Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1912/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, Ərizəçi (1 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməklə) doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (1 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməklə) doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona verilmiş doğum haqqında şəhadətnamədə soyadının Cahangirov adının Nadir atasının adının Süçəddin kimi düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsin onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdı Astara rayonu, Pensər kəndində anadan olmuşdur. Astara rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1959-cu il tarixdə ona verilmiş doğum haqqında şəhadətnamədə soyadı Cankirov, adı Nadir, atasının adı Sucaddin kimi göstərilmişdir. Lakin Bakı şəhəri 1 saylı “Asan Xidmət” mərkəzindən ona verilmiş AZE №******** saylı şəxsiyyət vəsiqəsində isə soyadı Cahangirov, adı Nadir, atasının adı Sücəddin oğlu kimi göstərilmişdir. Həyat yoldaşı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra şəxsiyyət vəsiqəsində dəyişiklik edilməsi üçün 1 saylı Bakı “Asan Xidmət” mərkəzinə müraciət etmiş, xx.xx.2023-cii il tarixli, 3-16-5/8-11-804/2023 saylı məktubla imtina edilərək məhkəməyə müraciət olunmasını tövsiyyə edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbi - inzibati orqan olan 1 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin doğum akt qeydlərində düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı inzibati tələb olduğuna və bu tələbə inzibati məhkəmə tərəfindən baxılmalı olduğuna görə, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizənin yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina edilməli, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məhkəmə müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6.1-ci bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarının 6-6.1-ci bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəhadətnamələrin şəxsə məxsusluğu faktının müəyyən edilməsi Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsi ilə istisna edilmişdir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarında yalnız hüquq müəyyənedici sənədlərin (vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və s.) şəxsə məxsusluğu faktının müəyyən edilməsi imkanı, digər sənədlərdə isə dəyişikliklərin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən edilməli olduğu müəyyən edilmişdir. Göründüyü kimi, həmin tələbə də məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İşdə olan 1 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina etmiş və qeydiyyat şöbəsi aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitabında), yəni doğum haqqında şəhadətnamədə düzəlişlərin edilməsi ilə 1 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli məktubla düzəlişlərin edilməsindən imtina etmiş, aiddiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndində əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırkı mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, ərizəçiyə aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Eləcə də dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul rüsum ödəyicisi olan Ərizəçi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269, 307.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (1 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməklə) doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1912/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1912/2023
07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver