Məhkəmə qərarları › İş №2(005)-1882/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1882/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1882/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx xxxxxx 2020-ci il tarixində 5 saylı Bakı Asan Xidmət X1 nikah rəsmiləşdirilmişdir. Lakin onlar faktiki olaraq ailə qurmamış, nişanlı olduqları dövrdə rəsmi nikaha daxil olmuşlar. Lakin nikah rəsmiləşdirildikdən sonra aralarındakı münasibətlər pozulmuş və İddiaçı Cavabdeh ailə qurmaq istəmədiyindən, aralarındakı nişanlılığa son qoyaraq, ondan ayrılmışdır. Tərəflər arasında rəsmi nikah olsa da, toy mərasimi baş tutmamış, heç vaxt ər-arvad münasibətləri olmamışdır. Faktiki olaraq daim ayrı yaşamışlar. Hal-hazırda da artıq ailə qurmaq niyyəti olmadığından və gələcəkdə ər-arvad kimi nikahda qalmaqları, ailə qurmaq və toy mərasimi etməkləri mümkün olmadığından, hesab edir ki, formal olaraq bağlanmış nikah etibarsız hesab olunmalıdır. Hesab edir ki, onunla Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixində 5 saylı Bakı Asan Xidmət X1 bağlanmış və 632 saylı akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, onunla Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixində 5 saylı Bakı Asan Xidmət X1 bağlanmış və 632 saylı akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №-li 390110 saylı, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 632 saylı akt qeydi tərtib olunmuş, ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.1-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra Məcəllə) əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir (1.3-cü maddə). Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır (Məcəllənin 1.4-cü maddəsi). Məcəlləyə əsasən nikaha kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq kimi anlayış verilmiş (Məcəllənin 2.3-cü maddəsi) və nikahın bağlanması şərtləri kimi nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruriliyi təsbit edilmişdir (Məcəllənin 11.1-ci maddəsi). Ailə qanunvericiliyində aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin dairəsi müəyyən edilmiş, o cümlədən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər də bu kateqoriyaya aid edilmişdir ki (Məcəllənin 12.0.3-cü maddəsi), bu və müəyyən edilmiş digər tələblərin pozulması, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah bağlanması (saxta nikah) artıq nikahın məhkəmə qaydasında etibarsız sayılması üçün əsas yaradır (Məcəllənin 25-ci maddəsi, 10-12 və 13.3-cü maddələrinə istinadən). Lakin nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxması halı istisna təşkil edir, belə ki, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər (Məcəllənin 27.1-ci maddəsi). Eyni zamanda, saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz (Məcəllənin 27.3-cü maddəsi). Bundan əlavə, ailə qanunvericiliyində ilkin (əvvəlki) nikahın pozulması haqqında şəhadətnaməni aldıqdan sonra yenidən nikaha daxil olmağın mümkünlüyü imperativ qaydada təsbit edilmişdir (Məcəllənin 23.4-cü maddəsi). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, məhkəmə baxışında nikahın etibarsızlığına əsas verən hallar aşkar edildiyindən, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “Asan Xidmət” X1 xx.xx.2020-ci il il tarixdə 632 №-li akt qeydi ilə bağlanmış nikah ləğv edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar