Məhkəmə qərarları › İş №2(005)-1924/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1924/2022

24.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1924/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh ARDNŞ Geofizika və geologiya İdarəsi ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 20B01291 saylı əmrin ləğv edilməsi, əmək müqaviləsində göstərilən vəzifəsinə işə bərpa və xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ARDNŞ Geofizika və Geologiya İdarəsi ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsi ilə Geofızika və Geologiya İdarəsinə 3-cü dərəcəli geofiziki işlər üzrə fəhlə vəzifəsinə, xx.xx.2014-cü ildən X1 X11 Geofiziki Ekspedisyası 22 saylı kmgd-nə 5-ci dərəcəli karotaşçı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə aralarında bağlanmış sözügedən müqaviləyə xx.xx.2021-ci il tarixli, 20B01291 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə qanunsuz olaraq xitam verilmişdir. Cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam əsassız və qanunsuzdur. O, 2020-ci ilin sentyabr ayından qrup halında pandemiya ilə əlaqədar olaraq məzuniyyətə göndərilmişdir. O, məzuniyyətdə olduğu müddət ərzində cavabdeh tərəfindən işə çıxmağı barədə heç bir xəbərdarlıq edilməmiş və onu xəbəri olmadan işdən azad edilmişdir. Sağlamlıq imkanları məhdud oğlu X3 qulluq edirdi. Bu barədə də cavabdehə lazımı səndləri təqdim etmiş, buna görədə ona müraciəti əsasında 2018-ci ildə maddi yardım göstərilmişdir. Cavabdeh aralarında bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlynin X7 xidmətinə etdiyi şikyət ərizəsi əsasında İdarənin rəisi X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilərək 1500 manat məbləğində cərimə edilmişdir. X7 xidməti İdarənin rəisi X4 əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək işinə geri qaytarılmasının təmin edilməsi üçün **********6 nömrəli, xx.xx.2022ci il tarixdə məktub ünvanlasa da əmək müqaviləmə xitam verilməsi barədə əmri ləğv edilməmiş, işinə geri qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, eyni zamanda 2021ci ilin sentyabr-dekabr ayları üçün işə çıxmamasının səbəbini uşağına qulluq etməsi və işə çıxmalı olması barədə heç bir məlumat almadığı ilə əlaqədar olduğunu qeyd etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək birdirmişdir ki, Geofizika və geologiya İdarəsinin “Mədəngeofizika” istehsalat bölümünün "Neft Daşları" mədən geofiziki ekspedisiyasının 22 saylı kompleks mədən-geofiziki dəstəsinin karotajçısı İddiaçı davamlı olaraq 2021-ci il 16 sentyabr tarixindən 2021-ci il 06 dekabr tarixi daxil olmaqla təxminən 2 aydan çox müddətdə (2 ay 20 gün) idarəyə heç bir məlumat vermədən işə çıxmamış və üzrlü səbəbdən işə çıxmaması barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Bu halı nəzərə alan Geofizika və geologiya İdarəsi xx.xx.2021-ci il tarixdə AzeriExpress poçt vasitəsi ilə onun ünvanına məktub göndərərək işə çıxmamasının səbəbinin bildirilməsini təklif etmişdir. Lakin o, məktubu qəbul etməkdən imtina etmiş və qeyd olunan poçt xidmətinə geri qaytarmışdır. Geofizika və geologiya İdarəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün xx.xx.2021-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclasının qərarı ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsasla ləğv edilməsinə razılıq verilmişdir. Geofizika və geologiya İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B01291 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. Həmçinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi müvafiq qaydada imzalanmış və möhürlənmiş SOCAR-ın Geofizika və geologiya İdarəsinin xx.xx.2021-ci il tarixli, SOCAR**********00Q7002QB01291 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. İşəgötürən tərəfindən son haqq-hesabı ilə birlikdə sonuncu iş günü olan xx.xx.2021-ci il tarixdə İddiaçı kart hesabına ödənilmişdir. Əmək kitabçasının surətinin ünvanına göndərilməsinə münasibət bildirilməsi xahiş edilmiş, lakin məktuba heç bir münasibət bildirməmişdir. Göründüyü kimi, İddiaçı, “əmək hüquqlarının pozulması və qanunsuz işdən azad olunması” məzmununda müraciəti, eləcə də AR Əmək Məcəlləsinə uyğun olaraq, sonuncu iş günü xx.xx.2021-ci il tarixində son-haqq hesab aparılmaqla, ünvanına göndərilən məktubda onunla bağlanmış əmək müqaviləsinə hansı əsasla və hansı tarixdən xitam verilməsindən məlumatlı olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı ilə Geofizika və Geologiya İdarəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü ildən X1 X11 Geofiziki Ekspedisyası 22 saylı kmgd-nə 5-ci dərəcəli karotajçı vəzifəsinə işə qəbul olunmuşdur. ИТ-İ seriaylı, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü ildən X1 X11 Geofiziki Ekspedisyası 22 saylı kmgd-nə 5-ci dərəcəli karotajçı vəzifəsinə işə qəbul olunmuş, Geofizika və Geologiya İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B01291 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuban görünür ki, İddiaçı xx.xx.2021-ciil tarixdən xx.xx.2021-ci il tarixə kimi idarəyə heç bir məlumat vermədən işə çıxmadığı bildirilmiş və xx.xx.2021-ci il tarixə kimi xəstəlik vərəqəsini təqdim etmədiyi halda onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. Məktuba əlavə edilmiş xəbərnamədən İddiaçı həmin məktubu qəbul etməkdən imtina etdiyi aydın olur. Geofizika və Geologiya İdarəsi tərəfindən Geofizika və Geologiya İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi Həmkarlar İttifaqı Komitəsindən xahiş olunmuşdur. Geofizika və Geologiya İdarəsi tərəfindən Geofizika və Geologiya İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 25 saylı iclas protokolundan müəyyən olunur ki, X1 X11 Geofiziki Ekspedisyası 22 saylı kmgd-nə 5-ci dərəcəli karotajçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Geofizika və Geologiya İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B01291 nömrəli əmrə əsasən İddiaçı davamlı olaraq 2021-ci il 16 sentyabr tarixindən 2021-ci il 06 dekabr tarixi daxil olmaqla təxminən 2 aydan çox müddətdə (2 ay 20 gün) idarəyə heç bir məlumat vermədən işə çıxmamış və üzrlü səbəbdən işə çıxmaması barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Beləliklə o, 2 aydan çox müddətə işə çıxmamaqla qəsdən əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməmiş, nətiəcədə işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi qərara alınmışdır. “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair” məlumatdan müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməsi xx.xx.2021-ci tarixli xxxxxxx0002X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində xx.xx.2021-ci il tarixdə qeydiyyat alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü ildən X1 X11 Geofiziki Ekspedisyası 22 saylı kmgd-nə 5-ci dərəcəli karotaşçı vəzifəsinə işə qəbul olunmuşdur. Respublikada mövcud olan karantin rejimi ilə əlaqədar, İddiaçı digər işçilərlə birlikdə 2020-ci ilin sentyabr ayından qrup halında məzuniyyətə göndərilmişdir. Məzuniyyətdə olduğu dövr ərzində İddiaçı orta əmək haqqı hesablanaraq verilmişdir. Sonradan Geofizika və geologiya İdarəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün xx.xx.2021-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2021ci il tarixli iclasının qərarı ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsasla ləğv edilməsinə razılıq verilmişdir. Geofizika və geologiya İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli SƏCAR**********00070020B01291 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin sentyabr ayından idarə tərəfindən məzuniyyətə göndərilməsi səbəbindən işə çıxmadığını, bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmri əsassız hesab etdiyini bildirərək, əvvəlki işinə bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Geofizika və Geologiya İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B01291 nömrəli əmrindən İddiaçı əmək müqaviləsinin ləğvinə əsas kimi onun 2020-ci ilin sentyabr ayından məzuniyyətə çıxması deyil, 2021-ci il 16 sentyabr tarixindən 2021-ci il 06 dekabr tarixi daxil olmaqla 2 aydan çox müddətdə (2 ay 20 gün) idarəyə heç bir məlumat vermədən işə çıxmaması və üzrlü səbəbdən işə çıxmaması barədə heç bir rəsmi sənəd təqdim etməməsi göstərilmişdir ki, bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı tərəfindən öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilmişdir. Eyni zamanda İddiaçı üzrsüz səbəbdən işə çıxmadığı müddət üçün haqq almamışdır ki, 2 ay 20 gün təşkil edən həmin müddət ərzində idarəyə yaxınlaşaraq hansı səbəbdən haqq almadığ ilə maraqlanmamışdır. İddiaçı məhkəmə iclasında idarəyə yaxınlaşdığını, lakin ona işə çıxmalı olduğu barədə məlumat verilmədiyini bildirsə də, idarəyə müraciət etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı özü də məhkəmə iclasında üzrsüz səbəbdən işə çıxmadığı müddətdə sağlamlığı ilə bağlı problemləri olan uşağına qulluq etiyini, bu səbəbdən də işə çıxmadığını bildirsə də, məhkəmə hesab edir ki, bu halla bağlı idarəyə heç bir sənəd təqdim etmədiyi, idarəyə müraciət etmədən uzun müddət işə çıxmadığı üçün üzrlü hal kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin dəlilləri sübutlarla öz təsdiqini tapmır. İddia tələbini əsaslandıran halları təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 71-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir 76-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi iddiaçının 2021-ci iliun sentyabr ayının 16-sından 2021-ci ilin dekabr ayının 6sına kimi bu barədə heç bir məlumat vermədən işninin davamlı olaraq işə çıxmaması göstərilmişdir ki, iddiaçı məhkəmə bunu təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə o Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən öz əmək funksiyasını icra etməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Beləliklə yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair iddia ərizəsi dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar