Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1928/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddətə buraxılmış müddət üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)-578/2018 saylı qərarı əsasında İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmri ləğv edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 2-1(104)-155/2018 saylı, xx xxxxx 2018-ci il tarixli məktubuna cavab olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 1818- 24/18 saylı məktubda Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-372 nömrəli əmrinə əsasən İddiaçı Daşkəsən rayon Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması və məhkəmə qərarının icra edilməsi qeyd edilmişdir. İddiaçı işdən azad edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinin ləğv edilməsi və işə (de yure) bərpa edilməyi barədə yeniəmr verilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, buraxılmış müddət üçün əmək haqqısının ödənilməsini xahiş etmişdir. Tərəf işəgötürənin əmrini qanunsuz hesab edərək, işdən azad edilməsi nəticəsində ona maddi ziyan vurulmağını qeyd etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı ərizə xx xxxxxx 2019-cu il tarixdə göndərilmiş, xx xxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən alınmışdır. Ərizənin çatdırılmasından ay keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmişdir. İddiaçı xx xxxxxxx 2016-cı il tarixdən Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilmiş və həmin tarixdən hazırkı tarixədək əmək haqqı almadığını bildirmişdir. İddiaçı işdən azad edilməsi nəticəsində əmək haqqının ödənilməməsi səbəbindən ona 20.000 manatdan artıq maddi ziyan dəydiyini qeyd etmişdir. Onu da əlavə etmişdir ki, de fakto bu günədək o işə bərpa edilməmişdir. Ancaq hüquqi baxımdan işə bərpa edilməsi barədə həm məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həm də, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri vardır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə xx.xx.2016-cı il tarixli, 11/974 saylı əmrini məhkəmə qaydasında mübahisələndirdiyi ilə bağlı, sonra isə cavabdehin xx.xx.2018-ci tarixli, F-372 saylı əmrini yerinə yetirməməsi nəticəsində aidiyyəti dövlət orqanlarına, məhkəmə hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlər etmək məcburiyyətində qaldığı üçün çəkdiyi poçt xərclərini, məhkəmə iclaslarında iştirak üçün Daşkəsən-Gəncə, Gəncə-Bakı gediş-gəliş xərclərini, məhkəmədə hüquqlarının müdafiəsi, 2 dəfə Apelyasiya, 2 dəfə kassasiya şikayətləri, 4 dəfə İnzibati məhkəməyə yazdırdığı vəkil xərclərinə görə 5.000 (beş min) manat, məhkəmə qərarı əsasında cavabdehin imzaladığı xx.xx.2018-ci tarixli, F-372 saylı əmrinin yerinə yetirməməsi nəticəsində yenidən məhkəmələrə müraciət etməyinə, cavabdeh tərəfindən qanunla qorunan hüquqlarının pozulması bir pedaqoq olaraq, bir müəllim kollektivinin rəhbəri olaraq ona mənəvi iztirablar yaşatmışdır və bu səbəbdən mənəvi ziyan olaraq 30.000 manat pulun kompenyasiya şəklində alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı işsiz qalmağı ilə əlaqədar kredit götürməyə məcbur olduğunu, xx.xx.2018-ci ildən bugünə kimi illik 26%-lə, 1530 manat kredit ödədiyini və bu məbləğin də cavabdehdən alınıb ona ödənilməsini tələb etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, o, işdən azad olunduğu xx.xx.2016-cı il tarixdən işə bərpa olunduğu xx.xx.2020-ci il tarixədək məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o hazırda 2020-ci ilin may ayının 18-indən F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmağa davam etmiş, 2020-ci ilin may ayın 18-indən sonra əmək haqqı almışdır. İşdən azad olunduğu xx.xx.2016-cı il tarixdən işə bərpa olunduğu xx.xx.2020-ci il tarixədək məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 iddianı qəbul etməmiş və iddiaya etiraz edərək məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmrinin ləğv edilməsi bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-1(83)-578/2017 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-1(83)-578/2017 saylı qərarının ləğv edilməsinə və əvvəlki vəzifəsinə bərpa olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(104)-247/2017 saylı qərarı apelyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1 (102)-1987 saylı qərarı ilə qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin instansiyaya qaytarılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)-578/2018 saylı qərarı ilə iddiaçının tələbi təmin edilmiş və İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmri ləğv edilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-372 nömrəli əmrinə əsasən, İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsinə bərpa olunmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlandığı 2-1(104)-155/2018 saylı, xx xxxxx 2018-ci il tarixli məktubuna məhkəmə qərarının icra edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-372 nömrəli əmri ilə İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsinə bərpa olunması barədə xx.xx.2018-ci il tarixli, 1818-24/18 saylı məktubla cavab vermişdir. Lakin İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsinə bərpa olunmasına baxmayaraq, sözügedən vəzifəni layiqincə icra etməmişdir. Belə ki, iddiaçı həmin vəzifənin icrasına əmrdə qeyd edilən tarixdə deyil, xx.xx.2020-ci il tarixindən başlamışdır. Bu isə Əmək Məcəlləsində nəzərdə tutulan əmək vəzifələrinin kobud pozuntusudur. Məhkəmə tədqiqatında iddiaçı tərəfindən 2020-ci ilin 18 mayına qədər iş yerində olmamasını etiraf etmiş və iş yerində olmamasının səbəbi barədə heç bir məlumat verməmişdir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının normalarından göründüyü kimi, iddiaçının işə bərpa edilməsi barədə əmrin mövcud olmasına baxmayaraq, o öz əmək funksiyalarını yerinə yetirməmiş və ümumiyyətlə iş yerində olmamışdır. Belə olan halda iddiaçı tərəfindən həmin müddət üçün əmək haqqını tələb etməsi qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edir. Digər tərəfdən iddiaçı 25.10 2016-cı ildən xx.xx.2018-ci illər ərzində məcburi iş buraxma üçün əmək haqqını tələb edir ki, bu da Əmək Məcəlləsinin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçının xx.xx.2016-cı il tarixli, 11/974 saylı əmrinin ona aid olan hissəsinin ləğv edilməsi barədə iddia ərizəsində və iddianın təmin olunması barədə məhkəmə qərarında məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələb olmamışdır. Məhkəmə qərarının icra edilməsi barədə Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli, 11/974 saylı əmrində də məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qeyd edilməmişdir. İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər məcburi işburaxma dövründə hesablanmış əmək haqqının ödənilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və ya məhkəməyə müraciət etmək hüququ olduğu halda bu hüququndan istifadə etməmişdir. Yalnız xx.xx.2018-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürməsinə dair nə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, nə də məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də, müddətin buraxılması üçün heç bir üzrlü səbəb olmadığından, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiası təmin edilə bilməz. Belə ki, iddiaçının xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il üzrə məcburi iş buraxma üçün əmək haqqının ödənilməsinə dair tələb iddia müddəti ötürüldüyündən və 22.05 2018-ci il tarixdən xx.xx.2020-ci il tarix üzrə əmək haqqının ödənilməsi barədə tələb isə onun direktor kimi, əmək funksiyalarını yerinə yetirmədiyindən təmin edilməməlidir. İş üzrə İddiaçı F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd orta məktəbinin direktoru vəzifəsinə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddətə buraxılmış müddət üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-155/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti «İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli, 11/974 nömrəli əmrinin ləğv edilməsi»nin rədd olunması hissəsində təmin edilmiş, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-1(83)-578/2017 saylı qərarı iddianın « İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli, 11/974 nömrəli əmrinin ləğv edilməsi» rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilmiş, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli, 11/974 nömrəli əmri ləğv edilmişdir; İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2018-ci il tarixli, F-372 nömrəli əmri ilə o Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilmiş və Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-155/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli, 11/974 nömrəli əmri ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli əmri ilə işdən azad edildiyi vaxtdan hazırki müddətə qədər ona ödənilməmiş Kəmərqaya kənd tam orta məktəbin direktoru vəzifəsinə görə nəzərdə tutulan əmək haqqının ödənilməsinə göstəriş verilməsini xahiş etmiş, əks halda məhkəmədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı buraxılmış müddət üçün əmək haqqının ödənilməsi barədə iddia qaldıracağını bildirmişdir. Həmçinin onun bərpa edildiyi Daşkəsən rayonu, F.Ələsgərov adına Kəmərqaya kənd tam orta məktəbinin direktor vəzifəsi Daşkəsən Təhsil Şöbəsi tərəfindən vakant iş yeri kimi elektron bazada yerləşdirilməsini qeyd etmişdir. Yuxarıda göstərilənlərə əsasən, o hazırda Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru olduğu bildirmiş və öz iş yerinin vakant olması barədə elektron bazada olan məlumatın ləğv edilməsini və bazadan silinməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxx 2018-ci il tarixli, F-372 saylı əmrinin surətinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli, 11/974 nömrəli əmrinin X2 işdən azad edilməsinə aid hissəsi ləğv edilmiş, İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətinə əsasən xx xxx 2018-ci il tarixli, F- 372 saylı əmrinə əsasən İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmuş və qərar icra edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətinə əsasən təhsil nazirinin xx xxx 2018-ci il tarixli, F-372 saylı əmrinə əsasən İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmuş və qərar icra edilməsi üçün rayon təhsil şöbəsinə göndərilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, İ-271/06/09-24 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə cavab olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxx 2018-ci il tarixli, F-372 nömrəli əmri ilə İddiaçı iş yerinə bərpa barədə qərar qəbul edilmiş və Daşkəsən Rayon Təhsil Şöbəsinə məlumat verilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, İ-868/2/09-2 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə cavab olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxx 2018-ci il tarixli, F-372 nömrəli əmri ilə İddiaçı iş yerinə bərpa barədə qərar qəbul edilmiş və Daşkəsən Rayon Təhsil Şöbəsinə məlumat verilmişdir; Məhkəmə iddiaçının «F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə faktiki bərpa edilməsi» barədə tələbinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi əsassızdır. Belə ki, İddiaçı əmək fəliyyətinin faktiki olaraq icrasına xx.xx.2020-ci il tarixindən başlaması işin mübahisəsiz halıdır. İddiaçının da məhkəmə iclasında qeyd etdiyi kimi o hazırda F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Belə olduğu halda, iddaçının bu hissədə hər hansı bir əmək hüququ pozulmamışdır. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. İddiaçının iddiasına ilk növbədə, onun işə faktiki bərpa edilməsi müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olub-olmadığı kontekstində qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan, iddiaçının faktiiki işə bərpa olunması ilə bağlı cavabdeh tərəfindən hüququ pozulmamış, hazırda F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Buna görə də, iddia tələbi həmin hissədə rədd olunmalıdır. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, işdən azad olunduğu xx.xx.2016-cı il tarixdən işə bərpa olunduğu xx.xx.2020-ci il tarixədək məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin «əmək haqqı alacağı tarixədək olan müddətə buraxılmış müddət üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən alınaraq ona ödənilməsi» tələbinə münasibətdə qeyd edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. İddiaçı 2-1(83)-578/2017 saylı mülki iş üzrə tələbinə baxılarkən məcburi işburaxmağa görə əmək haqqı tələbi olmamış, bundan sonra iddiaçınnı bildirdiyinə görə 2019-cu ilin oktyabr ayında Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(114)-167/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin 3 bəndinin tələbləri baxımından bilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxx 2018-ci il tarixli, F-372 nömrəli əmri ilə İddiaçı iş yerinə bərpa barədə qərar qəbul edilmiş, lakin iddiaçı əmək funksiyalarını faktiki olaraq xx xxx 2020-ci il tarixindən icra etməyə başlamış, (işin mübahisəsiz halı), iddiaçının digər məhkəmə mübahisələrində də əmək haqqının ödənilməsi ilə bağlı tələbi olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Məhkəmə eyni, zamanda iddia tələbinin “poçt xərclərini, məhkəmə iclaslarında iştirak üçün gediş-gəliş xərclərini, vəkil xərclərinə görə 5.000 (beş min) manat, mənəvi ziyan olaraq 30.000 manat pulun kompensasiya şəklində alınıb ona verilməsi, iddiaçı işsiz qalmağı ilə əlaqədar kredit götürməyə məcbur olduğundan 1530 manat pulun cavabdehdən alınıb ona ödənilməsini”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də rədd edilməlidir. Belə ki, hazırkı pul tələbləri törəmə hüquq münasibəti olub, qeyd edilən “işə bərpa və əmək haqqı” tələbindən törənmişdir. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1928/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1928/2020
27.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver