Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1849/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 49 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 43 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi; 2. kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 49 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 43 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" QSC-yə təhvil verilməsi və həmin mənzilin iddiaçı “Ailə Park" QSC tərəfindən sökülməsi; 3 kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 49 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 43 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək binada faktiki sahəsinə 20 % sahə əlavə edilməklə 58,8 kv. m ölçüdə təmirli yaşayış sahəsinin Cavabdeh təhvil verilməsi; 4. sökülməsi nəzərdə tutulan mənzilin iddiaçı “Ailə Park" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı “Alə Park" QSC tərəfindən Cavabdeh hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsəələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-d il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu. Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12. 12A, 14,14A. 16,16A, 83A və 85A saylı) binalann (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında ‘Ailə Park" QSC-yə 2.7520 hektar torpaq sahəsi ayrılmışdır.Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerqurutuşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu. Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə ‘Ailə Park" QSC-nin istifadəsinə verlməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə bağlanmışdır. ”Ailə Park" QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 03 2020-d il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni yaşayış sahələri ilə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 43 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılığın əldə edilməsi mümkün olmamışdır. Qeyd etmək istəyirik ki, iddiaçı “Ailə Park" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli yaşayış sahələri təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək yaşayış sahələri onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. QSC tərəfindən Cavabdeh digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada 58,8 kv.m ibarət olan təmirli yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək 450 (dörd yüz əlli) manat məbləğində aylıq kirayə haqqı təklif olunur. İddiaçı QSC cavabdehin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 400-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni yaşayış sahələrinin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli yaşayış sahələrinin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyini götürmüşdür. Digər sakinlərdən fərqli olaraq cavabdehə daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Beləliklə cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri- mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar tərəfimizdən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərimizi vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur.“Ailə Park" QSC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hesab edirik ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh qızma məxsus olan yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 58,8 kv.m yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün iddiaçı “Ailə Park* QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, 1. kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 49 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 43 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi; 2. kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 49 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 43 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi; 3. kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 49 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 43 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 5 saylı binanın 9-cu mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 55 kv.m ölçüdə təmirli 46 saylı mənzilin Cavabdeh təhvil verilməsi; 4. sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, növbəti məhkəmə iclasında iştirak edə bilməməyini nəzərə alıb sonuncu ərizədə göstərilənlərə aid aralarında razılıq əldə edilmişdir. Odur ki, iddia tələbini qəbul edir və iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin və cavabdehin iddia tələbini qəbul etməsi barədə ərizəsini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 55 nömrəli xx.xx.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Sərəncamının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07- 635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.696 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binada 48 kv.m ümumi sahədən ibarət 2 otaqlı 43 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən 583 №-li reyestr kitabının 53596 №-li vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 18 mart 2020-ci il tarixli № 1572 saylı müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 27520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azerinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmedovla birlikdə Tikintidə X4 Agentliyinin 03.03. 2020-ci il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmiş, Həsənoğlu küçəsi, bina 14 A Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla bir hissəsi ağac konstruksiyalar üzrə asbest-sement şifer vərəqələrlə, qalan hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüş, eyvan tavalarının alt hissələrində armaturların mühafizə qatları qopub tökülmüş, armaturlar korroziyaya uğramışdır. Eyvan tavalarının yanları hörülərək bağlanmışdır. Bu da konsol tipli balkon tavalarının əlavə yüklənməsinə səbəb olmuşdur. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması nəticəsində atmosfer yağıntıları zamanı divarların nəmlənməsi nəticəsində suvaq qatının qoparaq tökülməsi müşahidə olundu. Bütün bunlar binanın yükdaşıyan elementlərinin zəifləməsinə və gələcəkdə xoşagəlməz fəsadların baş verməsinə səbəb ola bilər. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar.Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsində ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şveller və ikitavan profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu da yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinir artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüds istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələbinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 27520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 27520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 83a saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və Həsənoğlu küçəsində yerləşən ev 12, 43 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmış, əvvəlcə razılıq əldə olunması mümkün olmasa da məhkəmə araşdırması zamanı tərəflər arasında razılıq əldə olunmuşdur. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlıgına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, o mənzili boşaltdığı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) əvəzində yeni inşa olunacaq binada təmirli yaşayış sahələrinin verilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyədək olan hərəkətləri məhz hüquqdan sui-istifadə olmuş, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə etmişdir ki, onun bu hüquqdan suiistifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu suiistifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur. Qeyd olunanlarla yanaşı, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin məhkəmədənkənar razılıq əldə etmələri üçün tədbirlər görülmüşdür. Cavabdeh tərəf xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddianın dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan tələbləri qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbləri baxımından, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi “mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi” hissəsində əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.696 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binada 48 kv.m ümumi sahədən ibarət 2 otaqlı 43 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Belə olan halda, mənzilin cavabdehin qeyri-qanuni sahibliyində olmasından söhbət gedə bilməz və iddiaçı belə bir tələblə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 49 kv.m. olan mənzil boşaldılaraq “Ailə Park" QSC-yə təhvil verilməli və həmin mənzil "Ailə Park” QSC tərəfindən sökülməli, İddiaçı QSC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 49 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 55 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki,iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmədyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 43 saylı mənzili Cavabdeh tərəfindən boşaldılsın və sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilsin. İddiaçı MTK tərəfindən 49 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 43 saylı mənzilinin əvəzinə yeni tikiləcək 5 saylı binanın 9-cu mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 55 kv.m ölçüdə təmirli 46 saylı mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilsin. Mənzil İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1849/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1849/2024
04.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver