Məhkəmə qərarları › İş №2(005)-1897/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1897/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1897/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh, X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1-dan qeydiyyatdan çıxarılmaqla mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 14 dekabr 2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirmişdir. ********** qeydiyyat nömrəli, 18.02.2021 -ci il qeydiyyat tarixli, **********28-05101-093063 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin onun mülkiyyətində olması öz təsdiqini tapır. Belə ki, o, Cavabdeh tanımır, onunla heç bir qohumluq əlaqəsi yoxdur. Hal-hazırda cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A, mənzil 10da qeydiyyatda olmaqla oranı zəbt edib yaşayır. Lakin onun həmin şəxslə heç bir tanışlığı və qohumluğu yoxdur. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A-da yerləşən 10 saylı mənzili zəbt edərək yaşaması onun istifadə hüququnu pozur, ümumiyyətlə mülkiyyət hüququnun tam həyata keçirilməsinə məhdudiyyət yaradır. Hazırda həmin mənzildən istifadə edir. Orada yaşayır. Buna görə də, Cavabdeh mülkiyyətində olan ünvan 1-dan qeydiyyadan çıxarılmaqla mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1-dan istifadə hüququna xitam verilməsi və mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu bildirdi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək , onların iştirakı olmadan mülki işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A ünvanında yerləşən 10 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan, AN-İ seriyalı ******* saylı, 14.12.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 19.53 kv.m olan mənzili İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.02.2021-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26 a ünvanında yerləşən 10 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna 07.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, 1 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu A.E.Qasımova tərəfindən təsdiqlənmiş 4Ə-2104 reyestr nömrəli 14.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 14.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 26 a saylı evin 10 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 18.02.2021-ci il tarixli çıxarışa əsasən qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. (“Elektron Notariat” X1 çıxarış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Hazırda iddiaçı heç bir hüquqi əsas olmadan mənzilində yaşayan cavabdehin mənzildən çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A, 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26 a saylı evin 10 saylı mənzilindən çıxarılmalıdır. Məhkəmə iddiaçının “istifadə hüququna xitam verilməsi” tələbinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilə 2015-ci il tarixdən qeydiyyatdadır, həmin mənzildə iddiaçının atası ilə birgə yaşamışlar. Göründüyü kimi, yeni mənzil qanunvericiliyi tətbiq olunmaqla müəyyən olunur ki, mübahisəli mənzildə cavabdehin istifadə hüquqları yaranmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, mövcud olmayan hüququn xitamı mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir. Məhkəmə habelə qeyd edir ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı məsələ müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olduğundan iddia tələbi həmin hissədə əsaslı deyil, bu səbəbdən də təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26 a saylı evin 10 saylı mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar