Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1840/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və Bakı şəhəri Nərimanov Rayon bələdiyyəsi cəlb edilməklə, pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdeh - borclu Cavabdeh MMC-dən 42000 manat məbləğdə vəsaitin tutularaq tələbkar İddiaçı ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 19 saylı notarial ofisində xx.xx.2021-ci il tarixində imzalanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 1317 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə 320 kv/m hissəsi Cavabdeh MMC-yə aylıq icarə haqqı 3000 manat olaraq icarəyə verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixinədək olmuş və həmin bənddə müqavilə müddətini tərəflər arasında müqavilənin pozulmasına dair heç bir təklif olmazsa, müqaviləyə əsasən yenidən 1 il müddətinə uzadılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən həmin sahə hal-hazırda istifadə edilməsinə baxmayaraq 2022-ci ilin fevral ayından 2023-cü il mart ayı daxil olmaqla, icarə haqqı üzrə borc ödənilməmişdir. Dəfələrlə bu barədə iddiaçı tərəfindən müraciətlər edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh MMC tərəfindən sahə istifadə edildiyindən və təhvil verilmədiyindən həmin müqaviləyə xitam verilməmişdir. İddiaçı tərəfindən cavabdeh MMC-yə pretenziya ilə müraciət edilmiş, lakin müraciətə məhəl qoyulmamışdır. Daha sonra mediasiya prosesinin keçirilməsi ilə bağlı təklif ünvanlanmışdır. İddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və mediasiya prosesinin vaxtı təyin edilməsinə baxmayaraq qarşı tərəf prosesdə iştirakdan boyun qaçırmış və bu barədə mediasiya arayışı əldə edilmişdir. Həmin icarə obyekti olan ünvanda hal-hazırda Nərimanov Rayon Nərimanov Bələdiyyəsi fəaliyyət göstərməkdədir. Bu səbəbdən iddiaçı hesab edir ki, bələdiyyə orqanı da iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 bildirdi ki, hazırki mübahisə üzrə məhz "xxxx" MMC cavabdeh qismində cəlb olunmalıdır. Belə ki, Cavabdeh MMC-nin yenidən yaradılması nəticəsində "xxxx" MMC təsis edilmiş və o, Cavabdeh MMC-nin hüquqi varisidir. Mahiyyəti üzrə iddia tələbini qəbul etmir. Belə ki, həmin qeyri-yaşayış sahəsi faktiki olaraq MMC-nin deyil, bələdiyyənin istifadəsindədir. Müqaviləyə xitam verilməsi barədə iddiaçıya bildiriş göndərilmiş və ona bələdiyyə ilə müqavilə bağlaması tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki tərəflərin iştirakı olmadan mülki işə baxıla bilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan; - xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” İddiaçı “İcarəçi” Cavabdeh MMC-yə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 1317 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən 320 kv/m hissəsini Cavabdeh MMC-yə aylıq icarə haqqı 3000 manat olmaqla, icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş və həmin bənddə müqavilə müddətini tərəflər arasında müqavilənin pozulmasına dair heç bir təklif olmazsa, müqaviləyə əsasən yenidən 1 il müddətinə uzadılması nəzərdə tutulmuşdur. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanan 07 fevral 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsi Nərimanov rayon Bələdiyyəsi tərəfindən istifadə edildiyindən, xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinə xitam verildiyi bildirilmiş və qeyd olunan qeyri-yaşayış sahəsinin istismarı ilə bağlı Nərimanov rayon Bələdiyyəsi ilə icarə müqaviləsinin rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixədək icarəyə verdiyi qeyri-yaşayış sahəsini boşaltmaqla obyekti və Cavabdeh MMC-nin istifadəsinə verilmiş xx.xx.2022-ci il tarixli Əlavə 1-də göstərilən əmlakı təhvil verməsi və 24.000 manat məbləğində icarə haqqını ödəməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 24 yanvar 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh MMC tərəfindən icarə haqqı üzrə ödənilməmiş 36000 manat pul vəsaitinin ödənilməsi və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin, müqaviləyə Əlavə 1-də göstərilən əmlakların İddiaçı təhvil verilməsinin təmin olunması xahiş edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 23 aprel 2021-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1317 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə İddiaçıy məxsus 320 kv/m hissəsi Cavabdeh MMC-yə aylıq icarə haqqı 3000 manata icarəyə verilir, icarə müddəti 22 aprel 2022-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqaviəlnin pozulmasına dair heç bir təklif irəli sürülməzsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Cavabdeh MMC tərəfindən 07 fevral 2022-ci il tarixdə müraciət ünvanlayaraq, ünvan 5 sahəsi Nərimanov Rayon Bələdiyyəsi tərəfindən istifadə edildiyindən 23 aprel 2021-ci il tarixli icarə müqaviləsinə xitam verildiyi və icarə haqqı ödənişlərinin dayandırıldığı bildirilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 42000 manat məbləğində icarə haqqına görə pul vəsaitinin tutulmasını xahiş etmişdir. AR Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırki mülki iş üzrə "xxxx" MMC-nin əsl cavabdeh qismində cəlb edilməsi barədə məhkəmə tərəfindən təklif edilsə də, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə münasibət bildirməmişdir. Belə olan təqdirdə məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, mülki işə iddia tələbi həcmində baxır. Mülki işin materiallarından görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə istinad edərək öhdəliklərin icrasını – icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Lakin mülki işin materialları ilə müəyyən edilir ki, müqavilənin predmeti olan daşınmaz əmlak – ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki olaraq Nərimanov Rayon Bələdiyyəsinin istifadəsindədir. Bu hal müəyyən edildikdən sonra cavabdeh iddiaçıya 07 fevral 2022-ci il tarixli bildiriş ünvanlayaraq, müqaviləyə birtərəfli qaydada xitam verildiyini, icarə haqqlarını ödəməyəcəklərini bildirmişdir. Tərəflərin arasında bağlanmış müqavilənin 7-ci bəndində də tərəflərin heç bir səbəb göstərmədən 1 ay öncədən qarşı tərəfə bildiriş göndərməklə xitam verilə biləcəyi nəzərdə tutulmuşdur. Yəni bu şərt tərəflər arasında razılaşdırılmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərin icrasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, icarəyə verən olan iddiaçı öz öhdəliklərinin icrasını təmin etməmiş, faktiki olaraq qeyri-yaşayış sahəsi bələdiyyənin istifadəsindədir. Cavabdeh tərəf isə lazımi qaydada bildiriş ünvanlayaraq, müqaviləyə birtərəfli qaydada xitam verildiyi barədə məlumatı çatdırmışdır. Məhkəmə hesab edir ki, belə ola təqdirdə, tərəflərin arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi və "xxxx" MMC cəlb edilməklə, pul tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1840/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1840/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver