Məhkəmə qərarları › İş №2(005)-1917/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1917/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1917/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “6576a” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinə dair 12 aprel 2004-cü il tarixli, 32437 nömrəli “Bağın icarəyə verilməsinə dair” müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 18 oktyabr 2023-cü il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “6576a” saylı, 1167 kvadrat metr bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair müraciət etmişdir. Məhkəmə iclasları keçirilərkən məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 Saylı Bakı Ərazi İdarəsinin bildirişinə və məhkəməyə təqdim etdiyi etirazına əsasən və təqdim etdiyi təsdiq edilmiş 12 aprel 2004-cü il tarixli, 32437 №li “Bağın icarəyə verilməsinə dair" müqaviləyə əsasən həmin müqavilənin arxiv nüsxəsində keçmiş X3 və istismarı Birliyinin möhürü yoxdur və 12 aprel 2004-cü il tarixli, 32437 №-li “Bağın icarəyə verilməsinə dair” müqaviləyə əsasən həmin müqavilənin bağlanmış hesab edilməsinə dair ümumi məhkəmə tərəfindən qətnamə çıxarılmasına zərurət yaranmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentınin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “6576a” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinə dair 12 aprel 2004-cü il tarixli, 32437 №-li “Bağın icarəyə verilməsinə dair” müqavilənin bağlanmış hesab edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, İddiaçı müharibə veteranıdır, bir neçə dəfə döyüşlərdə yaralanıb. İddiaçının maddi imkanı aşağıdır və ailəsi ilə birlikdə Biləcəridə 1 otaqlı evdə yaşayır. İddiaçıya məxsus olan Ləhiş bağlarında yerləşən torpaq sahəsinə dair müqavilənin əslini iddiaçı itirmişdir. Arxivdə olan sənəddə isə möhür olmadığı üçün təsdiq edilmir. İddiaçının torpaq sahəsi ilə bağlı bütün sənədləri qaydasındadır. Sadəcə möhür olan sənədi iddiaçı itirdiyi üçün sənədin təsdiqlənməsində problem yaranıb. İnzibati məhkəmədə isə cavabdeh çıxarışın verilməsi ilə bağlı iddialarına etiraz etmiş və əsas kimi müqavilədə möhür olmamasını göstərmişdir. Halbuki möhür vurulmaması onların təqsiri deyil. Torpaq sahəsinə 20 ildir ki sahiblik edirlər, gedib-gəlirlər. Qonşuluqda olan torpaq sahəsi Babayeva Səkinəyə məxsus idi. O, vəfat etmişdir. Babayeva Səkinəyə verilmiş torpaqla onlara məxsus torpağın heç bir əlaqəsi yoxdur. Onu satıb-satmaması barədə məlumatı yoxdur. Bildiyi qədər Babayeva Səkinəyə məxsus bağa başqa şəxs çıxarış alıb. İnzibati məhkəmədə ona bu cür işlərlə bağlı ümumi məhkəməyə müraciət edərək müqavilənin bağlanmış hesab edilməsi tələbini irəli sürmək lazım olduğunu bildirmişlər. Müqavilənin həqiqiliyi ilə bağlı tərəflər arasında mübahisə yarandığından hazırki iddianı irəli sürmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6576A” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin yerinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da faktiki olaraq 1167 kv.m təşkil edir. Bundan əlavə, təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş 32437 nömrəli, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv nüsxəsində həmin birliyin möhürü yoxdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir; - X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 32437 saylı müqavilənin surətindən görünür ki, “Birlik” Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 6576a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla “İstifadəçiyə” verməyi, “İstifadəçi” isə həmin bağı istifadəsinə götürməyi öz öhdəsinə götürmüşdür; - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, Ləhiş bağ massivində yerləşən 6576 a saylı bağ sahəsi hasar daxilindədir, sahədə tikili yoxdur. Göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 6576 saylı bağın ərazisinə uyğun gəlir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, 1973-cü ildən 2007-ci ilədək Bağlar İdarəsində sahə rəisi kimi işləmişdir. 2007-ci ildən 2010-cu ilə kimi Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işləmişdir. Daha sonra isə 2010-cu ildən 2023cü ilin sentyabr ayına kimi Kürdəxanı Bələdiyyəsində işləmişdir. Ondan sonra isə öz ərizəsiylə işdən çıxmışdır. Bağlar idarəsinin sahə rəisi olan zaman Ləhiş bağlarında olan torpaqları o vətəndaşlara paylamışdır. Ləhiş bağlarında 15000 torpaq sahəsi var idi. İddiaçı 6576A nömrəli torpaq sahəsi, Babayeva Səkinəyə isə 6576 nömrəli torpaq sahəsi verilib. Nazirlər Kabinetinin qərarına əsasən 24 sot bağlar bölünməli idi. Bağlar bölünən zaman isə onlar xəritəni dəyişməmək məqsədilə bağları “A” nömrəsi ilə fərqləndirdilər. Ləhiş bağlarını adətən imtiyazı olan şəxslərə verirdilər. Yəni, müharibə veteranlarına, çoxuşaqlı analara, əməkdar jurnalistlərə və s. İddiaçı müharibə veteranı olduğunu bilir və ona verdiyi torpaq sahəsini də bugünədək xatırlayır. X7 torpaq sahəsi verilmişdi. Lakin, onun torpağı sonradan dəyişdirildi və Ləhiş bağlarından verildi. İddiaçı və Babayeva Səkinəyə ayrı-ayrı torpaq sahələri verilmişdir. Onlarda qayda belə idi ki, əgər vətəndaş özü idarəyə gəlib müqaviləyə imza çəkirdisə o zaman müqaviləyə möhür vurulurdu. İdarəyə gəlib imza çəkməyən şəxslərin sənədlərinə möhür vurulmurdu. Belə olan halda isə idarədə sənədlər möhür olmadan arxivə verilirdi. Kimin sənədi möhürsüz idisə məhkəməyə müraciət etməli olurdu. Onun verdiyi torpaq sahələrinin qeydiyyat kitabı bügünədək onda saxlanılmışdır. Həmin kitabda kimə hansı ərazidə nə qədər torpaq verildiyi qeyd edilmişdir. İddiaçıya da torpaq sahəsinin verilməsi barədə qeydlər həmin kitabda saxlanmışdır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, İddiaçı Ləhiş bağlarında qonşudur. 15 ildən çoxdur ki, o, Ləhiş bağlarında yaşayır. Hazırda da həmin bağda yaşayır. O, İddiaçı bağından 3-4 bağ aralı yaşayır. O, bağda yaşamağa başladığı vaxtdan Sərdar bəyi bağda görmüşdür. Sərdar bəyin bağının darvazası və hasarı var. O, Sərdar bəyi dəfələrlə görmüşdür. Həmin bağda Sərdar bəy və ailəsindən başqa heç kimi görməmişdir. Sərdar bəy yay vaxtları həyat yoldaşı və oğlu ilə bağa gəlib-gedir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı icarə hüquqları əsasında istifadə etdiyi bağ sahəsinə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, arxivdə olan müqavilədə möhürün olmaması əsası ilə (digər əsaslarla yanaşı) onun tələbi təmin edilməmişdir. İddiaçı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə İnzibati Məhkəməyə müraciət etmiş, cavabdeh təşkilat isə eyni əsaslarla iddia ərizəsinə etiraz etmişdir. İddiaçı müqavilənin hüquqi qüvvəsi ilə bağlı mübahisə yarandığından müqavilənin bağlanmış hesab edilməsi tələbi ilə ümumi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə əsasən, hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan xalqının maddi rifahını yüksəltmək, sosial ədalət prinsipinin və mülkiyyət hüququnun təmin edilməsi məqsədilə qəbul edilmiş, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd edilən Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Əsasnamənin 2-3-cü bəndlərinə əsasən göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən isə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilənlərdən də göründüyü kimi bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün tələb edilən əsas sənədlərdən biri qismində çıxış edir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 saylı Sərəncamının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsinin təmin edilməsi, Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır. Müqavilədə möhür olmaması səbəbindən onun etibarlı hesab olunub-olunmaması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-nin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Göstərilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir (İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli və F.Nəcəfovanın şikayəti üzrə 3 mart 2023-cü il tarixli Qərarlar). Hazırki iş üzrə oxşar məsələ, yəni möhürün olmaması səbəbindən tərəflər arasında bağlanmış müqavilə cavabdeh tərəfindən etibarlı müqavilə kimi qəbul edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “6576a” saylı, 1167 kvadrat metr bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə AR DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən müqavilədə möhürün olmaması əsası ilə (digər əsaslarla yanaşı) çıxarışın verilməsindən imtina olunmuşdur. Həmçinin iddiaçı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə İnzibati Məhkəməyə müraciət etmiş, cavabdeh təşkilat isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq etirazının əsaslarından biri kimi X3 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv nüsxəsində həmin birliyin möhürünün olmamasını göstərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunmalıdır ki, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Lakin hazırki iş üzrə tərəflər arasında müqavilənin yazılı şəkildə bağlanmasını, icarə müqaviləsinin cavabdehin arxivində mövcud olmasını, müqavilə öhdəliklərinin icra edilməsini, torpaq sahəsinin iddiaçıya təhvil verilməsini, həmin bağ sahəsinin uzun müddətdir ki, iddiaçının istifadəsində olmasını, şahid ifadələrini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilədə möhürün olmaması idiaçının məhkəmə müdafiəsi hüququnun, eləcə də mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilməz və bu hal onun hüquqlarının bərpasından imtinaya əsas ola bilməz. Hazırki iş üzrə tərəflər arasında müqavilə bağlanmış və öhdəlik icra edilmişdir. Tərəflər arasında, müqavilədə möhür olmaması səbəbindən müqavilənin hüquqi qüvvəsi ilə bağlı mübahisə yarandığından və bu səbəbdən həmin müqavilənin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yarandığından məhkəmə hesab edir ki, iddia təmin edilməli, icarə müqaviləsi bağlanmış hesab edilməlidir. Cavabdeh təşkilatın mübahisələndirilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin (6576 nömrəli) yerinə uyğun gəlməsi, faktiki sahəsinin nisbətən az olması dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmədiyindən göstərilən hallar müqavilənin bağlanmamış hesab edilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2-ci maddəsi). Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki iş üzrə isə həmin hallar mövcuddur. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə X3 və istismarı Birliyi arasında Ləhiş ərazisində 6576a nömrəli bağın istifadəyə verilməsi haqqında 32437 saylı, 12 aprel 2004-cü il tarixli müqavilə bağlanmış hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə X3 və istismarı Birliyi arasında Ləhiş ərazisində 6576a nömrəli bağın istifadəyə verilməsi haqqında 32437 saylı, 12 aprel 2004-cü il tarixli müqavilə bağlanmış hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar