Məhkəmə qərarları › İş №2(005)-1877/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1877/2022

31.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1877/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC -nin xx.xx.2021-ci il, 303/A nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İRŞAD ELEKTRONİCS" MMC-də 2021-ci il 11 fevralda satış məsləhətçisi kimi işə düzəlmiş və ona tapşırılan bütün işlərin öhdəsindən gəlmiş, ləyaqətlə icra etmişdir. İddiaçı ali təhsili olduğu üçün iş prosesini tez qavramış, lakin "xxxx" MMCdə ona qarşı qərəzli mövqelərinin olmasını hiss etdikdən sonra, o işdən çıxma haqqında ərizəsini xx.xx.2021-ci il tarixdə MMC-yə poçt vasitəsilə göndərmişdir. Buna baxmayaraq "xxxx" MMC-nin məsul şəxsləri qərəzli və qanunsuz olaraq xx.xx.2021-ci il, 303/A nömrəli əmrlə onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Qanunvericiliyə əsasən məhkəmədən öncə olan mediasiya prosesinə də cavabdeh tərəf gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, o, 11 fevralda 2021-ci il satış məsləhətçisi kimi "xxxx" MMC-də işə düzəlmiş və ona tapşırılan bütün işlərin öhdəsindən gəlmiş, ləyaqətlə icra etmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində qabaqcadan tanımadığı bir xanım onun işlədiyi yerdə, yəni Nərimanov rayonunda yerləşən "xxxx" MMC-nin mağazasında ona yaxınlaşaraq telefon qulaqcığının qiymətini soruşmuş və baha olduğunu bildirərək, daha ucuz qiymətə bu qulaqcıqlardan olsa ona bildirilməsini təklif etmiş və iddiaçının əlaqə telefon nömrəsini götürmüşdür. İki -üç gündən sonra iddiaçı həmin xanıma məlumat vermişdir ki, digər bir yerdə daha ucuz qiymətə ala bilərsiniz. Həmin gün xanım işlədiyi mağazanın qabağında pulu ona vermiş və iddiaçıya gedib alıb gətirməsini demişdir. Bundan sonra o müdiriyyətdən bir saatlıq rəsmi icazə almış və xanımın istədiyi qulaqcığı alıb, mağazanın qabağında özünə vermişdir. Sabahısı gün müdiriyyət onu çağırıb, müştəri ilə bağlı suallar verərkən o da hadisəni danışmış və bildirmişdir ki, onların mağazasında mal baha olduğu üçün, xanıma köməklik məqsədilə başqa yerdən ucuz qiymətə mal alıb ona vermişdir. Lakin "xxxx" MMC-nin rəhbərliyi onun bu humanist addımı pis qiymətləndirib, ona qarşı qərəzli mövqedən çıxış edərək, ali təhsilli olduğu üçün və ona zərər vurmaq məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişlər. Halbuki bundan, yəni onların əmr verməsindən bir həftə qabaq o öz xahişi ilə işdən çıxma ərizəsini poçt vasitəsilə MMC-yə göndərmişdir. Ancaq ona qarşı qərəzli mövqedə olan "xxxx" MMC-nin rəhbərliyi heç bir hüquqi əsas olmadan onu işdən azad etmişdir. "xxxx" MMC-də işlədiyi müddətdə heç vaxt əmək intizamını pozmamış və ona tapşırılan işin öhdəsindən layiqincə gəlmişdir. Həmçinin işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmin gündə işdən rəsmi icazə almışdır. İddia tələbini müdafiə etdiyini, işə bərpa olunmasını xahiş etmişdir Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, ihçi İddiaçı əmək intizamını pozmuşdur. Belə ki, o işəgötürənin mənafeyinə zidd hərəkətə yol vermiş, müştəriyə başqa mağazadan məhsul təklif etmişdir. Buna görə də, işçini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edərkən işəgötürən qanunvericiliyin tələbini pozmamışdır. İddia tələbini qəbul etmir, rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 303/A saylı “işdən azad olunma” barədə əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir; İddiaçı "xxxx" MMC-yə ünvanladığı ərizənin məzmununda “Nəzərinizə çatdırmaq istəyirəm ki, 11 fevral 2021-ci il tarixindən hal-hazırki dövrə qədər müəssisənizdə satış məsləhətçisi işləyirəm. Bu vaxta qədər iş fəaliyyətimdən heç bir qüsur aşkarlanmamışdır. Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsiin 68 və 69-cu maddələrini rəhbər tutaraq 21 sentyabr 2021-ci il tarixdən məni öz xahişimlə işdən azad edəsiniz” göstərilmişdir; (həmin ərizə "xxxx" MMC-yə poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə göndərilmişdir) xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında İddiaçı bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh işəgötürən «İrşad-Electronics” MMC İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan və iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən mülki iş üzrə hallar araşdırılarkən İddiaçı İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş pozuntulara yol verməsi aşkar edilməmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, işçi öz xahişi əsasında işdən çıxması barədə işəgötürənə xx.xx.2021-ci il tarixdə ərizə göndərmiş, cavabdeh «İrşad-Electronics” MMC bu halı nəzərə almadan işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, məhz onun yol verdiyi pozuntuların müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə sonuncunun işgüzar nüfuzuna xələl gətirməsi (müştəriyə mağazanın məhsulundan daha ucuz məhsul təklif etmə) səbəbindən xitam verildiyini irəli sürsə də, məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində sözügedən ziyanın ortaya çıxdığını (yarandığını) kifayətedici aydınlıqla sübuta yetirə bilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh müəssisə vurulmuş maddi ziyanın iddiaçının qəsdən və bilərəkdən sistematik olaraq etməsi iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi özünə maddi ziyan vurulmasını hesab edən cavabdeh "xxxx" MMC İddiaçı barəsində xx.xx.2021-ci il, 303/A nömrəli əmri verərkən həmin ziyanın məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində yarandığını təsdiq edə biləcək təkzib olunmaz sübuta malik olmamış, belə sübut məhkəməyə də təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, ilkin iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının konkret hansı pozuntuya yol verdiyi barədə məlumat göstərilməmişdir. Məhkəmənin qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçı iddia ərizəsinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" MMC-nin İddiaçı barəsində xx.xx.2021-ci il tarixli 303/A saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC satış məsləhətçisi vəzifəsinə bərpa edilsin. xx.xx.2021-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı "xxxx" MMC tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar