Məhkəmə qərarları › İş №2(005)-1868/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1868/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1868/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxxx”MMC-yə qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 2018-ci ilin oktyabr ayında internetdə (Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində prokurorluq işçiləri üçün “xxxx” MMC tərəfindən tikilən binada mənzil satışının olduğunu öyrənmiş, oradan mobil nömrəsini aldığı X11 ilə telefonla danışaraq (mobil tel: *** *** ** **), Zaurun yönləndirdiyi özünü tikinti rəisi olduğunu iddia edən Fikrət adlı şəxslə birgə satışda olan mənzilə baxmışlar. Mənzilə baxdıqdan sonra Zaur onu Lider TV-nin yaxınlığına yerləşən ofisinə çağırmışdır. Bildirmişdir ki, əgər ödənişi bir ay ərzində etsə, baxdıqları mənzilin qiyməti 82000 AZN olacaq. X15 ofisində ona 300 AZN beh verib ilkin razılaşmışlar. Daha sonra tələbə yoldaşı Qorxmaz İbrahimli ilə yenidən Zaurun ofisinə qalan şərtləri danışmağa getmişlər və orada məlum olmuşdur ki, Zaurun atası Qorxmaz İbrahimlinin əmisi Məmməd Arazın (xalq şairi) evinə gedib gəlirmiş. Beləliklə, arada səmimiyyət yaranmış və Zaurun sözünə inanmağa qərar vermişlər. Bir neçə gün sonra İqbal, Zaur və dostu İsa 5 saylı Asan Xidmət mərkəzinə beh məqsədi ilə 10000 AZN ödəməyə getmişlər. Orada Zaur şəxsiyyət vəsiqəsinin üstündə olmadığını səbəb gətirərək, dostunun şəxsiyyət vəsiqəsi üstündə olduğundan onun adına ödəniş etməyi xahiş etmişdir. İqbal da X9 (şəxsiyyət vəsiqəsi: AA0395287) 10.000 AZN vermiş. İki gün sonra Zaur təcili pul lazım olduğunu bildirərək yenidən 10.000 AZN tələb etmişdir. Bu dəfə vaxt gec olduğundan və Asan xidmət mərkəzi bağlı olduğundan 10.000 AZN müqaviləsiz verməyə məcbur olmuşlar. Daha sonra qalan məbləği toplamaq üçün təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları dəyər-dəyməzinə sataraq və 26000 AZN də borc alaraq məbləği birtəhər tamamlamış və 19 noyabr 2018-ci ildə o, və oğlu İqbal müqavilə imzalamaq üçün şirkətin ofisi olduğu iddia edilən yerə getmişlər. Orada Şahin adlı şəxs (mobil tel: *** *** ** **) onları qarşılamışdır. O, oğlu Zaur, Zaurun dostu İsa, Fikrət və şirkətin direktoru olduğunu iddia edən Şahinlə müqavilə imzalamışlar. Onlara müqavilə təqdim edilmişdir. Müqavilədə evin dəyərinin onlara deyiləndən fərqli olduğunu və mədaxil qəbzində 74.000 AZN qeyd olunduğunu görmüşlər. Belə olduqda Şahin onlara bunun şirkətlə Zaur arasındakı daxili bir məsələ olmasını və onlara heç bir aidiyyəti olmadığını demişdir. Bir ay sonra borcsuz, tam şəkildə müqavilə və evin maliyyə kağızının veriləcəyini iddiaçıya bildirilmişdir. Dekabrın sonunda evin təhvil veriləcəyi deyilmiş və onlar da hal-hazırda kirayə yaşadıqları üçün tezliklə təmir edib oraya köçməyi planlaşdırmışlar. Dekabrın sonunda Zaur arayışın hələ hazır olmadığını və yanvar ayında verəcəyini demişdir. Onlar 20 yanvar 2019-cu ildə binanın ərazisində yenidən Zaur və Fikrətlə görüşmüş, ancaq məsələnin yekunlaşmadığını bəhanə edərək, fevralın axırında maliyyə arayışı verəcəklərini bildirmişlər. Bu minvalla məsələ uzanmağa başlamışdır. Hər dəfə ayrı bəhanə uyduraraq, onları aldatmışlar. Bu müddət ərzində Seyid Namiq və Zaurun qardaşı olduğunu iddia edən Asif adlı şəxs də məsələyə qarışıb, hər dəfəsində bir ay möhlət istəmişlər. Tərəflər arasında bağlanmış 19.11.2018-ci il tarixli müqavilənin 3.2.2ci bəndinə əsasən “İcraçı” bütün tikinti-quraşdırma və binanın istismara qəbul edilməsi işləri yekunlaşdırıldıqdan sonra mənzilin təhvil-təslim aktı ilə 2018-ci ilin dekabr ayınadək “Sifarişçi”yə təhvil verilməsini öhdəsinə götürür. Qeyd edilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış 19.11.201 8-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilmiş yaşayış binasının “A” blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil üçün ödədəyi 82.000 manat məbləğində pulun, bir ili üçün 8% olmaqla, 15 aya itirdiyi gəlir 820 manat və ona vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manatın cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 19.11.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilmiş yaşayış binasının “A” blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil üçün ödənilmiş 82.000 manat məbləğində pulun, 2019-cu il üçün 8 faiz olmaqla, 13 aya faiz faiz dərəcəsi 7106 manat, 2020-ci il üçün 7 faiz olmaqla 13 aya faiz dərəcəsi 6218 manat, cəmi itirdiyi gəlir 13324 manatın və ona vurulmuş mənəvi zərərə görə 5000 manatın cavadbeh Cavabdeh MMCdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx”MMC-nin nümayəndəsi X1 İlhamın onlara 50000 manat pul ödədiyini, daha sonra “xxxx” MMC tərəfindən həmin pulun 12000 manatını geri ödədiklərini, yalnız cavabdehin iddiaçıya 38000 manat borclu olduqlarını qeyd edərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 19.11.2018-ci il tarixli, 39/18№-li kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən «İcraçı» Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının «A» blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.21 m2 olan, 3 otaqlı 21 №-li mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, «Sifarişçi» isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. «İcraçı» mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə «Sifarişçi»yə təhvil verməli, «Sifarişçi» isə müqavilə ilə müəyyən olunmuş müddətdə mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməlidir. Mənzilin dəyərinin ödənişi «Sifarişçi»nin arzusu ilə cədvəldə nəzərdə tutulduğundan daha tez müddətdə həyata keçirilə bilər. İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 19.11.2018-ci il tarixli, 39/18№-li kredit müqaviləyə əsasən 21 saylı mənzilə 74000 manat ödənil edilmişdir. İş materiallarında olan 27.10.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X2 İsa Vahid oğluna 10000 manat məbləğində borc vermişdir. Borc alan 27.12.2018-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının «A» blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.21 m2 olan, 3 otaqlı 21 №-li mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, iddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliklərini icra etmiş, cavabdeh isə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən ”əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh “xxxx” MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçının qarşısındakı öhdəliyini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə aldığı pulu iddiaçıya geri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 19.11.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilmiş yaşayış binasının “A” blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil üçün ödənilmiş 74.000 manat “xxxx” MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Mənzilin dəyərini təşkil edən əlavə 10000 manatın cavabdehə verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə həmin məbləğin cavabdehdən tutulmasını mümkün hesab etmir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı mənzilin ona təhvil verilməməsi və ödədiyi pulun ona geri qaytarılmaması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 5000 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər”. Məhkəmə eyni zamanda əldən çıxmış fayda kimi cavabdehə ödənilən məbləğə hesablanmış faizlər barədə tələbin təmin edilməsini mümkün hesab etmir və qeyd edir ki, bu tələb ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim edilmədi. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-dən 74.000 (yetmiş dörd min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar