Məhkəmə qərarları › İş №2(005)-1882/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1882/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1882/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “atalığın etiraf olunması faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə (Bakı Şəhəri Nərimanov Rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) məhkəməyə müraciət edərək, 1926-cı ildə Saatlı rayonunda anadan olmuş X4 onun atası olması faktının müəyyən edilməsi və Saatlı qeydiyyat şöbəsinin üzərinə X4 xx xxxxxx 1957-ci ildə Saatlı rayonunda anadan olmuş Ərizəçi atası olması faktının qeydə alınması vəzifəsi həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1957-ci il 20 noyabrda Saatlı rayonunda anadan olmuşdur. Ailədə beş nəfər olmuşlar - atası, anası, iki qardaş və bir bacı. X5 oğlu 1996-cı ildə, qardaşı X14 2010-cu ildə, anası X17 2011-ci ildə, bacısı X10 isə 26 oktyabr 2024-cü ildə vəfat etmişlər. Bacısı əvvəllər evli olsa da 2011-ci ildən yoldaşından ayrılmış, yoldaşı vəfat etmiş vəfat etdiyi vaxta qədər subay qalmışdır, uşağı da olmamışdır. Bacısının yeganə vərəsə kimi onun adına olan əmlaklara vərəsəlik şəhədatnaməsi almaq məqsədilə rayon notariat orqanına müraciət etmək üçün müəyyən sənədlər toplamalı olub. Doğum şəhadətnaməsi özündə olmadığından rayon qeydiyyat şöbəsinə müraciət etməli olub. Lakin doğum akt qeydində anası-X8 göstərilsə də atasının adının qeyd olunmadığı bildirilərək bu barədə arayış təqdim olundu. Halbuki o, 1-ci sinifə gedərkən və sonra şəxsiyyət vəsiqəsi (o vaxt pasport) alarkən ata adı-X2 qeyd edilmişdir. Evdə ailə sənədlərinə baxarkən məlum oldu ki, ata və anası 1954-cü ildə qeyri-rəsmi nikahda olsalar da rəsmi nikahlarını 02 mart 1977-ci ildə qeyd etdirmişlər. Belə görsənir ki, anası 1938-ci ildə anadan olmaqla qanunla müəyyən olunmuş nikah yaş həddinə çatmadığından rəsmi nikahın bağlanması mümkün olmamışdır. Odur ki, doğum akt qeydində ata adı qeyd edilməmiş qalmışdır. X4 onun atası olmasını 1960-cı ildə tərtib olunmuş ev dəftəri, əmək kitabçası, hərbi bilet, atasının evlənmək haqqında şəhadətnaməsi, onun evlənmək haqqında şəhadətnaməsi və digər sənədlərlə sübut olunur. Həmçinin hazırda yaşayan yaşlı qohumlar da X4 onun atası olmasını təsdiq edə bilərlər. Bacısının vəfat etməsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsi alması üçün doğum akt qeydində ata adının göstərilməsi vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, ailədə 3 uşaq olmuşlar. Valideynləri, qardaşı və bacısı dünyasını dəyişmişdir. Bacısının tək vərəsəsi odur. Sənədləşmə zamanı məlum olmuşdur ki, doğum akt qeydində ata adı qeyd olunmayıb. Lakin bütün sənədlərdə Ərizəçi yazılmışdır. Atası anası ilə 1954-cü ildə ailə qurublar. Nikahları isə 1977-ci ildə rəsmiləşdirilmişdir. Atası 1996-cı ildə, anası 2011-ci ildə, qardaşı 2010-cu ildə, bacısı isə 2024-cü ildə dünyasını dəyişmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixində Saatlı rayonunda anadan olmuşdur. X7, milliyyəti azərbaycanlı, atası -; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 (ərizəçinin qardaşı) xx.xx.1955-ci ildə anadan olmuşdur. X3, milliyyəti azərbaycanlı, anası X23, milliyyəti azərbaycanlıdır; НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi Saatlı rayonu hərbi komissarlığı tərəfindən xx.xx.1976-cı il tarixində hərbi bilet verilmişdir; Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X13 nikahları xx.xx.1977-ci il tarixdə bağlanmışdır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1996-cı il tarixdə ölmüşdür; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə ölmüşdür; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2011-ci il tarixdə ölmüşdür; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə ölmüşdür; Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 nikahları xx.xx.1992-ci il tarixdə bağlanmışdır; Şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, o, ərizəçinin arvadıdır. 33 ildir o ailədədir. Bir neçə il qaynatasıgillə birlikdə yaşamışlar. 33 il baldızı, 20 il qaynanası, 4 il yarım qaynatası ilə yaşamışdır. Qaynatası 1996-cı ildə vəfat edib. Qaynanası Əminə xanım, qaynatası Böyükxan kişi idi; Şahid qismində dindirilmiş X20 öz izahatında bildirmişdir ki, ərizəçi xalasının yoldaşıdır. Onun özü 1991-ci il təvəllüddür. Valideynləri həmişə onlar haqqında danışardılar, və özü də ərizəçinin ana-atasını görmüş, onlara gedib-gəlmişdir. Onlar 3 uşaq idilər, digər uşaqlar vəfat etmişdir. Ərizəçinin anası Əminə xanım, qaynatası Böyükxan müəllim idi İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Ərizəçi doğum akt qeydində ata adı qeyd edilməmişdir. Hazırda ərizəçi bacısının vəfat etməsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsinin alınması məqsədilə, məhkəmə tərəfindən atalığın etiraf olunması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 307.2.10-cu maddəsinə uyğun olaraq məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə şahid ifadələrinə, fotoşəkillərə və işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı işdə atalığı etiraf etmə faktının müəyyən olunması üçün Plenum Qərarında göstərilmiş 3 şərt mövcuddur. Belə ki, tərəflər ərizəçinin doğulduğu vaxt rəsmi nikahda olmamışlar, hazırda ərizəçinin atası vəfat etmişdir, X9 özünün sağlığında xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi onun övladı olmasını etiraf etmişdir. Sonradan 1977-ci ildə ərizəçinin anası ilə atası rəsmi nikaha daxil olmuşlar. Ailədə 3 uşaq olmuşlar. Beləliklə, məhkəmə tərəfindən təsdiq olunmuşdur ki, ərizəçi uşaqlıqdan, hətta ailə qurandan sonra da ailəsi, valideynləri ilə birlikdə yaşamışdır. Ərizəçinin atası xx.xx.1996-cı il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X4 özünün sağlığında xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il tarixdə vəfat etmiş X1 xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar