Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1862/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı işə bərpa tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin Bərdə regional Mərkəzinin Mikrobioloji və Molekulyar diaqnostika şöbəsində müdir vəzifəsində işləməsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, 3-22-1/3-1-554/2023 nömrəli əmrin etibarsız hesab edilərək, işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xeyli müddətdir Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin Bərdə regional Mərkəzinin Mikrobioloji və Molekulyar diaqnostika şöbəsində müdir vəzifəsinə təyin edilmişdir. Buna baxmayaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsas götürülərək və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında əsasnamənin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq, tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasını bu günədək ala bilməmişdir. Ona təsir və təzyiq edərək, ərizə yazdırıb işdən çıxartmışlar. İşdən azad edilməyinə səbəb onun günahı və təqsiri deyildir. Onun işdən çıxarılmasına həmkarlarının razılığı yoxdur. Onu hədələmişlər ki, könüllü ərizə verməsə, qərarla işdən çıxaracaqlar. O da, qorxu ilə ərizə yazmış, lakin fikirləşmiş ki, daha sonra məhkəmə qaydasında müraciət edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndələri Nümayəndə və X2 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd ollunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya üçün müraciətin tarixi xx.xx.2023-cü il qeyd edilmişdir; xx.xx.2023-cü il tarixli, 3-22-1/3-1-554/2023 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin Bərdə regional Mərkəzinin Mikrobioloji və Molekulyar diaqnostika şöbəsində müdiri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xx.xx.2023cü il tarixində xitam verilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin Bərdə regional Mərkəzinin Mikrobioloji və Molekulyar diaqnostika şöbəsində müdir vəzifəsinə təyin olunmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, təsiri altında yazdığına istinad edərək xx.xx.2023-cü il tarixli əmrin etibarsız hesab edilməsini (ləğv edilməsini) və işə bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır (Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsi). Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizə yazsa da, bunu müəssisənin direktor əvəzi Rahib Abdullayevin, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxaracığına dair hədəsi altında, məcbur qalaraq yazdığını, əslində işdən çıxmaq niyyəti olmadığını bildirmişdir. Bu halı işdən çıxarıldıqdan sonra mediasiya təşkilatına müraciəti ilə əsaslandırmışdır. Lakin həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndələri isə iddiaçıdan hər hansı izahat alınmadığını, hər hansı məcburiyyət olmadığını, ərizəni könüllü yazdığını bildirmişlər. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, təsir və təziq altında yazdığını bildirdiyindən həmin halın sübuta yetirilməsi vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Hazırki halda isə iddiaçı həmin halları yalnız izahatında bildirməklə kifayətlənmiş, iddiasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Halbuki məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinin məzmununa əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə vurğulayır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının işdən çıxarıldıqdan sonra hazırki vaxtadək əmək kitabçasının verilməməsi dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin hal qanunauyğun şəkildə qəbul edilmiş etibarsız hesab edilməsi (əmrin ləğv edilməsi) üçün əsas ola bilməz. O da nəzərə alınmalıdır ki, əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndi). Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə tutulması tələbinə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsəffüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1862/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1862/2024
30.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver