Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1881/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Cavabdeh1nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 510/ü nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və Standartlaşdırma Mərkəzinin Təmir-Quraşdırma şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilməklə işə qəbul edilmişdir. xx.xx.2009-cu ildə həmin Mərkəzin X6 şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu ildə həmin şöbədə aparıcı mütəxəssis vəzifəsinə, xx.xx.2014-cü ildə həmin şöbədə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və Standartlaşdırma Mərkəzi Nazirliyin xx.xx.2014-cü il tarixli, 451/ü nömrəli əmri ilə Milli Hidrometeorologiya Departamentinin tabeliyinə verilmişdir. xx.xx.2014-cü ildə X6 və kalibrlənmə laboratoriyasına rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və Standartlaşdırma Mərkəzi ETSN-nin tabeliyinə verilmişdir. xx.xx.2020-ci il tarixli, 510/ü nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) ləğv edilmişdir. Həmin əmr qanunsuz qəbul edildiyindən ləğv edilməli, o işə bərpa edilməli və məcburi işburaxma üçün ona pul ödənilməlidir. Cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Cavabdeh1 tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin faktiki əsası kimi həmin vaxt işlədiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və Standartlaşdırma Mərkəzinin ləğv edilməsi göstərilmiş və hüquqi əsas kimi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilmişdir. Onun işlədiyi Mərkəzin ləğv edilməsi əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməklə işdən çıxarılmağı və əmək müqaviləsinin ləğv edilməsinin heç bir hüquqi əsas yoxdur. Belə ki, nə əvvəllər qüvvədə olmuş, nə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının əmək qanunvericiliyi müəssisənin ləğvi anlayışını vermir. Ona görə də AR ƏM-nin 70-ci maddəsinin “a” bəndini tətbiq edərkən, hüquqi şəxslərin təşkili, yenidən təşkili və ləğvi qaydasını tənzimləyən AR MM-nin müddəalarından istifadə etmək zəruridir. Onun xx.xx.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Cavabdeh1nə ünvanlanmış müraciətinə verilmiş xx.xx.2020-ci il tarixli, 20/H-333 nömrəli cavab məktubunda işlədiyi Metrologiya və Standartlaşdırma Mərkəzinin müstəqil balansa malik hüquqi şəxs olduğu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sturukturunun və idarəedilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına müvafiq yaradılmış Milli Hidrometeorologiya Xidmətinin nəzdində fəaliyyət göstərən Metrologiya və Standartlaşdırma Mərkəzinin ləğv edildiyi göstərilmişdir. Göründüyü kimi onun uzun müddət işlədiyi Metrologiya və Standartlaşdırma Mərkəzi müstəqil balansa malik hüquqi şəxs olmuş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sturukturunun və idarəedilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına müvafiq yaradılmış Milli Hidrometeorologiya Xidmətinin nəzdində fəaliyyət göstərən Metrologiya və Standartlaşdırma Mərkəzi ləğv edilmişdir. Belə olan halda yəni sturuktur dəyişikliyi və idarəedilmənin təkmilləşdirilməsi ilə əlaqədar ləğv edilmiş mərkəzin hüquq və vəzifələri başqa şəxslərə - Xidmətin özünə keçmişdir və bu baxımdan onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Çünki işlədiyi Milli Hidrometeorologiya Xidmətinin nəzdində fəaliyyət göstərən Metrologiya və Standartlaşdırma Mərkəzinin hüquq və vəzifələri Milli Hidrometeorologiya Xidmətinin özünə keçməklə müəssisə fəaliyyətini davam etdirmişdir. Müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinin ləğvi haqqında qaydalar qanunvericilikdə müəyyən olunmuş qaydada müəssisənin struktur bölməsinin fəaliyyətinə xitam verilməsi halında tətbiq oluna bilməz və belə olan halda onunla bağlanmış əmək müqaviləsinin həmin əsasla ləğv edilməsi qanunsuzdur. Onun işlədiyi Mərkəz hüquq vəzifələri başqa şəxslərə keçməklə sadəcə adı dəyişmiş və hazırda əvvəlki yerində fəaliyyət göstərir. Onunla həmin Mərkəzdə işləyən şəxslər hazırda da orada işləyir. Onunla bağlanmış əmək müqaviləsi ləğv edilən zaman ona struktur dəyişikliyi ilə əlaqədar işdən çıxarıldığı və 2-3 aya yenidən işə bərpa ediləcəyini vəd etsələr də, sonradan onun işə bərpa edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr imzalanmasına baxmayaraq hazırda həmin müqavilənin elektron sistemdə qüvvədə olduğu göstərilir. O, işə bərpa olunmağı barədə dəfələrlə cavabdehə, Nazirliyə, həmçinin kömək edilməsi məqsədi ilə X11 Xidmətinə müraciət etsə də, heç bir nəticəsi olmamış, onun işdən çıxarılmasının qanuni olduğu və işə bərpa edilməsinin mümkün olmadığı göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı Əmrəli oğlunun Milli Hidrometeorologiya Xidmətinə qarşı “Əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsinə dair” iddia tələbinin qanunsuz və əsassız olduğu və iddia müddətinin ötürülməsi nəzərə alınaraq rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 № fərmanının 2-ci bəndinə əsasən Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli Hidrometeorologiya Departamentinin, X3 İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 510/ü nömrəli Əmr ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Metrologiya və Standartlaşdırma Mərkəzi ləğv olunmuş və Mərkəzin işçiləri o cümlədən həmin mərkəzin Ölçü X2 rəisi İddiaçı Əmrəli oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq vəzifəsindən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilmişdir. İddiaçı Əmrəli oğlunun əmək müqaviləsi ləğv edilərkən son haqq-hesabı qanunamüvafiq qaydada ödənilmişdir. İddiaçı Əmrəli oğlu əmək müqaviləsinin ləğv edilməsindən iki il doqquz ay ötməsinə baxmayaraq heç bir iddia tələbi irəli sürməmiş və məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən də Milli Hidrometeorologiya Xidməti bu iddiada cavabdeh ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X12 etirazın məzmununa müvafiq izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Əmrəli oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Metrologiya və Standartlaşdırma Mərkəzində 2009-2020-ci illərdə müxtəlif vəzifələrdə işləmişdir; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktorunun xx.xx.2014-cü il tarixli 989/k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Əmiralı oğlunun xx.xx.2014-cü il tarixdən Metrologiya və X4 X2 rəisi vəzifəsinə təyin edilməsi və həmin tarixdən Ölçü X2 Baş Mütəxəssisi vəzifəsindən azad edilməsi əmr edilmişdir; Cavabdeh1 xx.xx.2020-ci il tarixli 510/ü nömrəli əmrinin surətindən görünür ki, Metrologiya və Standartlaşdırma Mərkəzinin ləğv edilməsi ilə əlaqədar Metrologiya və Standartlaşdırma Xidməti Mərkəzinin işçiləri ilə bağlanmış əmək müqavilələrinin xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilməsi əmr edilmişdir; İddiaçı Əmrəli oğlunun əmək kitabçasının surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq (müəssisə ləğv edildikdə) xx.xx.2020-ci il tarixində ləğv edilmişdir; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Metrologiya və Standartlaşdırma Mərkəzi müstəqil balansa malik olan hüquqi şəxs olmuşdur. Cavabdeh1 strukturunun və idarəedilməsınin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli Fərmanına müvafiq yaradılmış Milli Hidrometeorologiya Xidmətinin nəzdində fəaliyyət göstərən Metrologiya və Standartlaşdırma mərkəzi ləğv edilmiş və Sizinlə bağlanılmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hal-hazırda Xidmətin yaşadığı əraziyə uyğun tabeli qurumlarında vakant vəzifə olmadığı üçün işlə təmin olunmağı imkanları xaricindədir. Gələcəkdə uyğun vakant vəzifə yarandığı təqdirdə müraciəti əsasında işə qəbul məsələsinə yenidən baxıla bilər; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı Cavabdeh1 yanında Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyinin X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi məktubda İddiaçı Əmiralı oğlunun 2009- 2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Metrologiya və Standartlaşdırma Mərkəzində çalışdığı, Nazirliyin "X1 və X7 Nəzarəti Xidmətinin və Metrologiya və Standartlaşdırma Mərkəzinin ləğv edilməsi haqqında” 510/Ü nömrəli 12 avqust 2020-ci il tarixli əmrinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən ləğv edildiyi, lakin elektron informasiya sistemində əmək müqaviləsinin bu günə qədər etibarlı hesab edildiyi bildirilmişdir. Eyni zamanda məktubda İddiaçı Əmiralı oğlunun qüvvədə olan əmək müqaviləsi bildirişinin ləğv edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə 4/2557-05-09 nömrəli, 01.09 2022-cı il tarixli məktubla müraciət olunduğu bildirilmişdir. Həmçinin tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı Əmiralı oğlu ilə Metrologiya və Standartlaşdırma Mərkəzi arasında əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq işçilərlə əmək müqaviləsi bağlamaq işəgötürənin səlahiyyətinə aid olduğundan yenidən işə qəbul edilməsi üçün Cavabdeh1 yanında Milli Hidrometeorologiya Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Təmir Quraşdırma Şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2014-cü il tarixdən Metrologiya və X4 X2 rəisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 510/ü nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq müəssisənin ləğv edilməsi səbəbindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmrin qanunsuz olduğunu, müəssisənin ləğv edilməsinin formal xarakter daşıdığını və əmək müqaviləsi bildirişinin hazıradək elektron informasiya sistemində aktiv vəziyyətdə olduğunu əsas gətirərək əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və ya xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin ləğv edilməsinin yolverilməz olduğunu əks etdirir. ƏM-in 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də müəssisənin ləğv edilməsidir. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilsə də, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər. Hazırki iş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müəssisənin ləğv edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, 510/ü nömrəli əmri ilə X5 Edilməsi və X7 Nəzarəti Xidməti və Metrologiya və Standartlaşdırma Mərkəzinin işçiləri ilə bağlanmış əmək müqavilələrinin xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilməsi əmr edilmişdir. Bundan başqa qeyd edilən əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış və əmək kitabçası təqdim edilmişdir. X11 tərəfindən araşdırma aparılarkən hər hansısa bir qanun pozuntusu aşkar edilməməklə bərabər, iddiaçının əmək müqaviləsi bildirişinin ləğv edilməsinə köməklik göstərilməsi barədə müraciət etdiyi müəyyən edilmişdir. Bu isə özlüyündə iddiaçının əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı xəbərdar olduğunu göstərir. Əmək müqaviləsi bildirişinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olması isə texniki məsələ olmaqla, əmrin qanunsuz hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən, bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Eyni zamanda qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 3-cü maddəsində əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışı verilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Mülki Məcəllənin 59.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Hazırki işdən göründüyü kimi, iddiaçının çalışdığı müəssisə - Metrologiya və Standartlaşdırma Mərkəzi müstəqil hüquqi şəxs olmuş və Azərbaycan Respublikası Prezidentinin “Cavabdeh1 strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il tarixli və “Cavabdeh1 fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 27 mart 2020-ci il tarixli Fərmanlarının icrasını təmin etmək məqsədilə Ekologiya və X10 12 avqust 2020-ci il tarixli əmri ilə ləğv edilmişdir. Müəssisənin ləğv edilməsi haqda əmrin isə ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işdən isə göründüyü kimi, iddiaçı müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 510/ü nömrəli əmri 3 ilə yaxın müddət sonra mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Cavabdeh1nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1881/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1881/2023
06.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver