Məhkəmə qərarları › İş №2(005)-1930/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1930/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1930/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı Gasanov Shakhinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gasanov Shakhinin Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gasanov Shakhin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin boşaldılması, təhvil verilməsi, əşyaların mənzildən kənarlaşdırılması, ailənin təcili yerləşdirilməsinə şərait yaradılması, ailənin və onun keçirdiyi iqtisadi və mənəvi əziyyətə görə, mənzilin kirayəsi sahəsindəki çəkdiyi ziyana görə 1000 manat təzminat ödənilməsi, məhkəmənin müəyyən etdiyi vaxta kimi mənzil boşaldılmazsa Cavabdeh haqqinda mövcud qanunvericiliyə uyğun tədbir görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən razılaşmasına və mövcud qaydalara uyğun olaraq, kombi və mətbəx mebeli saxlanılmaqla cavabdehə məxsus qalan bütün əşyaların cavabdeh tərəfindən çıxarılmasını, dekabr ayından mənzilin təhvil verilməli olmasına baxmayaraq, mənzilin vaxtında təhvil verilmədiyinə və əşyaların mənzildən çıxarılmadığına görə vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 101,3 kv.m olan 3 otaqlı mənzili alqı-satqı yolu ilə, notariat sənədləşmə qaydasında xx.xx.2023-ci il tarixdə almışdır. Sənədləşmə Bakı şəhəri 3 saylı notariat ofisində aparılmış və Cavabdeh mənzili boşaldıb, 1 ay müddətində alıcı İddiaçıŞ təhvil verməyi rəsmi qaydada üzərinə götürmüşdür. Lakin notariusun təyin etdiyi vaxtdan 3.5 ay keçməsinə baxmayaraq Cavabdeh mənzili boşaltmaq istəmir. Mənzildə olan köhnə və yararsız, 10 illərlə istifadə olunmuş əşyalar üçün 12500 man pul tələb edir, əks halda mənzildə olan mətbəx mebelini, istilik sistemini və sair avadanliqlari sökməyə cəhd göstərir. Binanın mühafizəçiləri və digər qonşular izah edirlər ki, heç zaman, heç vaxtı mətbəx avadanlığı, istilik sisteminin sökülməsinə icazə verilmir. Eyni zamanda alqı-satqı zamani CavabdehR ilə razılığa gəlmişdilər ki, əşya və avadanlıqlara toxunulmayacaq. Bunlara baxmayaraq satıcı şərt qoyur ki, onun köhnə əşyalarını onun təyin etdiyi qiymətlərlə almasalar o, mənzilin içərisini söküb bərbad hala salacaq, onun istədiyi məbləği verməsələr əşyalari çıxarmayacaq. Bilir ki, bu əşyalar sökülüb çıxarılsa heç nəyə yaramayacaq. Olduqca çətin bir insana rast gəlmişdir, 3-4 aydır ki, aldığı mənzilə ailəsini yerləşdirə bilmir, sınıq-salxaq mebelləri oradan çıxarmaq mümkün olmur, şərəf və ləyaqəti tapdalanır. Mənzili o ayda ***-**** manata kirayəyə də verə bilərdi, həm də bu gəlirdən məhrum olmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı məhkəmədən vasitə kimi istifadə edərək cavabdehin 2-3 əşyasını verməklə evdə qalan digər əşyalarını məhkəmə vasitəsilə mənimsəmək istəyir. İddia tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh alqı-satqı müqaviləsinin bağlanmasından bir müddət sonra iddiaçı ilə razılaşaraq evin açarını iddiaçıya təhvil vermiş və iddiaçı cavabdehə evdən əşyalarını götürməyə şərait yaradacağına söz vermişdir. Lakin iddaçı verdiyə sözə əməl etməyərək cavabdehin evdə qalan əşyalarını cavabdehə təhvil verməkdən boyun qaçırmışdır. Belə ki, daha sonra iddiaçı bildirmişdir ki, guya evi əşyaları ilə birgə əldə etmişdir. Lakin bu tamamilə əsassızdır. İddiaçının diqqətinə çatdırılıb ki, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin şərtlərində belə bir müddəa nəzərdə tutulmamışdır. Tərəflər arasında bununla bağlı müqavilə olmadığı üçün iddiaçı cavabdehin həmin evdə qalan əşyalarını özgəninkiləşdirə, mənimsəyə bilməz. Məhkəmə prosesində iddiaçıya cavabdehə məxsus əşyaların evdən götürülməsinə şərait yaratmasını xahiş etsələr də, iddiaçı məhkəmə prosesində də həmin əşyaları təhvil verməkdən imtina etmişdir. Beləliklə o, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və ziyanın ödənilməsi” tələbinin əsassız hesab edilməsini və iddianın rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Gasanov Shakhinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, qarşı tərəflə aralarında alqı-satqı müqaviləsi bağlanarkən evdən hansı əşyaların çıxarılıb-çıxarılmayacağını da müzakirə etmişlər. Cavabdehə məxsus olan səs yazısını da məhkəməyə təqdim etmişlər. Səs yazısında da kombi və mətbəx mebelinin evdə qalacağı bildirilir. Cavabdeh evdə olan digər köhnə mebellərə görə 12500 manat qiymət müəyyən etmişdi. Onlar həmin qiymətlə razılaşmayıblar. Çünki əşyalar üçün müəyyən edilmiş qiymət yüksək idi. Bundan sonra cavabdeh mebelləri almalarını, almadıqları təqdirdə mətbəx mebelini də sökəcəyini bildirdi. Halbuki, onlara mətbəx mebeli və kombinin evdə qalacağını demişdi. Əvvəlcədən əgər cavabdehin mətbəx mebeli və kombini sökmək istəyəcəyini bilsəydilər, evi almağa razılaşmazdılar. Nələri alıbalmayacaqlarını danışıb həll etmişdilər. Heç kim ev alıb-satanda mətbəx mebeli və kombini sökmür. Mənzilin açarı 20 yanvar tarixində verilib. Açarın yalnız birini onlara vermişdi, digərini özündə saxlamışdı. 3 ay vaxt keçməsinə baxmayaraq onlar evdən istifadə edə bilmirlər. Cavabdeh köhnə mebelləri evdən çıxarmaq istəmir. Çünki həmin mebelləri sökmək və evdən aparmaq üçün də xərc lazımdır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, evi o, 290000 manata satmaq istəyirdi. Qarşı tərəf ona demişdir ki, qiymətdə güzəştə getsin və o da mebelləri alsın. Evi 285000 manata satdı. Evi satan zaman mətbəx mebeli, kombi və cam balkonun yeni olduğunu bildirmişdi. O, evdə olan digər mebelləri çıxarmaq istəmir. Çünki onları çıxarmaq üçün də əlavə xərc lazımdır. Yanvar ayının 20-də açarı ondan götürüblər. İddiaçı ona bildirmişdir ki, o, Moskvadan gəlib mebellərə baxdıqdan sonra razılaşarlar. Mətbəx mebeli və istilik sistemini yeni quraşdırmışdır. Mətbəx mebeli üçün 7000 manat xərc çəkmişdir. Bundan başqa balkonun bağlanması da üçün xərc çəkmişdir. O, qarşı tərəfə bildirmişdir ki, mebelləri aparsa hamısını aparacaq, əgər aparmasa bütün mebellər evdə qalacaq. Çünki onun üçün vacib olan mətbəx mebelidi, yeni quraşdırılan kombidir. Bundan başqa isə o, su filtri üçün də pul ödəmişdir. Mətbəx mebeli yenidir, buna görə də onu qoyub digər mebelləri evdən çıxara bilməz. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzili “Alıcı” Gasanov Shakhinin mülkiyyətinə verməyi, “Alıcı” Gasanov Shakhin isə mənzilin dəyəri olan 287000 manat məbləğində pulu “Satıcı” Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1033, ünvan 3 ünvanında yerləşən mənzil Gasanov Shakhinin xüsusi mülkiyyəti olaraq xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır; - İddiaçı tərəfindən təqdim edilmiş səs yazısı ilə müəyyən olunur ki, cavabdeh mətbəx mebeli, kombi, çöldəki böyük güzgü kimi əşyaların evdə qalacağını, kombini heç kimin sökmədiyini, eyni zamanda evdəki əşyaları yarı qiymətinə verdiyini, istəməzsə özünün götürəcəyini qarşı tərəfə bildirir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda iddiaçı mətbəx mebeli və kombi istisna olmaqla mənzildən cavabdehə məxsus olan əşyaların çıxarılmasını və dəymiş mənəvi zərərin ödənilməsini xahiş edir. Cavabdeh isə əşyaların iddiaçı tərəfindən təhvil verilməsindən imtina edildiyinə, həmçinin kombi və mətbəx mebeli daxil olmaqla mənzildə olan əşyaların ona məxsus olduğuna istinad edərək iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh özünə məxsus əşyaları iddiaçı Gasanov Shakhinə məxsus mənzildə saxlamaqla ona mülkiyyətçi kimi öz hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Bu hal iddiaçını şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının mətbəx mebeli və kombinin saxlanması tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mətbəx mebeli vahid şəkildə deyil, müəyyən hissələrdən ibarət olmaqla mətbəxin ölçülərinə uyğun şəkildə sifariş edilir və divara bərkidilməklə yığılır və əsasən həmin mətbəx üçün yararlıdır və adətən irəli sürülən tələblərə görə mənzil satıldıqda mənzillə birlikdə alıcıya təhvil verilir (həmin əşyalar fərdi müəyyən əşyalar hesab olunur). Kombi də eyni qaydada divara bərkidilmiş şəkildə saxlanılan əşyadır. Həmçinin təcrübədə də mənzilin alğı-satqısı zamanı bu əşya adətən alıcıya mənzillə birlikdə təhvil verilir. Tərəflər arasındakı danışıqlardan da müəyyən olunur ki, Cavabdeh iddiaçıya evi satan zaman kombi, mətbəx kimi əşyaların sökülməyəcəyini, əşyaları isə yarı qiymətinə istəyirsə satacağını, istəmirsə evdən çıxaracağını bildimişdir. Göstərilənlərə əsasən, məhkəmə daşınmaz əmlakın alğı-satqısı zamanı formalaşmış mövcud təcrübəni və adətən irəli sürülən tələbləri, eləcə də alğı-satqı müqaviləsində ayrı qaydanın müəyyən edilmədiyini, tərəflər arasında yazışmaları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, mətbəx mebeli və kombi saxlanılmaqla, cavabdehə məxsus qalan bütün əşyalar cavabdeh tərəfindən çıxarılmalıdır. Mülki Məcəllənin 568.2 və 590-cu naddələrinə uyğun olaraq, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını da verməyə borcludur. Satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur. İddiaçının mənəvi ziyana görə 500 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının evində cavabdehə məxsus olan əşyaların qalması nəticəsində onun müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində iddiaçının rahat şəkildə mənzildən istifadə etmək imkanından məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 300 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Belə ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 11-ci bəndinə görə, “Satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcıdan bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2023-cü il tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Tərəflərin izahatlarından görünür ki, evin açarı iddiaçıya 2024-cü ilin yanvar ayının 20-də verilmişdir. Həmçinin cavabdeh tərəfindən əşyalar bugünədək mənzildən çıxarılmamışdır. Qeyd edilənlər cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi iztirab çəkdiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Gasanov Shakhinə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən kombi və mətbəx mebeli saxlanılmaqla cavabdehə məxsus qalan bütün əşyalar Cavabdeh tərəfindən çıxarılmalı, Gasanov Shakhinə dəymiş mənəvi zərərin əvəzi kimi 300 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 400 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Gasanov Shakhinə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən kombi və mətbəx mebeli saxlanılmaqla cavabdehə məxsus qalan bütün əşyalar Cavabdeh tərəfindən çıxarılsın. İddiaçı Gasanov Shakhinə dəymiş mənəvi zərərin əvəzi kimi 300 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Gasanov Shakhinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar