Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1908/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 50 ünvanında yerləşən ümumi sahəsi 60.3 kv.m olan 35 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 50 ünvanında yerləşən ümumi sahəsi 60.3 kv.m olan 35 saylı mənzil 10.04.2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışla RX ******* saylı Qeydiyyat nömrəsinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının tanışı deyil, onunla heç bir qohumluq əlaqələri yoxdur. Hazırki iş üzrə Cavabdeh ilə aralarında razılıq əldə olunmuşdur. Cavabdeh öz ərizəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 50 ünvanında yerləşən ümumi sahəsi 60.3 kv.m olan 35 saylı mənzildən qeydiyyatdan çıxmasına hər hansı bir etirazı yoxdur. Həmin razılıq ərizəsi Bakı şəhəri 21 saylı notariat ofisində notarial qaydada təsdiq edilmişdir. Cavabdehlə hal-hazırda əlaqələri yoxdur, uzun müddətdir göstərilən ünvanda yaşamamasına baxmayaraq, hələ də iddiaçıya məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdır. Hazırki iş üzrə Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdehin formal olaraq iddiaçının mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını pozur və o, cavabdehin yerinə əlavə kommunal xərcləri ödəməli olur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 50 ünvanında yerləşən ümumi sahəsi 60.3 kv.m olan 35 saylı mənzildə heç vaxt yaşamamışdır. Sadəcə ona Bakıda pasport qeydiyyatına düşmək zərurəti olduğundan, iddiaçı onu öz evinə qeydiyyata alınmasına etiraz etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 14.04.2021-ci il tarixli arayışına əsasən X7, X5, X2, X3, İddiaçı, X12, X14, X15 və X16 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 1 nömrəli ümumi sahəsi 60.3 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı 1/5 hissədə 10.04.2018-ci il tarixdə, X4 1/5 hissədə, X8 1/5 hissədə, X9 1/5 hissədə və X6 1/5 hissədə daşınmaz əmlakın dövlət reyestrində 2821 nömrəli reyestr kitabının 263069 nömrəli vərəqində qeydiyyata alınmışdır; Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu D.F.Kərimov tərəfindən təsdiq olunmuş və Cavabdeh tərəfindən imzalanmış 26.01.2021-ci il tarixli ərizənin məzmunu “Mən, Cavabdeh, bildirirəm ki, qeydiyyatda olduğum Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 50 ünvanında yerləşən 35 nömrəli mənzildən qeydiyyatdan çıxmağıma heç bir etirazım yoxdur” yuxarıdakı kimi qeyd olunmuşdur; 29.01.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 50 ünvanında yerləşən ümumi sahəsi 60.3 kv.m olan 35 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə Cavabdeh müvəqqəti olaraq pasport qeydiyyatına alınmasına iddiaçı razılıq vermişdir. Cavabdeh iddiaçının ailə üzvü deyil. Hazırda iddiaçı bu şəxsin mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin bu məbləği cavabdehdən tələb etmir. Savabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin mənzilə münasibətdə hazırda istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Məhkəmə yuxarıda göstərilən normalara istinadən vurğlayır ki, qanunverici Azərbaycan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində digər qohumların yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün iki halı: birincisi - digər qohumun ailə üzvü kimi yaşayış sahəsinə köçürülməsini, ikincisi - digər qohumunun ailə üzvü kimi mülkiyyətçi ilə birgə yaşamasını əsas şərt kimi göstərmişdir. Lakin məhkəmə tərəfindən müəyyən etdiyi kimi, cavabdehlər qeyd olunan evə köçürülməmiş, iddiaçı ilə birlikdə həmin mənzildə yaşamamış və bununla belə hüquqi nəticə etibarı ilə onların bu maddənin tələbləri baxımından mübahisəli evə dair istifadə hüququ yaranmamışdır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində, Mənzil Məcəlləsinin 30-cü maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", "qohumluq" və "digər şəxslər" prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində "digər qohumlar" ifadəsindən də istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında "digər qohumlar" ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsi barədə şərh verilmişdir. Bununla belə, cavabdehlər iddiaçının ailə üzvü, habelə "digər qohumu" məfhumuna uyğun gələn şəxs deyil. Bu baxımdan cavabdehlərin Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq "digər şəxslər" kateqoriyasına aid edilməli və bu səbəbdən onların həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunurdu. Lakin məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli mənzilə köçürülməməsi və orada yaşamaması ilə yanaşı, onların həmin mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdeh sadəcə olaraq hər hansı hüquqi əsas olmadan həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına onlarla mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Cavabdehin mübahisəli mənzilə pasport qeydiyyatına alınması isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası həmin mənzildən istifadə hüququnun yaranmaması əsası ilə rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia istifadə hüququnun yaranmaması əsası ilə rədd edilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1908/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1908/2021
02.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver