Məhkəmə qərarları › İş №2(005)-1901/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1901/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1901/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adına olan doğum haqqında akt qeydinin verilməsinin maraqlı şəxsə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnaməni itirdiyi barədə və doğum haqqında akt qeydinin bərpa olunması üçün xx.xx.2025-ci il Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdişdir. l5.02.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi müraciətimə cavab olaraq 16 №-li arayışında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il Tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bucür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən müddəaların 14cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələrinə və Konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyimiz tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, məhkəmədən onun doğum akt qeydinin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə 8 uşaq olmuşlar. Qardaşı Etibar 1967-ci ildə Qabaxlı kəndində anadan olmuşdur. Atası 1935-ci il təvəllüdlü X4, anası 1942-ci il təvəllüdlü X2r. Qardaşının əvvəllər doğum haqqında şəhadətnaməsi olmuşdur. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE № ******** seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğulmuşdur. İş materiallarında olan xx.xx.1992-ci il tarixli, V-JQ 496979 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 xx.xx.1992-ci tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. İş materiallarına 1967-ci il təvəllüdlü Ermənistan SSR Yexeqnadzor rayonu Qabaxlı kəndində anadan olmuş Ərizəçi orta məktəbi bitirməsi barədə AB № 797612 nömrəli xx.xx.1982-ci il tarixli və 8 illik təhsil haqqında şəhadətnamələr əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi verilən arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan AB-İ № 078410 nömrəli xx.xx.2001-ci il tarixli 1506 nömrəli Azərbaycan Respublikası Diplomunun surətindən görünür ki, Ərizəçi 1997-ci ildə DİN Polis Akademiyasına daxil olmuş və 2001-ci ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan AZ № 012353 nömrəli xx.xx.1997-ci il tarixli 1015 nömrəli Diplomun surətindən görünür ki, Ərizəçi 1992-ci ildə Bakı “Gənc Kooperator” Tədris-Ticarət Birliyinin Menecer Məktəbinə daxil olmuş və xx.xx.1994-cü ildə orada ona Menecerkommersant ixtisası verilmişdir. İş materiallarında olan İİİ-SL № 321024 nömrəli xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1963-cü il tarixdə Qabaxlı kəndində anadan olmuş, atası X5, anası X2r. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğulmuşdur. 1982-ci ildə 8 illik orta təhsilini bitirmiş, 1994-cü ildə Menecer-Kommersant ixtisası almış, 2001-ci ildə X1 ixtisasını bitirmişdir. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməini itirdiyindən və doğum akt qeydinin bərpası müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında bərpa edə bilmədiyindən, hüquqi əhəmiyyətli doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən edlir ki, müvafiq qeydiyyat orqanı ərizəçinin doğum akt qeydinin bərpası barədə müraciətindən, zəruri sənədlər olmadığı üçün imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə “ata” qrafasında X4, “ana” qrafasında X3, milliyyəti azərbaycanlı qeyd edilməli, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilsə də maraqlı şəxs dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X4, “ana” qrafasında X3, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar