Məhkəmə qərarları › İş №2(005)-1913/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1913/2025

07.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1913/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X3 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X5 göstərilməklə) Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X5 göstərilməklə Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-2005-ci il tarixlərdə işlədiyi dövr ərzində istehsalatın zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə uyğun arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli, 183 saylı əmri ilə “Neft Daşları” X6 İdarəsində işləmişdir. Hazırda Cavabdeh “Neft Daşları” Qazma İşlər İdarəsi ləğv olunaraq “Neft Daşları” istehsalat bölümü kimi fəaliyyət göstərir. O, müəssisədə qazmaçı köməkçisi, qazmaçı, mühəndis-texnoloq, qazma üzrə mühəndis, texniki istehsalat şöbəsinin rəisi vəzifələrində işləmişdir. Əmək fəaliyyəti və digər əlavələr ilə birlikdə 1982-xx.xx.1989-cu il tarixlərdə və xx.xx.1989-xx.xx.2006-cı il tarixləri olmaqla, müddət cəmi 22 il, 05 ay, 11 gün təşkil edir. Bu da onu təsdiq edir ki, güzəştli şərtlərlə pensiya hüququ verən kifayət qədər iş stajı var. Lakin əmək pensiyasının təyin olunması ilə bağlı AR ƏƏSMN DSMF XŞT üzrə Mərkəzi Filialına müraciəti təmin edilməmişdir. Səbəbi isə əmək fəaliyyəti üzrə yerinə yetirdiyi funksional vəzifələrin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında qeyd edilməməsidir. “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri” adlı 1 nömrəli siyahısına “Neftin qazılması və hasilatı, dəniz neftçiləri üçün neft, qaz kondensatı, kömür şistin emalı, rəhbər və mütəxəssislər bölməsində, kod-1100000b-24094 buruq qurğularının rəisləri, 1100000b-222477 kodu ilə müəyyən olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər” peşələri daxil edilir, lakin onun funksional vəzifəsi siyahıda olmadığından və güzəştli şərtlərlə yaşa görə 5 il 3 ay müddət onun birbaşa funksional vəzifəsi olmaqla çatışmazlıq təşkil etdiyindən imtina edilmişdir. Zərərli iş stajı 1989-1994-cü il tarixləri əhatə edir, digər vəzifələrdə zərərli işlə əmək fəaliyyəti isə 1995-2005-ci il tarixlərini əhatə etsə də. funksional vəzifə rəhbər işçilərin siyahısına aid olduğundan əmək fəaliyyəti zərərli peşələrin siyahısına aid edilməmişdir. Lakin 1995-2005-ci il tarixlərdə yerinə yetirdiyi işlər arxiv arayışında birbaşa qeyd edilmiş, gecə işlərinə cəlb edildiyi üçün əmək haqqına əlavələr ödənilmişdir. Bunlar onu göstərir ki, gecə növbəsi zamanı yerinə yetirdiyi iş birbaşa siyahıda kod-1100000b-24094 buruq qurğularının rəisləri, 1100000b-222477 kodu ilə müəyyən olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər peşələri sırasına aiddir. 1995-2005-ci il tarixləri ərzində hansı istehsalat proseslərini yerinə yetirməyi, gecə vaxtı konkret hansı işləri yerinə yetirməyi və işlərin Nazirlər Kabinetinin qərarında göstərilməsi barədə uyğun arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətdə verilən suallar cavabsız qaldığından nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının əmək stajına dair Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun arayış verilmişdir. Həmin qərarın 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşəsi üzrə iddiaçıda 4 il 9 ay, 25 gün güzəştli iş stajı təşkil edir. İddiaçının 1995, 1996, 2001 və 2004-cü illərdə bütün aylar üzrə gecə işinə cəlb olunduğu müddət müəyyənləşdirilmiş və aylıq faktiki iş günləri ilə müqayisə edilmişdir. Nəticədə müəyyən edilmiş dövr üzrə heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə oluması barədə heç bir sənəd aşkarlanmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X3 nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı şirkətdə 16 il, 4 ay, 28 gün işləmişdir. Şəxs dənizdə şöbə rəisi vəzifəsində işlədiyindən Nazirlər Kabinetinin qərarı şamil olunmur, iddiaçıya 2 dəfə arayış verilmiş və arayışı o hazırlamışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli Əmək haqqı barədə arxiv arayışından görünür ki, İddiaçı 1995- 2005-ci illərin ayları üzrə əmək haqqı gecə işinə görə hesablanmışdır. Yekun məbləğ 7946829,43 manat təşkil edir. İşçinin 1994-cü il və 2006-cı illərin əmək haqqı cədvəli arxivdə aşkar olunmadığına görə arayışda qeyd göstərilməmişdir. İşçinin əmək haqqı cədvəlinə əsasən gecə işləri texniki istehsalat şöbəsində göstərildiyindən və bu amil Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmadığından həmin illərə dair güzəştli arayış təqdim oluna bilmir; xx.xx.2024-cü il tarixli Pretenziyanın surətindən görünür ki, İddiaçı gecə işlərinə görə əlavə əməkhaqqı arayışına hansı istehsalat, texniki və texnoloji prosesləri yerinə yetirdiyini və görülən işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında təsbit olunmuş hansı aidiyyatlı koda uyğunluğu barədə arayış verilməsini Cavabdeh müdiri P.İsayevdən xahiş etmişdir; xx.xx.2023-cü il tarixli “Sorğunun araşdırılmasının nəticəsi haqqında” məktubun surətindən görünür ki, ərizə əsasında seçmə üsulla 1995, 1996, 2001 və 2004-cü illərdə bütün aylar üzrə İddiaçı gecə işinə cəlb olunduğu müddət müəyyənləşdirilmiş və aylıq faktiki iş günləri ilə müqayisə edilmişdir. Nəticədə seçilmiş dövr üzrə heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə olunması haqqında heç bir sənəd aşkarlanmamışdır. Onun çalışdığı vəzifə isə Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilməmişdir; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdehndə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya aid edilmiş 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşəsi üzrə işləmiş, bu peşə üzrə iş stajı 4 il 9 ay, 25 gün təşkil etmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq üçün AR ƏƏSMN DSMF XŞT-ya müraciət etsə də, həmin pensiyanın alınması üçün iş stajı tələbində çatışmazlıqlar olduğundan müraciəti təmin edilməmişdir. O, trestdə 1995-2005-ci illərdə çalışdığı vəzifələrin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıda əksini tapdığını rəhbər tutaraq, bu halın öz təsdiqini tapması üçün həmin tarixlərdə işlədiyi dövr ərzində istehsalatın zərurəti ilə əlaqədar olaraq gecə işlərinə görə əlavə əməkhaqqı arayışına hansı istehsalat, texniki və texnoloji prosesləri yerinə yetirdiyini və görülən işlərin siyahıda hansı aidiyyatlı koda uyğunluğu barədə arayış verilməsi üçün iş yerinə müraciət etmişdir. Lakin müəssisə tərəfindən bu barədə verilən arayışlar İddiaçı qane etmədiyindən, o, zəruri məlumatları ehtiva edən sənədin Cavabdehndən alınması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən işçinin iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq hüququ vardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 10.4.1-ci maddəsinə əsasən informasiya sahibi: 10.4.1 - informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.5 - sorğuçuya kömək göstərməlidir; 13.1-ci maddəsinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1 - informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2 - sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı 1995-2005-ci illər ərzində Cavabdehndə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş siyahıdakı vəzifəyə uyğun işlədiyini hesab etdiyindən güzəştli şərtlərlə pensiya hüququ əldə etmək üçün lazım olan iş stajı tələblərinə riayət olunduğunu bildirir. İddiaçı mülahizəsini onun müəssisədə gecə işlədiyi günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi, gecə işlərinə cəlb edildiyi üçün əmək haqqına əlavələr ödənilməsi ilə əsaslandırır. Lakin Cavabdeh tərəfindən edilən etirazdan, “Sorğunun araşdırılmasının nəticəsi haqqında” məktubdan, o cümlədən əmək haqqı barədə arxiv arayışlarından məlum olur ki, heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə olunması haqqında heç bir sənəd aşkarlanmamışdır. Onun çalışdığı vəzifə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilməmiş və bu fakt şahid ifadəsində də vurğulanmışdır. İddiaçının rəhbər tutduğu əsaslar mövcud olmadığından və iddiaçı tərəfindən onları doğrulayan sübutlar məhkəməyə təqdim edilmədiyindən, İddiaçı 1995-2005-ci il tarixlərdə işlədiyi dövr ərzində istehsalatın zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə arayışı Cavabdehndən tələb etməkdə haqlı deyildir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X5 göstərilməklə) Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X5 göstərilməklə) Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar