Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1878/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “direktorluq müqaviləsinin bağlanması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “direktorluq müqaviləsinin bağlanması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin onunla vakant olan məktəblərdən birində direktorluq müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-2025-ci, yəni bu tədris ilində Şirvan- Salyan Regional Təhsil İdarəsinin təşkil etdiyi şagird sayı 500-dən aşağı olan məktəblərə direktorluq müsabiqəsindən (həm test, həm də müsahibə mərhələsindən) uğurla keçmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində müsabiqənin test imtahanı mərhələsi təşkil edilmişdir və 45 sualdan 39-na düzgün cavab verərək test imtahanı mərhələsindən uğurla keçmi, test imtahanı mərhələsi kompüterlə elektron təşkil edilmişdi və iddiaçı “imtahanı bitir” düyməsini vurduqda ekranda neçə düz yazdığını görmüşdür. Bir müddətdən sonra test imtahanı mərhələsindən uğurla keçməsi barədə mesaj gəldi və həmin mesajda müsahibə mərhələsində iştirakla bağlı məlumat göndəriləcəyi də yazılmışdır. xx.xx.2024cü il tarixində müsabiqənin müsahibə mərhələsi təşkil edildi. Elə həmin gün müsahibə mərhələsindən uğurla keçdiyini bildirən mesaj göndərildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-716 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi” qaydalarının 3.6-cı bəndinə əsasən müsahibədən keçmiş namizədlər vakant məktəblərə təyin edilirlər. İddiaçı sənəd qəbulu zamanı iki məktəb seçmişdir - Biləsuvar rayonu Səmədabad kənd tam orta məktəbi və Nərimankənd tam orta məktəbi. Direktorluq müsabiqəsi zamanı Biləsuvar rayonundan ondan başqa bir namizəd keçə bilmişdi və o da ərizə və izahatla direktorluqdan imtina etmişdir. Həmin dövrdə və elə indi də Biləsuvar rayonundan ondan başqa heç bir müsabiqədən keçmiş namizəd yoxdur. Oktyabr ayında Biləsuvar rayonunda 5 vakant məktəb mövcud idisə, hal-hazırda 7 vakant məktəb mövcuddur. İddiaçı direktorluqdan imtina etməmişdir, bununla bağlı ərizə, yaxud izahat yazmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab X2 şəhərində təşkil edilən qəbulunda iştirak etmiş və nazir kamera qarşısında ona “siz istədiyiniz məktəbə direktor kimi gedə bilərsiniz” sözünü demişdir. Lazım olduğu təqdirdə həmin görüşün kamera görüntülərinə də baxmaq olar. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yarandıqdan sonra direktorlarla müqavilə bağlamaq və müqaviləyə xitam vermək agentliyin səlahiyyətindədir. Belə ki, şagird sayı 500-dən aşağı olan məktəblər üçün müsabiqəni regional təhsil idarələri təşkil edir və müsahibədən, yəni ümumilikdə müsabiqə mərhələsindən keçən şəxslərlə müqaviləni isə agentlik bağlayır. Lakin iddiaçı dəfələrlə müraciət etsə də, təəssüflər olsun ki, müraciətinə əhəmiyyət verilmədi. Hətta, agentlikdən heç kim xx.xx.2025-ci il tarixində təşkil edilmiş mediasiya prosesinə gəlmədi. Hal-hazırda Biləsuvar rayonunda faktiki olaraq ehtiyat kadrda olmağına və üstəlik də 7 məktəbdə vakant direktor vəzifəsi mövcud olduğu halda onun əmrini heç bir məktəbə vermirlər. Üstəlik də iki direktorluq müsabiqəsindən keçən şəxs olduğu halda 7 vakant yer mövcuddur. Yəni, kifayət qədər yer var və əmr vermək olar. Oktyabr ayının 23-dən, təxminən 4 aya yaxın bir müddətdə hələ də əmr verilməyib və səbəbi də bilinmir. Oktyabr ayında direktor kimi əmri verilsəydi, iddiaçı direktor vəzifəsində çalışa bilərdi və maddi sıxıntı da çəkməzdi. Yəni, 4 ay ərzində direktorluq müqaviləsinin bağlanmaması ona maddi ziyan da vurmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, iddiaçı ərizəsində qeyd edir ki, şagird sayı 500-dən aşağı olan məktəblərə direktor təyin edilməsi üçün keçirilən müsabiqədən uğurla keçməsinə baxmayaraq, Biləsuvar rayonunda 7 vakansiya mövcud olduğu halda, onun təyinatı heç bir məktəbə rəsmiləşdirilmir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-404 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları”nın 3-cü maddəsinin 6-cı hissəsinə əsasən namizədlərin vakant yerlərə yerləşdirilməsi müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan yerli təhsil idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılır. İddiaçı qurumlara təqdim etdiyi ərizə əsasında aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, o, ümumtəhsil məktəblərində psixoloq vəzifəsində çalışmış, lakin işlədiyi dövrlərdə pedaqoji fəaliyyət – yəni ixtisası üzrə dərs deməklə bağlı hər hansı saat aparmamışdır. Qeyd edilməlidir ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları”nın 2.1-ci bəndinə əsasən, müsabiqədə iştirak etmək hüququna yalnız pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər malikdirlər. “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”a əsasən Ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda, peşə məktəbi və peşə liseylərində inzibati-təsərrüfat, tədris köməkçi tərkibdən olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasaları üzrə həftədə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər. Eyni zamanda, həmin Normalarda da açıq şəkildə qeyd olunur ki, yalnız il ərzində azı 120 saat dərs deyən inzibati-təsərrüfat və digər qeyri-pedaqoji vəzifələrdə çalışan işçilərin fəaliyyəti pedaqoji staj kimi tanınır. Müvafiq sənədlərlə sübuta yetirilmişdir ki, İddiaçı psixoloq vəzifəsində çalışdığı müddətdə heç bir dərs saatı aparmamışdır. Bu hal, onun pedaqoji fəaliyyət göstərmədiyini və nəticə etibarilə pedaqoji stajının formalaşmadığını təsdiqləyir. Pedaqoji stajın yaranması üçün tələb olunan dərs saatının olmaması onun bu meyar üzrə uyğun olmadığını göstərir. Beləliklə, yuxarıda göstərilən hüquqi aktlara əsasən, İddiaçı direktor vəzifəsinə namizədliyinin etibarsız sayılması hüquqi baxımdan əsaslı və qanunvericiliyə tam uyğun hesab olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-404 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları”nın 3-cü maddəsinin 1-ci hissəsinə əsasən Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron sistem vasitəsilə keçirilir. Həmin Qaydaların 3-cü maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən Müəssisələrdə mövcud olan vakansiyalar müəyyənləşdirilmiş zəruri məlumatlar qeyd olunmaqla yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və Nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan olunur. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və namizədlərin tələblərə cavab verən elektron ərizələri təsdiq edilir. Bu mərhələdə namizədlərə 4 vakant yer (namizədin hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Həmin Qaydaların 3-cü maddəsinin 6-cı hissəsinə əsasən Namizədlərin vakant yerlərə yerləşdirilməsi müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan yerli təhsil idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılır. Həmin Qaydaların 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə əsasən Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər. 3.8. Müsabiqənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 (iki) ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər. Həmin Qaydaların 3-cü maddəsinin 9-cu və 10-cu hissələrinə əsasən Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda şagird sayı daha çox olan məktəblərə yerdəyişməsinə icazə verilir. Bu zaman son 3 il ərzində məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında qərarının 5.13-cü bəndinə əsasən, Direktorun fəaliyyətinin təşkili qaydası, Nazirliyin təsdiq etdiyi əsasnamə və məktəbin nizamnaməsi ilə müəyyən edilir. Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “vakant olan məktəblərdən birinə direktorluq müqaviləsinin bağlanması ilə bağlı” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələblərini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.4-cü maddəsinin tələblərini əsas götürməklə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan: - Bakı 15 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasına (İMS) iştirak edilməməsi barədə MŞB/MT015/2025-0023/02 saylı xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı İMS-də iştirak etmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə İMS-də iştirak etməmişdir. - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu ildə Biləsuvar rayonu Günəşli kənd orta məktəbinə psixoloq, xx.xx.2023-cü il tarixdə həmin məktəbə məktəblinin təlim-tərbiyə işləri üzrə 3 aylıq direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı tutduğu vəzifədən xx.xx.2023-cü ildə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad edilmişdir. xx.xx.2023-cü ildə yenə adıçəkilən məktəbə həvalə yolu ilə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə könüllü əsaslarla təyin edilmiş, xx.xx.2023-cü ildə məktəbin psixoloq vəzifəsindən azad edilmiş, həmin tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü ildə vəzifəsindən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı məktəb direktorluğu imtahanından müvəfəqqiyətlə keçmiş, lakin cavabdeh Məkətəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi onunla müqavilə bağlamaqdan və onu vakant direktorluq vəzifəsi üzrə təyin etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının vakant direktor vəzifəsinə təyin edilməsindən imtinasını onunla əsaslandırır ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada kifayət qədər pedaqoji stajı yoxdur. İddiaçı isə bildirir ki, onun qanunla müəyyən edilmiş 5 ildə artıq pedaqoji stajı mövcuddur. Belə ki, Biləsuvar rayonu Günəşli kənd orta məktəbində məkətəbin psixoloqu və direktor vəzifələrində işləmişdir. Bundan başqa onun magistr ixtisas dərəcəsi var və bu da elmi ad sayılır. Elmi ad olduqda isə direktorluq vəzifəsi üçün 3 il pedaqoji staj kifayətdir ki, onun ümumilikdə magist ixtisası üzrə oxuduğu müddəti də nəzərə aldıqda 6 il 3 ay pedaqoji stajı vardır. İşin materialları ilə həmçinin müəyyən edilir ki, iddiaçı son iş yerindən işdən azad olunmuşdur. Hazırda pedaqoji fəalyyətlə məşğul olması isə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normaların 3-cü hissəsinə əsasən ümumtəhsil məktəblərində, lisey, gimnaziyalarda, peşə məktəbləri və peşə liseylərində kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və təhsil müəssisəsinin özündə çalışan qeyri pedaqoji işçilər il ərzində 120 saatdan az olmayaraq dərs tədris edərlərsə həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları”nın 2.1-ci bəndinə əsasən, müsabiqədə iştirak etmək hüququna yalnız pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər malikdirlər. Göründüyü kimi, mübahisə ilə məsələləri tənzimləyən qanunvericilik normalarının tələblərinə əsasən məktəblərdə (bütün tipdən olan ümumtəhsil məktəbləri, liseylər, gimnaziyalar, peşə məktəbləri və peşə liseyləri üzrə) direktor vəzifəsinə təyin edilmək arzusunda olan şəxsin pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olmalı, azı 5 il pedaqoji staja malik olmalı və hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olmalıdır. Pedaqoji staj isə şəxsin il ərzində 120 saatdan az olmayaraq dərs tədris etməsi nəticəsində formalaşmalıdır. İddiaçının isə işlədiyi müddət ərzində pedaqoji fəaliyyətlə məşğul olması, il ərzində 120 saatdan az olmayaraq 5 il dərs saatı aparması müəyyən edilmir. İddiaçının stajı yalnız məktəbdə psixoloq və direktor müavini olmaqdan ibarət olmuşdur. Bundan başqa, iddiaçı hal-hazırda da pedaqoji fəaliyyətlə məşğul olmur. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh hazırda iddiaçı ilə əmək müqaviləsinin bağlanmamasını yuxarıda qeyd olunanlarla əsaslandırır. Belə olan halda əmək qanunvericiliyinin tələblərinə əsasən, əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən xüsusatlar nəzərə alındıqda, iddiaçı cavabdehin üzərinə əmək (direktorluq) müqaviləsinin bağlanması öhdəliyinin həvalə edilməsini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edilən hallara əsasən hesab edir ki, cavabdehin iddiaçını müvafiq vakant direktorluq vəzifəsi üzrə yerləşdirməkdən imtina etməsi əsaslı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “direktorluq müqaviləsinin bağlanması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1878/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1878/2025
07.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver