Məhkəmə qərarları › İş №2(005)-190/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-190/2023

06.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-190/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisinin xx.xx.2020-ci il tarixli 258 saylı və xx.xx.2022-ci il tarixli 832 saylı əmrlərinin ləğv edilməsi, onun yenidən xx.xx.2020-ci il tarixdən əvvəllər işlədiyi Departamentin X4 rəis vəzifəsinə və ya onunla bərabər vəzifəyə təyin edilməsi barədə əmr verilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək rəis vəzifəsi ilə baş mütəxəssis vəzifəsi arasında aylıq maaşın hər ay 200 manat hesablanmaqla 4700 manat əmək haqqı, rəis işlədiyi dövrdə hər rüb üçün hesablanmalı əmək haqqının 50% miqdarında, yəni 2400 manat məbləğində mükafatların cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində X7 və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə Departamentin Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinə rəis vəzifəsinə təyin edilmişdir. 2020-ci il tarixdə Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti ləğv olunaraq, Milli Hidrometeorologiya Xidməti yaradılmış və o, Departamentin Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinə rəis vəzifəsində işlədiyi halda, onun razılığı olmadan işlədiyi vəzifə ilə müqayisədə aşağı vəzifəyə, daha az əmək haqqı olan baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Rəis işlədiyi vəzifə ilə baş mütəxəssis vəzifəsinin aylıq maaşı arasında 200 manat fərq olmuş və onun razılığı olmadan, hər hansı əmək müqaviləsi imzalanmadan aşağı vəzifəyə keçirilmişdir. Daha sonra isə bir müddət onu baş mütəxəssis vəzifəsində saxlayaraq 65 yaşı tamam olduqdan sonra, xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən işdən azad etmişlər. Əmək müqaviləsinə xitam verilməsi barədə ona xx.xx.2022-ci il tarixdə məlumat verilmiş və 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olması əsası ilə xx.xx.2022-ci il tarixdə işdən azad etmişlər. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli Hidrometeorologiya Departamentinin, X1 İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılmışdır. Milli Hidrometeorologiya Xidməti yaradıldıqdan sonra tabeli qurumların fəaliyyətinin təmin olunması və nomenklaturasına aid vəzifələrə uyğun olaraq, xx.xx.2020-ci il tarixli, 258/k nömrəli əmrlə İddiaçı X4 operativ monitorinq üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və tərəflər arasında əmək müqaviləsi imzalanmışdır. İddiaçı X4 operativ monitorinq üzrə baş mütəxəssis vəzifəsinə təyin edildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilədə göstərilən vəzifəni icra etmiş və vəzifəsinə uyğun olaraq ştat cədvəli üzrə ona hər ay əmək haqqı qanunamüvafiq qaydada ödənilmişdir. İddiaçı bununla əlaqədar olaraq həmin müddətdə heç bir iddia tələbi irəli sürməmiş və məhkəməyə müraciət etməmişdir. ƏM-in 269-cu maddəsinin tələbləri nəzərə alınmadığından məhkəməyə müraciət müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İddiaçı dəfələrlə müvafiq orqanlara şikayət etdiyini və pandemiya dövründə işçilərin işə gəlməsinə qadağa qoyulduğunu nəzərə alaraq buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək bildirmişdir ki, onunla əmək müqaviləsi bağlanılmamış, razılığı olmadan vəzifəsi aşağı endirilərək az əmək haqqı olan baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə imzası olmayan saxta əmək müqaviləsi təqdim edilmişdir. Dəfələrlə aşağı işə keçirilməsinə etiraz etməsi barədə şikayət ərizələri göndərsə də, bir nəticəsi olmamışdır. Şikayətləri ilə bağlı rəhbərlik onu ümidvar etmişdir ki, bu məsələ onun diqqətindədir, baxılacaqdır. O da öz növbəsində məsələnin qarşılıqlı müsbət həll olunacağını nəzərə alaraq, həmçinin idarənin şərəfini qorumaq məqsədilə məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən ötürülmüş müddətin bərpa edilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı X4 baş mütəxəssis vəzifəsinə təyin edildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilədə göstərilən vəzifəni icra etmiş və vəzifəsinə uyğun olaraq ştat cədvəli üzrə ona hər ay əmək haqqı qanunamüvafiq qaydada ödənilmişdir. İddiaçı bununla əlaqədar olaraq həmin müddətdə heç bir iddia tələbi irəli sürməmiş və məhkəməyə müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2002-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyində X7 və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinə rəis vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Milli Hidrometeorologiya Xidmətinin X4 baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əsası ilə) bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 344/ü nömrəli əmrinin surətindən görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında hidrometeorologiya tədbirləri üzrə Milli Hidrometeorologiya Xidmətinin idarəetməsinə verilən tabeli qurumların strukturu təsdiq edilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 52 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı X4 operativ monitorinq üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir; AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 258/k nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən ştat dəyişikliyi ilə əlaqədar X4 baş mütəxəssis vəzifəsinə təyin edilmiş və həmin tarixdən Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin rəisi vəzifəsindən azad edilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 832/k nömrəli əmrinin surətindən görünür ki, X2 baş mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə ləğv edilmişdir; X2 baş mütəxəssisi İddiaçı tərəfindən verilmiş xx.xx.2021 və xx.xx.2022-ci il tarixli ərizələrin surətindən görünür ki, İddiaçı növbəti əmək məzuniyyətinə buraxılmasını və iş vaxtının qısaldılmasını xahiş etmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti “əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi tələbinə dair” əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1433-5/1252 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 52 saylı əmək müqaviləsinin sonunda “11. Tərəflərin imzaları və ünvanları:” hissəsində, “İmzası:” qrafasında “Hacıyev K” yazısı və həmin yazıların qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, kağız materiallarının istehsal ilinin, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli (gelli) qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Mülki işin materiallarında olan Milli Hidrometeorologiya Xidməti ilə iddiaçı arasında bağlanmış 24 iyun 2020-ci il tarixli əmək müqaviləsinin sonuncu səhifəsində “imza" yazısının qarşısında olan imza və “İddiaçı” yazısı hansı tarixdə apalmışdır?” sualı üzrə tədqiqat aparılmadı. Ekspert tədqiqatının dəyəri 110 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2014cü il tarixdə Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Milli Monitorinq Departamentinin Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinə rəis vəzifəsinə təyin edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 258/k nömrəli əmri ilə X4 baş mütəxəssis vəzifəsinə təyin edilmiş və həmin tarixdən Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin rəisi vəzifəsindən azad edilmişdir. Daha sonra Xidmətin xx.xx.2022-ci il tarixli, 832/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əsası ilə) əmək müqaviləsi ləğv edilmişdir. Hazırda iddiaçı razılığı olmadan və əmək müqaviləsi onun tərəfindən imzalanmadan aşağı vəzifəyə keçirildiyinə, rəis vəzifəsindən azad edilməsinə dair əmrin əsaslandırılmamasına və bununla da əmək hüquqlarının pozulduğuna istinad edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisinin xx.xx.2020-ci il tarixli, 258 saylı və xx.xx.2022-ci il tarixli, 832 saylı əmrlərinin ləğv edilməsi, onun yenidən xx.xx.2020ci il tarixdən əvvəllər işlədiyi Departamentin X4 rəis vəzifəsinə və ya onunla bərabər vəzifəyə təyin edilməsi barədə əmr verilməsi, həmin dövrlərdə əmək haqqı arasındakı fərqin və mükafatların cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Həmin maddənin “a” və “b” bəndlərinə əsasən müəssisə ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Eyni Məcəllənin 71-ci maddəsinin üçüncü bəndinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eyni zamanda qanunverici işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi və əmrin əsaslandırılması ilə bağlı mühüm vəzifələr qoymuşdur. Hazırki iş materiallarından görünür ki, iddiaçının əvvəllər rəis vəzifəsində işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olan - Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq (həmin Fərmanın icrası ilə əlaqədar) ləğv edilmişdir. Bununla əlaqədar İddiaçı Milli Hidrometeorologiya Xidmətinin rəisinin 24 iyun 2020-ci il tarixli əmri ilə Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin rəisi vəzifəsindən azad edilmiş və Milli Hidrometeorologiya Xidmətinin nəzdində yaradılmış X4 operativ monitorinq üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmrin əsası kimi ştat dəyişikliyi və işçi ilə bağlanmış 24 iyun 2020-ci il tarixli əmək müqaviləsi göstərilmişdir. Əmək Məcəlləsinin 83 və 84-cü maddələrində əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu müəyyən edilmişdir. Həmin maddələrə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, məlumatlar göstərilir. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilsə də, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər və həmin hallar əmrdə göstərilməklə əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və ya “b” bəndləri ilə ləğv edilərkən bir sıra fərqli təminatlar, qaydalar nəzərdə tutulmuşdur. İşəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək hüquqlarının müdafiəsi məqsədilə əmək qanunvericiliyinin müvafiq normalarının tələblərinə ciddi əməl edilməlidir. Lakin hazırki iş üzrə əmrin məzmunundan göründüyü kimi, Milli Hidrometeorologiya Xidmətinin mübahisələndirilən əmri qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamış, əmrin tərtib edilmə qaydalarına zidd qəbul edilmiş, hansı əsasla, yəni ƏM-in 70-ci maddəsinin hansı bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi göstərilməmiş, eyni əmrlə işçinin işdən azad edilməsi və daha aşağı vəzifəyə təyin edilməsi əmr edilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq isə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən əmrin əsaslandırılmaması, ƏM-in 70-ci maddəsinin hansı bəndi ilə ləğv edilməsinin əmrdə göstərilməməsi, əmrin məzmununa dair tələblərə riayət edilməməsi işçinin hüquqlarının pozulmasına, qeyrimüəyyən vəziyyətdə saxlanmasına səbəb olmuşdur. Həmçinin İddiaçı onunla Milli Hidrometeorologiya Xidməti arasında bağlanmış, onun baş mütəxəssis vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsini imzalamadığını bildirmiş, yazılı vəsatəti əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və müqavilədəki imzanın iddiaçıya aid olmadığı müəyyən edilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələblərinə əsasən, əmək müqaviləsi tərəflərin imzası (möhürü) ilə təsdiq edilməlidir. Lakin məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətin ötürüldüyünü nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. İddiaçının xx.xx.2020-ci il tarixli əmək müqaviləsini imzalamadığı müəyyən edilsə də, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş ərizə və əmrlərdən görünür ki, iddiaçı baş mütəxəssis qismində xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində əmək məzuniyyətinə buraxılması və iş vaxtının qısaldılması barədə ərizələr vermiş, həmçinin xx.xx.2020-ci il tarixdən başlayaraq əvvəllər işlədiyi rəis vəzifəsindən aşağı, yəni baş mütəxəssis vəzifəsinə uyğun əmək haqqı almışdır. Göstərilənlər iddiaçının baş mütəxəssis vəzifəsinə təyin edilməsinin həmin vaxtdan bildiyinin göstəricisidir. İddiaçı əmək müqaviləsinə yaş həddinə çatması ilə əlaqədar xitam verildikdən sonra məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə rəis vəzifəsindən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli əmri məhkəmə qaydasında həmin əmrin qəbul edilməsindən təxminən iki il keçdikdən sonra mübahisələndirmişdir. Göründüyü kimi, İddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixində müraciət etmişdir. İddiaçı bu qədər müddət ərzində məhkəməyə müraciət olunmamasını aidiyyəti şəxslərə müraciət etməsi, cavabını gözləməsi, həmçinin pandemiya dövrü ilə əlaqələndirmiş və ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırki işdə iddiaçının müraciət etdiyi aidiyyəti şəxslər fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. İddiaçı pandemiya dövrünün olduğunu bildirsə də, pandemiya şəraitinin iki ildən çox müddət ərzində məhkəməyə müraciət etmək hüququna mane ola bilmədiyi açıq-aşkar aydındır. Beləliklə, qeyd edilən müddətin uzun dövrü əhatə etdiyini və həmin müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ötürülmüş iddia müddəti bərpa edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş iddiaya etirazda iddia müddətinin tətbiq edilməsi xahişini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən Milli Hidrometeorologiya Xidmətinin rəisinin xx.xx.2020-ci il tarixli, 258 saylı əmrinin ləğv edilməsi və həmin tələbdən irəli gələn iddiaçının yenidən xx.xx.2020-ci il tarixdən əvvəllər işlədiyi Departamentin X4 rəis vəzifəsinə və ya onunla bərabər vəzifəyə təyin edilməsi barədə əmr verilməsi, əmək haqqı fərqinin və mükafatın ödənilməsi tələbi təmin oluna bilməz. İddia ərizəsində mübahisələndirilən cavabdehin digər əmri, operativ monitorinq üzrə baş mütəxəssis vəzifəsində çalışan iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-in 70–ci maddəsinin “e” bəndi ilə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli (iddia ərizəsində xx.xx.2022-ci il tarixli əmr göstərilsə də, iş materiallarından və iddiaçının izahatından aydın olur ki, xx.xx.2022-ci il tarixli əmr mübahisələndirilir), 832 saylı əmrinin ləğv edilməsi tələbi ilə əlaqədar aşağıdakılar qeyd edilməlidir. Əmək Məcəlləsinin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Eyni zamanda həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə müvafiq olaraq, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, əmək qanunvericiliyində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi müəyyənləşdirilmişdir və həmin yaş həddi keçdikdən sonra işçi ilə bağlanmış əmək müqaviləsinin uzadılıb-uzadılmaması işəgötürənin diskresion hüququ kimi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 08 iyun 2022-ci il tarixli qərarı qanunvericiliyin tələbinə uyğun olduğundan və həmin əmrin ləğv edilməsi üçün hər hansı bir əsas aşkar edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddia tələbinin müvafiq hissəsinə iddia müddətinin tətbiqi ilə əlaqədar qeyd olunmalıdır ki, iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Beləliklə, məhkəmə hesab edir ki,işəgötürənin 08 iyun 2022-ci il tarixli əmri ilə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia həmin hissədə əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərinin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmiş və yazılı vəsatət verərək xəttşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul iddiaçıdan tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı Xidmətin xx.xx.2020-ci il tarixli, 258 saylı və xx.xx.2022-ci il tarixli, 832 saylı əmrlərinin ləğv edilməsi, onun yenidən xx.xx.2020-ci il tarixdən əvvəllər işlədiyi Departamentin X4 rəis vəzifəsinə və ya onunla bərabər vəzifəyə təyin edilməsi barədə əmr verilməsi, əmək haqqının və mükafatların cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 110 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı Xidmətin xx.xx.2020-ci il tarixli, 258 saylı və xx.xx.2022-ci il tarixli, 832 saylı əmrlərinin ləğv edilməsi, onun yenidən xx.xx.2020-ci il tarixdən əvvəllər işlədiyi Departamentin X4 rəis vəzifəsinə və ya onunla bərabər vəzifəyə təyin edilməsi barədə əmr verilməsi, əmək haqqının və mükafatların cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 110 (yüz on) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X3,Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar