nəzərə alaraq, müavinətlərin komissiyaya müraciət edilənə qədər dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, belə məzmunda ərizənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanması, müavinətlərin verilməsinin müəssisə tərəfindən birtərəfli qaydada dayandırılmasına əsas vermir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 314750 saylı vəsiqədən iddiaçıya verilmiş əlilliyin ömürlük təyin edildiyi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh Bakı "xxxx" ASC-dən 2011-ci ilin iyul ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq İddiaçı ödənilməli, habelə qətnamə elan olunduğu tarixdən hər ay 42 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı "xxxx" ASC-dən 2011-ci ilin iyul ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq İddiaçı ödənilsin. Qətnamə elan olunduğu tarixdən hər ay 42 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1840/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1840/2022
23.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver