Məhkəmə qərarları › İş №2(005)-1857/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1857/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1857/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, aylıq kompensasiyanın və faiz məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, aylıq kompensasiyanın və faiz məbləğinin ödənilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsaslı olduğundan təmin edilməsi, cavabdeh Qaya Qala MTK-dan hazırda aralarında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən inşa olunub qurtaranadək və həmin binadan müqavilə üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin təhvil verilənədək müqavilə üzrə gecikdirilmiş 6000 (altı min) manat kompensasiya məbləği üzrə əsas borcun, 1620 (bir min altı yüz iyirmi manat) AZN fazi məbləğinin, ümumilikdə 7620 (yeddi min altı yüz iyirmi manat) AZN və 50.40 (əlli manat qırx qəpik) AZN dövlət rüsumu məbləğinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsaslandırılmışdır ki, tikinti şirkəti Qaya Qala MMC-nin direktoru X4 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhərində 156 qeydiyyat nömrəli müqavilə bağlamamışdır. Müqavilənin əsas mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən, mülkiyyətində olan mənzil 1.2-ci bəndə əsasən əmlak mülkiyyətçisi mülkiyyətində olan daşınmaz əmlakı tikinti şirkətinə təhvil verməyi və tikinti şirkəti öz növbəsində həmin sahədə yeni inşa ediləcək binanın yerinin müəyyənləşdirilməsi üçün söküntu işləri apararaq müqabilində mülkiyyətçiyə həmin binanın birinci mərtəbəsində nəzərdə tutulmuş qeyri yaşayış sahəsinin ona təhvil verməyi öz üzərinə öhdəlik götürmüşlər. Müqavilənin 1.3-cü bəndində qeyd olunduğu kimi təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin ərazisi 100 (bir yüz) kvadrat metr təşkil etməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən tikinti şirkəti əmlak mülkiyyətçisinə kompensasiya şəklində hər ay 1000 (bir min manat) vəsaitin əvvəlcədən ödəməsini öz öhdəliyinə götürüb və həmin müqavilənin 2.1.4cü bəndində qeyd olunduğu kimi mülkiyyətçiyə həmin müqavilənin 1.4 bəndinə əsasən tikinti şirkətində göstərilən kirayə haqqını tələb etmək hüququ yaranıb. Yuxarıda qeyd olunan bütün müddəalar və şərtlərə iddiaçı tərəfindən tamlıqla əməl edilməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərinin iki bəndini kobudcasına artıq üçüncü aydır ki, pozur. Pozulan müddəalar müqavilənin 1.4-cü və 2.2.4-cü bəndləridir. İddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə sorğu edərək müqavilənin şərtlərini ən qısa müddətdə, yəni 5 gün müddətində icra olunmasını tələb etmiş və bu günə qədər icra olunmamasının səbəblərinin açıqlanmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin nəzərinə çatdırmışdır ki, aralarında bağlanmış olan müqavilənin 6.1-ci bəndində qeyd olunduğu müddəaya riayət edərək cavabdehə yaranmış halın sülh yolu ilə məhkəmədən kənar öz aralarında həll edilməsini tələb və xahiş etmişdir. Yaranmış mübahisənin öz aralarında həllinə 5 (beş) təqvim günü müəyyən etmişdir. Lakin bu günədək cavabdeh tərəfindən nə rəsmi məlumat, nə də şifahi məlumat əldə etmişdir. Razılaşmaya əsasən hər ayın 10-cu təqvim günü onlar tərəfindən müqavilənin şərtlərinə əsasən 1000 (bir min manat) pul vəsaiti kompensasiya qaydasında iddiaçıya ödənilməli idi və eyni zamanda müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsi təhvil verilməli idi. Cavabdeh şəxs iddia tələbində göstərilən məsələlərin hər-hansı birini qərəzli şəkildə icra etmir. İddiaçı tərəfindən ünvanlanan sorğu ilə müraciət xx.xx.2024-cü il tarixdə Cəfərova Ü.Adlı şəxs tərəfindən qəbul edilmişdir (xəbərnamənin əsli əlavə olunur.) Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək iddia tələbini müdafiə etdi, iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərini müdafiə edərək, bildirdi ki, əgər cavabdehin nümayəndəsinin bildirdiyi kimi, müəssisə MTK-ya çevrilmişdirsə, yeni rəhbərlik müqaviləni qəbul etmirdisə, keçən ilin iyun ayından dekabr ayına qədər ödənişlər olmuş, həmin ödənişlər yalnız yanvar ayından etibarən dayandırılmışdır. Bundan başqa cavabdehin nümayəndəsinə müvafiq nizamnamə və digər sənədlərin təqdim edilməsi bildirilsə də hazırda həmin sənədlərin təqdim edilməsi təmin edilməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddiaçının 32 kv.m sahəyə malik yaşayış sahəsi olmuşdur. Rəhbərlikdən sonradan bildirilmişdir ki, müqavilədə "xxxx" sözü texniki səhvlik nəticəsində qeyd olunmuşdur. MTK-da qeyri-yaşayış sahəsi mövcud deyil və şirkət iddiaçını 100 kv.m sahəyə malik yaşayış sahəsi ilə təmin edəcəkləri barədə öhdəlik götürmüşlər. 2023-cü ilin yay aylarında cavabdeh MMC MTK-ya çevrilmişdir. Hazırki MTK-nın sədri bu müqaviləni qəbul etmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin EMİS vasitəsilə ərizə təqdim edərək, məhkəmənin icraatında olan 2(005)-1857/2024 saylı mülkü iş üzrə bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 161 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Əliəşrəf və Əliağa Vahid küçələrinin kəsişməsində pilot layihə çərçivəsində qəzalı binaların yerləşdiyi sahədə yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC-yə, 0,884 ha torpaq sahəsi daimi istifadəsinə verilmişdir. Qeyd edirlər ki, qeyd olunan ərazidə bu gündə Cavabdeh MTK tərəfindən tikinti işləri davam etdirilir. 2023-cü ildə Cavabdeh MMC-nin təsisciləri notarusda təsisci paylarını digər vətəndaşlara satmışdırlar. Bundan sonra yeni təsisçilər Cavabdeh MMC-ni eyni adlı Cavabdeh MTK-ya çevirmişdirlər. 2023-cü ilin sonunda Cavabdeh MTKnın sədri tərəfindən müqavilələr nəzərdən keçirilərkən məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 10 dekabr 2021-ci il tarixdə № 156 saylı müqavilə bağlanmışdır. İddiaçı ünvan 2 ünvanında (qeydiyyat vəsiqəsi seriya ÖM №179640) 32 (otuz iki) kv.m. ibarət qəzalı vəziyyətdə olan (mənzil) yaşayış sahəsini, Cavabdeh MMC-yə qeyri yaşayış sahəsi kimi təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli, 86 nömrəli Qərarında da bir mənalı olaraq göstərilmişdir ki, vətəndaşların mülkiyyətində olan mənzillərin üzərinə 25-30% əlavə sahə verməklə həyata keçirilsin. AR NK Qərarında da qeyri yaşayış sahəsinə əlavə nəzərdə tutulmamışdır. Vətəndaş İddiaçı Cavabdeh MTK-nın ofisinə gəlməsi və müqaviləyə aydınlıq gətirilməsi barədə rəsmi müraciət edilmişdir. Bu səbəbdən də onun kirayə pulu dayandırılmışdır. Lakin vətəndaş İddiaçı Cavabdeh MTK-nın ofisinə gəlməmiş Məhkəmədə iddia qaldırmışdır. Bildirirlər ki, vətəndaş İddiaçı 32 (otuz iki) kv.m. ibarət yaşayış sahəsinin əvəzinə yüksək mərtəbəli binanın 1-ci mərtəbəsində çöldən-çölə beton müstəvisində 100 (yüz) kv.m. təmirli qeyri yaşayış sahəsinin və aylıq 1000 (bir min ) manat kirayə pulunun verilməsi həm digər sakinlərin həm də Cavabdeh MTK -nin təsisçilərinin haqlı narazıçılıqlarına səbəb olur. Vətəndaş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli № 156 saylı müqavilənin qismən ləğv edilməsi üçün danışıqlar aparılır, rəsmi pritenziya məktubu göndərilmişdir. Danışıqlar və Pritenziya məktubuna müsbət cavab olmadıqda Məhkəməyə müraciət olunacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 27 iyul 2024 cü il tarixində saat 09; 30 təyin edilmiş 2(005)-1857/2024 saylı mülkü işin təxirə salınmasını xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli 156 №-li müqavilənin 1.2-ci bəndinə əsasən “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən Qeydiyyat Vəsiqəsi seriya ÖM №179640 qeyd olunmuş 32 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış Binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyekti qəbul etməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən “Tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (birinci) mərtəbəsində çöldən-çölə beton müstəvisində 100 (bir yüz) kv.m təmirli qeyriyaşayış sahəsini “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayış sahəsilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu Müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1000 (bir min) manatı əvvəlcədən ödəyir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanan xx.xx.2024cü il tarixli məktubdan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin 5 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və Cavabdeh MMC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında 10 dekabr 2021-ci il tarixli 156 №-li müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən 32 kv.m-dən ibarət yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış Binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini «Mülkiyyətçi»nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, iddiaçı ilə Cavabdeh MMC arasında 10 dekabr 2021-ci il tarixli 156 №-li müqavilə bağlanmış, sonradan iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 32 kv.m ibarət yaşayış sahəsinin yerləşdiyi ərazidə hündürmərtəbəli yaşayış binasının tikilməsi Cavabdeh MMC-nə həvalə edilmiş, bununla da 10 dekabr 2021-ci il tarixli 156 №-li müqavilə üzrə “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış Binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini iddiaçının mülkiyyətinə verilməsi, təmirli qeyri-yaşayış sahəsinin təhvil veriləcəyi günədək bu Müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1000 (bir min) manat vəsaiti əvvəlcədən ödəməsi öhdəliyini Cavabdeh MMC öz üzərinə götürmüşdür. Lakin Cavabdeh MMC 10 dekabr 2021-ci il tarixli 156 №-li müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. Məhkəmə bildirir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh MMC yuxarıda qeyd edilən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə ilə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli 156 №-li müqavilənin 1.4-cü bəndinə əsasən cavabdeh Şirkət inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisini təmirli qeyri-yaşayış sahəsilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu Müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1000 manatı əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahata əsasən cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Cavabdeh tərəf isə məhkəmədə qeyd edilən müqavilə üzrə ödənişlərin dayandırıldığını mübahisə etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 10 dekabr 2021-ci il tarixli 156 №-li müqavilənin 1.4-cü bəndinin tələbləri müqavilə üzrə tərəf olan Cavabdeh MMC tərəfindən pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi kompensasiya ödənişinin gecikdirilməsi ilə bağlı yaranmış borcun tutulması, habelə müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsinin təhvil verilməsinədək müqavilə üzrə nəzərdə tutulmuş aylıq 1000 manat pul vəsaitinin tutulması hissələrin təmin edilməli, Cavabdeh MMC-dən 6000 manat pul məbləği habelə iddiaçını təmirli qeyri-yaşayış sahəsi ilə təmin edən günədək hər ay 1000 manat məbləğində kompensasiya tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın “bank uçot dərəcəsinə əsasən faizlərin tutulması” hissəsində iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. (AR MM-nin 445.7-ci, 448.1-ci, 448.2-ci, 449.2-ci maddələri) Məhkəmə hesab edir ki, iddiaçı, kreditor olaraq vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı faiz ödənilməsini tələb edirsə, bu zaman o, öz fəaliyyətinin strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, tez bir zamanda yüksək gəlir əldə edə biləcəyini təsvir və sübut etməli idi. Belə ki, iddiaçı cavabdehin aylıq ödənişlərini ödəməkdən imtina etməsi ucbatından əldə edə biləcəyi hansı fayda, gəlir və bəhərdən məhrum olmasını lazımi qaydada əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə, cavabdehin səlahiyyətli şəxslərinin əməllərində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi üçün xüsusi qərardadın çıxarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanununun 8.1.6-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə iddiaçılar 100 manat dövlət rüsumu ödəyirlər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, habelə 50 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 6000 (altı min) manat ödənilməmiş borc, Cavabdeh MMC tərəfindən müqavilə şərtləri üzrə İddiaçı qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 1000 manat kompensasiya və 50 (əlli manat) manat dövlət rüsumu məbləği İddiaçı xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 50 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar