Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1914/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 44-K nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və əmr verildiyi tarixdən iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının və iddiaçıya son haqq hesabın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 31 mart 2021-ti il tarixində əmək müqaviləsi ilə müddətsiz olaraq "xxxx" MMC-yə baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin vəzifə üzrə 01 aprel 2021-ci il tarixdən işə başlamışdır. İşlədikdən bir müddət sonra, yəni oktyabr ayının əvvəlində hərarəti olduğuna Covid-19 virusuna yoluxma ehtimalı olduğuna görə, cəmiyyətin direktoru X2 ona evdə qalacağını və evdən işləyəcəyini bildirmişdir. Aqil müəllim əmək haqqının tam və gördüyü işə görə isə əlavə ödəniş edəcəyini demişdi. Hər gün hara, kimə və nə edəcəyi cəmiyyətin korperativ telefonunda yazaraq və səs ataraq göstərirdi. Cəmiyyətin nootbuk və asan imzası onda idi. Bütün əməliyyatları rəhbərin tapşırığı əsasında həmin nootbuk və asan imza vasitəsilə o aparırdı. Cəmiyyətin bank hesabından əməkdaşlara, kimə və nə qədər, xarici təchizatlara ödəniş aparmağını Aqil müəllim hər dəfə ona tapşırırdı. Oktyabr ayı 3-cü rüb hesabat dövrü olduğuna görə cəmiyyətin vergi, sosial sığorta və statistika üzrə bəyannamələrini evdən hazırlayıb portaldan göndərirdi. Həmçinin rəhbərlik Kapital bank, Azərtürk Bankdan kredit üçün sənədlərin işlənməsini və təyinatı üzrə göndərməyini tapşırmışdı. Xəstə olduğu halda evdən işləməyinə və bütün tapşırıqları həll etməyinə baxmayaraq 29 oktyabr 2021-ci il tarixində heç bir əsas olmadan, ona bildirilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 bəndinə (tərəflərin birinin təşəbbüsü) və xx.xx.2021-ci il tarixli 44-K saylı əmrinə əsasən işdən çıxarılmışdır. Əmək müqaviləyə xitam verilməsi barədə məlumatı isə e-sosial.gov.az.saytına xx.xx.2021-ci il tarixində daxil olduqda bilmişdir. Daha sonra bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müfəttişliyin apardığı araşdırmaya görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhrü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, Sizə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuş, həmçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü v 192.6-cı maddəsinə asasan inzibati xəta halı yaranmışdır. Bu halın aradan qaldırılması üçün xx.xx.2021-ci il tarixli protokol tərtib edilərək "xxxx" MMC-nin rəhbərliyinə Müfəttiş tərəfindən göstəriş xarakterli məktub göndərilmişdir. Lakin buna baxmayaraq bu günə qədər "xxxx" MMC tərəfindən ona heç bir cavab verilməmişdir. Belə olan halda onun işdən azad edilməyinə əsas olmuş xx.xx.2021ci il tarixli 44-K saylı əmr ləğv edilməli, işə bərpa edilməklə yanaşı qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək məcburi iş buraxma günləri üçün ona əmək haqqı verilməlidir. Cavabdeh təşkilatın rəhbərinin inzibati qaydada cərimələnməsindən sonra onun yenidən işə bərpa olunmağı barədə vədd verilsədə, cavabdeh qurum hələdə xx.xx.2021-ci il tarixli 44-K saylı əmri ləğv etməmiş, məni əvvəlki iş yerinə qaytarmamış, ona son haqq-hesabın ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 44-K nömrəli (dəyişiklik edilmiş) əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə qaytarılmağı, ona son haqq-hesabın ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cavabdehdən məcburi iş buraxma günləri üçün əmək haqqımın hesablanaraq alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi ərizənin mətnindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 44- K saylı əmr etibarsız hesab edilmiş və iddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” maddəsinə uyğun olaraq əsaslandırılmışdır. Odur ki, hazırkı halda qanunvericilik işçinin hansı maddə ilə işdən çıxarılması ilə bağlı məhdudiyyət qoymamışdır. Yəni işəgötürən işçini istənilən maddə ilə təqsirli və ya işə yararsız hesab edib sistemə yerləşdirə bilər. Amma qanunsuz əmr hər bir halda hüququ pozulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılması cavabdehi öz öhdəliklərindən azad edə və ya təqsirini gizlədə bilməz. Eyni zamanda işə bərpa ilə bağlı tələbilə iddiaçıya son haqqhesabın verilməsi tələbində ziddiyət mövcuddur və bu halda son haqq-hesabın verilməsi tələbini geri götürməlidir. Belə olan halda iddia tələbini dəyişdirilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerimə qaytarılmağı və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cavabdehdən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq alınıb verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində əsassız tələbi irəli sürmüşdür. İddiaçı MMC ilə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, MMC-də mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsi üzrə əmək haqqı əslində 1.000 manata razılaşsalar da, mühasib işlərini görən İddiaçı əmək haqqısını 1.115 manat göstərmiş, MMC-nin X5 bunun səbəbini soruşduqda guya texniki səhv olduğunu və düzəldəcəyini bildirmiş, lakin sonradan bu texniki səhvini aradan qaldırmamış və A. Cəbrayılov humanist insan olduğu üçün bu məsələnin üzərinə çox getməmiş və göz yummuşdur. İlk vaxtdan əmək fəaliyyətinə belə başlamış İddiaçı qısa əmək fəaliyyəti dövründə işində ciddi nöqsanlara yol vermiş, işləri vaxtı-vaxtında və düzgün görməmiş, MMC-yə daxil olmuş bəzi sənədləri rəhbərlikdən gizlətmişdir. Nəticədə MMC-nin rəhbərliyi artıq onunla işləməyin mümkün olmadığını görmüş və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilmədiyi üçün 01 sentyabr 2021-ci il tarixində işdə olmadığı üçün onunla telefon əlaqəsi saxlanılaraq (bu halı MMC-nin əməkdaşı olan və onunla əlaqə saxlamış şahidlər məhkəmə baxışı zamanı təsdiq edə bilərlər), onunla bağlanmış əmək müqaviləsinə yeni mühasib tapıldıqdan və 2021-ci ilin oktyabr ayı ərzində təhvil-təslim işlərini bitirdikdən sonra xitam veriləcəyi barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq, İddiaçı 11 oktyabr 2021-ci il tarixindən heç bir əsas və səbəb gətirmədən və rəhbərliyə xəbərdarlıq etmədən işdən qalmış, iş yerinə gəlməmiş, həmin vaxtdan sonra da heç bir iş görməmişdir. Bu barədə xx.xx.2021 -ci il tarixli inzibati akt tərtib edilmişdir. İşçi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin 4.16-cı bəndinə əsasən, onun iş saatı 09:00dan 18:00-dək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı cəmiyyətin balansında olan notebook-u, giriş-çıxış kartını, mühasibat otağının açarını və cəmiyyətə məxsus korporativ mobil telefon nömrəsini (**********) özündə saxlamışdır. Bu barədə ona xəbərdarlıqlar edilmiş, MMC-yə məxsus qeyd edilən əşyaların təhvil verməsi tələb edilmiş, yalnız 17 noyabr 2021-ci il tarixində cəmiyyətin balansında olan notebook-u (lakin mousenu dəyişərək), giriş- çıxış kartını, mühasibat otağının açarını qaytarmışdır. Cəmiyyətin balansında olan korporativ mobil telefon nömrəsini dəfələrlə qaytarmasını tələb etsək də, heç bir əsası olmadan şəxsi istifadəsi üçün özündə saxlamışdır. Ona görə də, MMC mobil nömrəni bloka saldırmaq məcburiyyətində qalmışdır. İddiaçı son haqq-hesabı bu səbəbdən 17 noyabr 2021-ci il tarixinə, yəni sözügedən əşyalar qaytarılanadək gecikmişdir. Sonradan hesablama apararkən əslində İddiaçı artıq ödəmə olduğu müəyyən edilmişdir. İddiaçı müəssisənin mühasibat uçotu sənədlərini (dövriyyə qalıq, balans, debitor-kreditor qalıqlarını, anbar mal-material qalıqlarını, əsas vəsaitləri, iş vaxtının uçot tabellərini, əmək haqqı hesablama-ödəniş cədvəllərini, gəlir və xərclər barədə hesabatları, əmrləri, əmrlərin qeydiyyat kitabını, bank sənədlərini (çıxarışlar və onların alt sənədlərini) əmək müqavilələrinin, əmək kitabçalarının qeydiyyat jurnallarını və s.), kadr işləri üzrə sənədləri, hesabatları (vergi, m.d.s.s.h., işsizlikdən sığorta və icbari tibbi sığorta, statistika, əvvəlcədən ödənişlər üzrə banka təqdim olunmalı idxal sənədləri barədə hesabatları), debitor və kreditorlarla üzləşmə aktlarını, baş kitabı və digər uçot sənədləri və hesabatlarını təhvil vermədən cəmiyyətdən ayrılmışdır. Cari işlərə gəldikdə alıcılara hesab təqdim edərkən müqavilə öhdəliklərini tam əks etdirməmiş, hesabları əksik təqdim etmiş ("xxxx" MMC-yə iyul, avqust, sentyabr ayları üzrə), ödənişləri icra edərkən vergi qanunvericiliyinin tələblərinə riayət etməmiş (ƏDV-siz əsas məbləğlər ödəmiş (STN Biznes Mərkəzi MMC), ƏDV-sini əsas məbləğdən kifayət qədər gec ödəmiş, hesabatları boş göndərmiş, cəmiyyəti vergi öhdəliyi üzrə maliyyə sanksiyalarına məruz qoymuş), rəhbərliyin dəfələrlə çağırışına məhəl qoymadan bu işləri görməyə gəlməmişdir. İddiaçı xəstəlik vərəqəsi təqdim etmiş işçiyə normal əmək haqqı hesablamış (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sənədi ola-ola), əslində qanunvericiliyə görə həmin əməkdaşın müavinətin hesablanması üzrə təqdim etdiyi sənədlər əsasında protokol tərtib edilərək, egov saytında qeydiyyatdan keçirilməli, 4 təqvim günündən çox olan iş günlərinin sayına görə ödənişi (əmək stajına görə əslində 8 ilədək 60% olmaqla ödəniş məbləğini düzgün təyin edərək) DSMF tərəfindən ödənilməsini təmin etməmişdir. Nəticədə MMC-yə 300 manat maddi ziyan vurmuşdur. İddiaçı cəmiyyətin nizam-intizam qaydalarını pozaraq rəhbərlikdən cəmiyyətin adına gələn məktubu gizlətmişdir. xx.xx.2021-ci il tarixində Xətai Rayon İcra və Probasiya Şöbəsindən MMC-nin adına gələn və xx.xx.2021-ci il tarixində qəbul etməyi barədə imzaladığı 17/7-147613/2021-4K nömrəli məktubu (icra sənədini) rəhbərlikdən gizlətmiş, bununla icra sənədi üzrə borclu kimi dövlət orqanlarından yayınmış, əmək haqqından vaxtında icra sənədi üzrə tutulma edilə bilməmiş, sənədin əslini belə özü ilə götürmüş, bu məlumatı rəhbərlikdən gizləməkdən qalmayaraq ona əməl etməmişdir. Bu barədə məlumatı İcra Şöbəsinin əməkdaşları MMC-yə zəng etdikdən sonra bilmişik. İcra sənədinə görə, İddiaçı əmək haqqından (ümumilikdə 1.373 manat + 7% icra ödənişi — 96,11 manat, cəmi 1.469,11 manat) hər ay 50 % miqdarında pul tutularaq (yəni 2021 -ci ilin sentyabr ayından) borclu olduğu təşkilatın hesabına köçürülməli idi. İddiaçı əmək haqqı ilə bağlı məsələləri təsdiq edən cədvəl X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda öz əksini tapmışdır. Ona işlədiyi dövr üzrə 6.833,97 manat ödənilməli olduğu halda, 7.103,32 manat ödənilmiş, nəticədə 269,35 manat artıq ödəniş edilmişdir. İddiaçı kadr işləri üzrə işə qəbul ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçası, sağlamlıq haqqında arayışı (COVİD pasportun surəti) iş qovluğunda yoxdur. O, bütün sənədləri MMC-dən aparmış və qaytarmamışdır. İddiaçı ailə vəziyyətini (kirayədə qalmasını, kredit borclarının olmasını), yaş həddini, gələcək karyerasını nəzərə alaraq (yeni iş yerində problem yaşamaması üçün), dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamış, son nəticədə cəmiyyət daxilində yuxarıdakıları nəzərə alaraq inzibati akt tərtib edilmiş, işəgötürənin təşəbbüsü ilə MMC-nin xx.xx.2021-ci il tarixli 44-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X3 Bakı şəhər idarəsinin MN1064576 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsi əsası ilə MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat cərimə edilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı bağlanmış 01/21 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə baş mühasib vəzifəsinə təyin edilmişdir. Onun aylıq vəzifə maaşı 1115 manat olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati aktdan görünür ki, Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən cəmiyyətdə baş mühasib vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə heç bir əsas olmadan, üzürsüz səbəbdən işə çıxmamış, cəmiyyətin nizam-intizam qaydalarını pozmuş və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməmiş, cəmiyyətin işinə və adına xələl gətirmişdir. Bu səbəbdən də yaşı, ailə vəziyyəti, gələcək karyerası nəzərə alınaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli N-44-K nömrəli əmrdən görünür ki, baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən cəmiyyətə baş mühasib vəzifəsinə qəbul edilmişdir. İşdə olan materiallara və iddia tələbinin aparılmış əsaslandırılmasından göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan əmr əmək məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsas qəbul edilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsi xitam edilmişdir. Lakin daha sonra cəmiyyətin xx.xx.2021-ci il tarixli N-44-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla razılaşmayan iddiaçı əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Hazırda işin mübahisəsiz halı mübahisə predmeti olan müvafiq əmrin verilməsinə əsas olmuş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə dair düzəliş edilməsidir. İddiaçı qeyd olunan əmrin verilməsinə dair əsasın dəyişməsi halında belə əmrin qanunsuz olaraq verilməsini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi mübahisə predmeti olan əmrin verilməsinə əsas olmuş norma işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 71-ci maddəsinin 2-ci bəndin və 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda tətbiq edilir. Hazırda iddia tələbinə cavabdeh tərəfindən edilmiş etirazlarda iddiaçının 11 oktyabr 2021-ci il tarixdə işə üzürsüz səbəbdən gəlməməsi və bu səbəbdəndə bu hərəkəti kobud pozuntu kimi qiymətldirilmiş və bu səbəbdən də Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən xx.xx.2021-ci il tarixli inzibati akt tərtib edilmişdir. Göründüyü kimi hazırda cavabdeh tərəfindən işçinin qeyd olunan tarixdə işə gəlməməyi, habelə işdə olmadığı üçün işəgötürənə zərər vurulmasını təsdiqi olaraq məhkəməyə, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tətrib edilmiş akt göstərilmişdir. Qeyd olunan akt iddiaçıya təqdim edilməmiş və yaxud iddiaçının həmin akta dair hər hasnı mülahizəsi aktda qeyd olunmamışdır. Belə olan halda məhkəmə tərəfindən sübut olaraq cavabdeh cəmiyyətin əməkdaşları tərəfindən bir tərəfli qaydada tərtib edilmiş aktı mötəbər sübut olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblər uzlaşdırılması zamanı uyğunzuluqlar aşkar olunmuşdur. Belə ki, göründüyü kimi iddiaçının baş mühasib olaraq işlədiyi cəmiyyətdə əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir. Lakin mübahisə predmeti olan əmrin verilməsi zamanı, tərəflərin hazırki münasibətlərinin tənzimlənməsi üçün müəyyən edilmiş hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Həmçinin cavabdehin müvafiq əmr verdiyi zaman göstərdiyi hərəkətsizlik onun müvafiq normanın tələblərindən sui istifadə etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi qanunverici müvafiq inzibati tənbeh növünün tətbiqi zamanı bir sıra şərtlər müəyyən etmişdir. Bu şərtlərin tətbiq edilməsində məqsəd tərəflər arasında yaranmış münasibətlərin pozulması halında işəgötürən və ya işçinin məsuliyyətini dəqiq müəyyən edilməsidir. Hazırda tətbiq edilmiş intizam tənbehi üzrə cavabdeh tərəfindən işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olması hallarına dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-nin İddiaçı barəsindən qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli əmrinin ləğv edilməli, İddiaçı Cavabdeh MMC əvvəlki vəzifəsinə bərpa olunmalı və 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia tələb təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı barəsində qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC əvvəlki vəzifəsinə bərpa olunsun. 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli Əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1914/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1914/2022
23.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver